22 Dekabr 2024, Bazar

Reabilitasiya şöbəsi Naxçıvan Muxtar Respublika Xəstəxanasında yeni yaradılmış sahələrdən biridir. Şöbədə bütün növ  elektroterapiya, lokal traksiya, lazer terapiya, limfodrenaj, maqnitoterapiya, hidroterapiya, ozonoterapiya, hidrokolonoterapiya üsulları ilə müalicələr aparılır.

Naftalan nefti ilə müalicə bölməsi bu günlər ən çox üz tutulan sahələrdən biridir. Əsaslı təmir və yenidənqurma işlərindən sonra 300 çarpayılıq xəstəxanada Naftalan nefti ilə müalicə bölməsi də yenidən qurulub. Məlum olduğu kimi, bu səhiyyə müəssisəsinə xammal Naftalan şəhərində fəaliyyət göstərən sanatoriyatipli müalicə ocaqlarından gətirilir. Həmin müalicə-istirahət mərkəzləri insanların sağlamlığında mühüm rol oynayır. Təbii ki, bəzi insanların Naftalan nefti ilə müalicə olunmağa getmək imkanlarının məhdudluğundan 2004-cü ildə Naxçıvan Muxtar Respublika Xəstəxanasında Naftalan nefti ilə müalicə şöbəsi fəaliyyətə başlayıb. Müasir tibbi avadanlıqlar quraşdırılmış şöbədə hər ay onlarla xəstə müalicə olunur, sağlamlığına qovuşur. Naxçıvan Muxtar Respublika Xəstəxanası Reabilitasiya şöbəsinin müdiri, həkim-fizioterapevt Fazil Fərzəliyev söhbət zamanı fizioterapiya, hidroterapiya və Naftalan nefti ilə müalicə bölməsinin fəaliyyəti, aparılan müalicə formaları barədə ətraflı məlumat verdi. Bildirdi ki, Azərbaycan nadir yeraltı və yerüstü sərvətlərlə, neft və qaz ehtiyatları ilə zəngin bir ölkədir. Bunlardan biri də Naftalan neftidir. Qara-qonur rəngli Naftalan nefti müalicəvi xüsusiyyətlərinə görə dünyada məşhurdur. Naftalan nefti fiziki-kimyəvi xassəsinə görə başqa neftlərdən fərqlənir. Tərkibində xeyli miqdarda qətran (14 faiz) olması və su ilə möhkəm emulsiya əmələ gətirməsi Naftalan neftinin üstünlüklərindən biridir.

Hələ qədimdən indiyə kimi saysız-hesabsız xəstə bu neftin şəfaverici keyfiyyətindən bəhrələnib. Naftalan nefti güclü ağrıkəsici, iltihab əleyhinə, damargenişləndirici, hormonabənzər, antiseptik təsirlərə malikdir. Naftalan vannasının temperaturu 37-38C0-dir. Xəstənin qalma müddəti 10 dəqiqə, müalicə kursu 10-12 gündür. 70-dən çox xəstəliyin müalicəsində tətbiq olunan Naftalan nefti vannalara doldurulur. Xəstələr neft vannası qəbul edərək müalicə olunurlar. Sümük-oynaq, sinir-əzələ, dəri, ginekoloji, uroloji xəstəliklərə tutulanlar Naftalan müalicəsini qəbul edirlər. Bu xəstəliklərin siyahısını uzatmaq da olar. Naftalan nefti insanları ağrılardan xilas edir, dəri xəstəliklərini sağaldır, əsəbləri sakitləşdirir və dərini yumşaldır. Xəstəxananın Naftalan bölməsində gigiyenik qaydalara ciddi əməl olunması üçün lazımi şərait yaradılıb. Qeyd edək ki, şöbədə təbii üsullarla – dərman bitkiləri ilə də müalicə aparılır. Burada Naxçıvan ərazisində bitən müxtəlif müalicəvi otlardan geniş istifadə edilir. Təbii müalicə üsulunun tətbiqi insan orqanizminin digər üzvlərinə heç bir zərər vermədən ehtiyac olan müalicəni həyata keçirməyə imkan verir. Blokada şəraitində yaşayan Naxçıvana ölkənin digər ucqar regionundan müalicəvi Naftalan neftinin gətirilməsi xeyli vaxt və vəsait tələb edir. Ancaq insan amilinə qayğı belə çətinliklərə üstün gəlib.
Həkim onu da bildirdi ki, bütün bu müalicəvi xüsusiyyətlərinə baxmayaraq, Naftalan neftindən düzgün istifadə etmədikdə zərər görmək olar. Çünki bəzi ciddi xəstəliyi – oynaqların kəskin xəstəlikləri, mərkəzi sinir sisteminin üzvi xəstə­likləri, kəskin ginekoloji xəstəliklər, hər hansı üzvün vərəmi, gərginlik stenokardiyası, kəskin böyrək və qaraciyər xəstəlikləri olanlar üçün bu vannaların qəbulu əks göstəricidir. Odur ki tam, dəqiq həkim müayinəsindən keçmədən Nafta­lan vannası qəbul etmək məsləhət görülmür.
“Naxçıvan Muxtar Respublikasının ərazisində 200-dən çox mineral su bulağı, şəfa qaynaqları vardır. Darıdağ, Sirab, Nəhəcir, Badamlı, Əshabi-Kəhf, Cəhri, Qahab, Dəstə və başqa yataqlar öz xüsusiyyətləri ilə fərqlənir. Naxçıvan- Sədərək magistralının birinci kilometrində yerləşən Şorsu da belə müalicə qaynaqlarından biridir”, – deyən Fazil Fərzəliyev diqqətimizə çatdırdı ki, bu növ palçıq qrupu son dərəcə balneoloji hidromineral ehtiyatdır. İnsan orqanizminə müalicəvi təsir edən Şorsu palçığından əvvəllər kortəbii şəkildə müalicə məqsədilə istifadə edilib. İndi isə fizioterapiyanın bir metodu kimi periferik sinir sisteminin, dayaq-hərəkət sisteminin, damar, ginekoloji, bir sıra dəri xəstəliklərinin və yanıqlardan sonrakı fəsadların müalicəsində istifadə olunur.
Xəstəxananın Reabilitasiya şöbəsinin elektroterapiya və medikal fitnes bölməsi müasir cihazlarla təchiz olunub. Fizioterapiya ilə müalicənin üstünlükləri ondan ibarətdir ki, dərman xəstəliyi və allergiya törətmir, müalicə imkanlarını genişləndirir, müalicə müddətini qısaldır.
Xəstəxanada ozonoterapiya yeni sahələrdən biridir. Ozonoterapiya zamanı toxumaların oksigen təminatı artır, mikrosirkulyasiya yaxşılaşır, yeni damar və kapilyarlar qan dövranına qoşulur, qanın reoloji xüsusiyyətləri yaxşılaşır, qanyaranma sürətlənir, orqanizmin immun sistemi aktivləşir. Bütün bunlardan əlavə, ozonun bakterisid, virusid və fungisid təsirləri var. Antiseptiklərdən fərqli olaraq ozon toxumalara qıcıqlandırıcı və dağıdıcı təsir göstərmir. Bu da orqanizmin özünün antioksidant sistemlərə malik olması ilə əlaqədardır.
Lazer terapiyası isə lazer şüalarının müalicə-profilaktika məqsədi ilə istifadə olunmasıdır. Orqanizm toxumaları tərəfindən lazer şüaları dərin qatlara yayılaraq bioloji toxumaların molekulyar kompleksini aktivləşdirir. Lazer terapiyanın effekti özünü fermentlərin aktivləşməsi ilə büruzə verir. Lazer terapiyanı bilavasitə proses nahiyəsinə yox, refleksogen zonalara təsir etməklə aparmaq olar.
Həkim onu da vurğuladı ki, maqnitoterapiya sabit, aşağı tezlikli dəyişən və sabit impulslu maqnit sahəsinin müalicə və profilaktika məqsədilə istifadə olunmasıdır. Uzunmüddətli sabit maqnit sahəsinin təsiri nəticəsində membranların keçiriciliyinin dəyişməsi hüceyrələrin plazmolemmasını sabitləşdirir. Dəyişən aşağı tezlikli impuls maqnit terapiyası toxumalarda burulğanlı elektrik sahəsi induksiyalaşdıraraq yüklü hissəciklərin dairəvi hərəkətini törədir.
Termoterapiyada qızdırılan parafin, istilik yastıqları, elektrik lampalarından istifadə olunmaqla toxumalara istilik verilir. Termoterapiya toxumalarda mikrosirkulyasiyanı və maddələr mübadiləsini yaxşılaşdırır, iltihab əleyhinə təsir göstərir.
Parafinterapiya tənəffüs sisteminin kəskin və xroniki xəstəlikləri, 1-ci, 2-ci dərəcəli revmatizm, həzm sistemi, dayaq-hərəkət sistemi xəstə­likləri və digər hallarda həyata keçirilir.
Reabilitasiya şöbəsində digər müalicə üsulları da uğurla tətbiq olunur. Şöbə ixtisaslı həkim və orta tibb işçiləri ilə təmin edilib, onların peşə bacarıqlarının yüksəldilməsi daim davam etdirilir. Təcrübəli, gülərüz və mehriban kollektiv insanların sağlamlığının bərpası və qorunması üçün əlindən gələni əsirgəmir.

Hüseyn ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR