22 Dekabr 2024, Bazar

Bu, müalicəxanada tibbi xidmət göstərilməsi üçün yaradılan yüksək şəraitin nəticəsidir

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə müalicəvi suların olduğu yerlərdə səhiyyə ocaqlarının, sanatoriyaların tikilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Lakin ötən əsrin 90-cı illərinin əvvəllərində belə səhiyyə müəssisələrinin də fəaliyyyəti dayandırılıb. Ulu öndərimizin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik və iqtisadi inkişaf təbii üsullarla müalicə məqsədilə inşa olunmuş səhiyyə ocaqlarının da yenidən qurulmasına geniş imkanlar açıb. Ölkəmizin ayrı-ayrı regionlarında olduğu kimi, muxtar respublikamızda da bu istiqamətdə kompleks tədbirlər həyata keçirilib, yeni səhiyyə ocaqları ilə yanaşı, təbii üsulla müalicə məqsədilə yaradılmış Duzdağ Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanası yenidən qurularaq istifadəyə verilib. Bu da, təbii ki, ölkə vətəndaşları ilə yanaşı, xarici ölkələrdən gələnlərin də sağlamlığının bərpa olunmasında mühüm rol oynayıb, müalicə turizminin inkişafına geniş imkanlar açıb. 

 “Mineral suların təbii muzeyi” adlandırılan Naxçıvanda 200-dən artıq mineral və müalicəvi su mənbəyi vardır ki, bunlardan bir çoxu tərkibinə görə nadir sulardan hesab olunur. Böyük debitə malik olan yeraltı sərvətlərdən biri də Darıdağ arsenli mineral suyudur. Culfa şəhərindən 8-9 kilometr şimal-şərqdə, Darıdağın sıldırım yamacları arasında, dəniz səviyyəsindən 800-900 metr hündürlükdə yerləşən Şorsu dərəsində “Şəfa bulağı” adlanan əraziyə yaxınlaşdıqda quruculuq ərməğanlarının təbiət görüntüləri ilə həmahənglik təşkil etdiyi ecazkar bir mənzərə ilə qarşılaşırsan. Naxçıvan-Ordubad magistralından müalicəxanayadək olan avtomobil yolu asfalt-beton örtük salınmaqla yenidən qurulub, burada yeni bina tikilib, müalicə olunanların istirahəti üçün hərtərəfli şərait yaradılıb. 

Darıdağ Arsenli Su Müalicəxanasının direktoru Zəfər Məmmədov bizimlə söhbətində bildirdi ki, 32 kəşfiyyat quyusundan və 5 bulaqdan ibarət olan arsenli su bir çox xəstəliklərin sağalmasında mühüm rola malikdir. Darıdağ arsenli suyunun araşdırılması hələ 1830-cu ildə Q.Boskoboynikov, 1868-ci ildə Arxilov və Sulkidze tərəfindən aparılıb, 1928-ci ildə isə Lanqvaqren bu suyun geoloji kəşfi ilə yanaşı, kimyəvi tərkibini də öyrənib. Sonralar da Darıdağ suyunun kimyəvi, fiziki, balneoloji, müalicəvi və başqa xüsusiyyətləri Azərbaycan Elmi-Tədqiqat və Fiziki-Təbii Amillərlə Müalicə İnstitutunun, Azərbaycan Dövlət Tibb Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyasının Təbii Amillərlə Müalicə Bölməsinin əməkdaşlarından akademik M.Qaşqay, A.Qarayev, professor Ə.Əsgərov, M.Əfəndiyev, Ş.Həsənov və başqaları tərəfindən ətraflı öyrənilib. Son dövrlərdə isə professor Ə.Musayev öz təcrübələrində aşkar edib ki, Darıdağ arsenli isti suyunda müalicə olunan xəstələr üçün müəyyən edilmiş bir seansın müddəti 10-12 dəqiqədən artıq olmamalıdır. Əks halda, ürək qan damarlarının genişlənməsi baş verər. Darıdağ suyu karbonqazlı, mərgümüşlü, yüksək minerallaşdırılmış xlorlu-hidrokarbonatlı-natriumludur: Kudova (Polşa), Dürkgeym (Almaniya), Sineqorsk (Saxalin) sularının analoqudur. Lakin suyun tərkibindəki mineral duzların mütənasibliyi ilə Darıdağ suyu onlardan üstündür.
İnsan orqanizmində elə bir toxuma, üzv və sistem yoxdur ki, bu su ona müalicəvi təsir göstərməklə onun iş qabiliyyətinin bərpasına səbəb olmasın. Darıdağ suyu qanyaradıcı xüsusiyyətə malik olub, qandövranı üzvlərinin fəaliyyətinə müsbət təsir edərək periferik qanın morfoloji tərkibini yaxşılaşdırır – leykositlərin faqositoz qabiliyyətini artırır, qan­azlığını aradan qaldırır. Daxili ifrazat sistemini fəallaşdırır, vegetativ sinir fəaliyyətini gücləndirməklə mədə, qaraciyər, böyrək və ürək əzələsində mübadiləni sürətləndirərək onların funksional vəziyyətini normallaşdırır. Bu xüsusiyyətlərinə görə Darıdağ suyu mədə, öd kisəsi, qaraciyər və vegetativ sinir sistemi ilə əlaqəli başqa xəstəliklərin müalicəsində də geniş tətbiq edilir. Darıdağ suyunun maddələr mübadiləsinə təsirini öyrənən bir çox alimlər onun mübadilə pozğunluğundan yaranan artritlərə müalicəvi təsirini sübuta yetiriblər. Suyun təsirindən yaraların çirkdən tez təmizlənməsini, çətin sağalan yaraların qısa müddətə, həm də çapıqsız sağalmasını həkimlər onun antiseptik, faqositar və bakteriosit qabiliyyəti ilə əlaqələndirirlər. Müəyyən edilibdir ki, mərgümüşün litium, brom, maqnezium, radioaktiv elementlər və başqa əhəmiyyətli maddələrlə müştərək təsiri maddələr mübadiləsinin bərpasına, periferik sinir sisteminin fəallaşmasına müsbət təsir göstərir.
Darıdağ suyundan hələ qədim zamanlardan kustar şəkildə sümük-oynaq, əzələ sistemi xəstəliklərində, o cümlədən “duzlaşma” adlanan patologiyalar və onun müxtəlif fəsadlarında geniş istifadə edildiyini bildirən müəssisə direktoru onu da qeyd etdi ki, 1978-ci ildən fəaliyyətə başlayan Darıdağ Arsenli Su Müalicəxanası 2005-ci ildə müasir tələblərə uyğun yenidən qurularaq istifadəyə verilib. Həkim, müayinə otaqları və qapalı hovuzlardan ibarət olan müalicəxanada xəstələrin müayinəsi, müalicəsi və istirahəti üçün hərtərəfli şərait yaradılıb. Həkim və müayinə otaqları yeni mebel dəstləri ilə təchiz edilib, hovuzlarda döşəməyə mərmər plitələr düzülüb, havalandırma və işıqlandırma sistemləri quraşdırılıb. Müalicəxanada sanitar-gigiyenik qaydalara ciddi əməl olunur, hovuzların vaxtında təmizlənməsi diqqət mərkəzində saxlanılır. 1080 metr dərinlikdən çıxan 5 nömrəli bulaqdan arsenli su borular vasitəsilə qadın və kişilər üçün ayrı-ayrı qapalı hovuzlara nəql edilir. Bulağın gözündə suyun hərarəti 52 dərəcə, vannalarda isə 37-41 dərəcə olur. Burada arsenli su vannası qəbul etməklə revmatik, dəri, əzələ, sinir və dayaq hərəkət sistemləri xəstəliklərinin ambu­lator müalicəsi aparılır. Müalicə müddəti gündə 10-12 dəqiqə olmaqla, 12-14 gündür. Darıdağ suyunun müvafiq qaydalara uyğun şəraitdə qablaşdırılmış və qurudulmuş formaları öz kimyəvi sabitliyini (tərkibini) saxladığı üçün mənbədənkənar müalicə müəssisələrində, hətta ev şəraitində də istifadəsinin mümkünlüyü onun dəyərini daha da artırır.
Bu tibb ocağında müalicə olunanlarla həmsöhbət olduq. Bakı şəhər sakini Nəzrin Bədəlova aşağı ətraflarda şiş, dəridə ləkə, ağız boşluğunda diş ətinin qanaxmasından əziyyət çəkdiyini və ikinci ildir ki, bu müalicəxananın xidmətlərindən istifadə etdiyini, müalicənin də yaxşı nəticə verdiyini bildirdi. Sumqayıt şəhər sakini Aybəniz Behbudova isə dedi ki, oynaq ağrıları ilə əlaqədar birinci dəfədir, buraya gəlir. Dördüncü gündür vanna qəbul edir. İlkin nəticələrə görə, səhhətində olan problemlərin aradan qalxacağına inanır. Söhbətimizə qoşulan Elçin Əliyev bildirdi ki, əslən qarabağlıyam. Hazırda Xəzər rayonunun Mərdəkan qəsəbəsində yaşayıram. Qızım Ayselin dəri-sinir toxumalarının allergiyası xəstəliyi ilə bağlı Darıdağ Arsenli Su Müalicəxanasına müraciət etdik. Qızım beşinci gündür ki, müalicə alır, çox gözəl nəticəsi olub. Rusiya Federasiyasının Arxangelsk vilayətindən gələn Nikolay, Lida və Julya Mamoyevlər isə revmatit poliartrit xəstəliyi ilə əlaqədar üçüncü gündür ki, vanna qəbul etdiklərini bildirdilər və ilkin nəticələrdən razılıqlarını ifadə etdilər. Elə digər müalicə olunanlar da yaradılan şəraitə, göstərilən qayğıya görə minnətdarlıqlarını bildirdilər.
Onu da qeyd edək ki, müalicəxananın xidmətlərindən istifadə edən xarici ölkə vətəndaşları da az deyil. Cari ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz çox, 2 min 454 vanna qəbulu olub ki, bunun da 139-u Türkiyə, İran, Rusiya, Yaponiya və Qazaxıstandan gələn xəstələr tərəfindən qəbul edilib. Müalicəxanaya müraciət edənlərin sayı ildən-ilə artır. Bu məqsədlə müalicəxanada daxili imkanlar hesabına hər il cari təmir işləri aparılır, buraya müraciət edənlərin daha yaxşı müalicəsi və istirahəti təmin edilir.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR