22 Dekabr 2024, Bazar

Reportaj

Duzdağ Fizioterapiya Mərkəzi barədə çoxdan idi ki, reportaj ­hazırlamaq istəyirdim. Bunun üçün bir gün bu şəfa ocağında qalmaq, dünyada, demək olar ki, bənzəri olmayan mərkəzin həkim heyəti və burada müalicə alan xəstələrlə görüşüb, onlarla söhbət etmək niyyətində idim. Nəhayət, ötən günlərdə Duzdağ Fizioterapiya Mərkəzinə gedə bildim... 

Soraqlaşıb öyrəndim ki, hər gün saat 1700-da, 1800-da və 1830-da Naxçıvan şəhərindən mərkəzə, oradan isə hər səhər saat 700-da, 800-da və 830-da Naxçıvan şəhərinə avtobus marşrutları hərəkət edir. Marşrutun keçdiyi yerləri və dayanacaqlarını da öyrəndim. Naxçıvan Muxtar Respublika Xəstəxanasının, Mərkəzi Uşaq Xəstəxanasının, Naxçıvan şəhərindəki avtovağzalın, Əliabad qəsəbəsinin yaxınlıqlarındakı dayanacaqlardan avtobusa minib şəfa ocağına getmək olar. Saat 1700-da hərəkət edən nəqliyyat vasitəsini seçdim. Avtovağzalın yanındakı dayanacaqda gözlədim. Bir azdan üzərində “Duzdağ” yazılan avtobus gəldi. Saata baxdım. Tam vaxtında gəlmişdi. Təəccüblənmədim. Çünki bu gün muxtar respublikanın sakinləri hər şeyin tam vaxtında olmasını artıq gündəlik yaşam tərzi kimi qəbul ediblər. Xarici qonaqlarımızın dili ilə desək, bu gün muxtar respublikada bütün işlər alman dəqiqliyi ilə aparılır, lazımi addımlar vaxtında atılır. Səmimi desək, bu işlər ancaq tanınmış Avropa ölkə­lərində belə olur.

Bəlkə də, ona görə buraya qonaq gələn həmkarlarımın bəziləri muxtar respublikaya “kiçik Avropa” deyirlər. Təbii ki, Naxçıvan şəhərinin və muxtar respublikanın bütün yaşayış məntəqələrinin abadlaşdırılması, hər tərəfin gül-çiçəyə qərq olması, təmizlik, səliqə-sahman və digər mühüm amillər də bu qənaətə gəlməyə əsas verir... Deyəsən, mətləbdən çox uzaqlaşdım...
Avtobusda ətrafa göz gəzdirdim və düşündüm ki, elə buradaca mərkəzdə müalicə alan xəstələrlə söhbət edim, təəssüratlarını öyrənim. Yanımda əyləşən 56 yaşlı Kazım Kərim­ovla söhbətə başladım. Öyrəndim ki, Kazım müəllim Ağstafa rayonunun Mollacəfərli kəndindən gəlib. İkinci dəfədir, Duzdağ Fizioterapiya Mərkəzində müalicə kursu qəbul edir. Onun sözlərinə görə, keçən il bu vaxtı çox ağır vəziyyətdə idi, nəfəs ala bilmirdi. Mərkəzdə üç gün qaldıqdan sonra bu problemdən xilas olub. Müalicədən sonra bir il özünü tam gümrah, sağlam hiss edib. Həkim məsləhəti ilə bu il yenə Duzdağa müalicəyə gəlib. Kazım Kərimov buranı həm şəfa ocağı, həm də ziyarətgah hesab edir. Onun fikrincə, əgər yüzlərlə insan burada şəfa tapırsa, onda ora bəşəriyyətin ziyarətgahı hesab edilə bilər. Duzdağ Fizioterapiya Mərkəzi də məhz belə bir məkandır.

Yol abad, söhbət şirin olduğuna görə, bir də baxdıq ki, mənzil başına çatmışıq. Avtobusdan düşdük. Budur, Duzdağ Fizioterapiya Mərkəzindəyik. Azərbaycanın qədim diyarı Naxçıvanın rəmzlərindən biri olan və təbii ehtiyatları 90 milyon ton təşkil edən nadir duz mağarasının şəfaverici xüsusiyyətinin aşkar olunması, həqiqətən də, bu gün minlərlə insanın ümid yerinə çevrilib. Astma xəstəliyinin müalicəsi üçün illərdən bəri primitiv üsullarla istifadə edilən mağara hazırda günün tələblərinə tam cavab verən müasir sağlamlıq mərkəzidir.
Duzdağ Fizioterapiya Mərkəzinin girişində qarşılaşdığımız baş həkim Ruslan Süleyman­ovla salamlaşırıq və bu barədə söhbət edirik. Ruslan həkim deyir ki, son vaxtlar şəfa ocağına müraciət edənlərin sayı xeyli artıb. Bu da səbəbsiz deyil. Çünki mərkəzdə bu gün çox geniş yayılmış tənəffüs yollarının qeyri-spesifik xəstəlikləri – allergik rinit, pollinoz, astmanın atopik, həmçinin infeksion allergik forması, eləcə də xroniki bronxitin müxtəlif formaları müalicə olunur.
Bu il ərzində 600-dək xəstə mərkəzə müraciət edib, onların 40 nəfəri xarici ölkə vətəndaşıdır. Onlar arasında Ukrayna, Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkiyə, İran, Fransa, Finlandiya, Çin, Gürcüstan, İsveçrə və digər ölkələrdən gələn xəstələr vardır. Baş həkim bildirir ki, biz 350 xəstəni eyni vaxtda qəbul edə bilərik: – Bizim çatışmayan heç nəyimiz yoxdur. Üç maşınımız var. Onlardan ikisi sanitar maşın, biri isə avtobusdur. Həmçinin xəstələrin muxtar respublikamızın gəzməli-görməli yerlərini, tarixi abidələrini, muzeylərini gəzmələri üçün həftənin 2-ci, 5-ci günləri Naxçıvan şəhərinə, eləcə də muxtar respublikanın rayonlarına ekskursiyalar təşkil edirik.
Ruslan həkimin sözlərinə görə, mərkəzdə spleoterapiya Ukraynanın Ujqorod xəstəxanasının metodik göstərişlərinə uyğun aparılır. Xəstələr əvvəlcə 2-3 gün xəstəxana ərazisinə adaptasiya olunurlar. Bundan sonra axşam saat 1800-dan səhər saat 800-dək böyüklər 16-20 seans, uşaqlar isə 10-15 seans yeraltı şöbədə olurlar. Müalicə başa çatdıqdan sonra böyüklərdə 70-75 faiz, uşaqlarda isə 90-95 faiz yaxşılaşma qeydə alınır. Böyüklərdə müalicə effektinin 75 faiz civarında olmasının səbəbi budur ki, onlarda uzun müddət davam edən xəstəliyin təsiri nəticəsində orqanizmdə bəzi fəsadlar ortaya çıxır. Belə olan halda xəstəlik sağalsa belə, həmin fəsadlar bir müddət özünü göstərir. Xəstələr şaxtada qalmaqla bərabər, lazım gələrsə, bəzi dərman preparatları, fizioprosedurlar alırlar, müalicəvi bədən tərbiyəsinə cəlb olunurlar.
Maraqlı məqam ondan ibarətdir ki, əgər müalicə olunan xəstə altı aydan və ya 1 ildən sonra təkrar müalicəyə gəlməsə, onda xəstəliyin kəskinləşməsi müşahidə edilir. Ona görə də birinci dəfədən xəstəliyin əlamətlərinin 100 faiz yox olması heç kəsi aldatmasın. Yəni səhlənkarlığa yol vermək olmaz. Müalicəni həkimin müəyyən etdiyi müddətdə aparmaq zəruridir. Uşaqlarda müalicə başladıqdan sonra 5-6 gündən, böyüklərdə isə 13-14 gündən sonra yaxşılaşma müşahidə olunur. Ola bilsin ki, yaxşılaşma 1 ay sonra özünü göstərsin. Əsas odur ki bu günədək müalicə müddətində xəstələr gündən-günə özlərini daha da yaxşı hiss edirlər. Xəstəliyin ağırlaşma halı isə indiyədək qeydə alınmayıb.
Xəstələrlə söhbət etmək üçün Ruslan həkimdən xahiş edirəm ki, onların palatalarında bir gecə qalmağıma icazə versin.
Fizioterapiya Mərkəzinin yeraltı hissəsini gəzirəm. Burada işıqlandırma sistemi yüksək səviyyədə qurulub. Mağaraya daxil olan kimi duzun spesifik iyini hiss edirsən. Sanki birdən-birə nəfəsalma asanlaşır. Yeraltı hissədə iki qadın, iki kişi, bir uşaq palatası var. Buradakı duz qatının qalınlığı 8,2 metrdir. Havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət isə 24-50 faiz arasında dəyişir. Mərkəzdə duz layları arasında oksigen havanın 20 faizini təşkil edir ki, bu da ağciyər xəstəliklərindən əziyyət çəkənlərə təbiətin bəxş etdiyi ən gözəl dərmandır. Duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər də orqanizmə müsbət təsir göstərir. Oksigen və zəngin duz minerallarının yaratdığı hava ağciyər xəstəlikləri – bronxial-astma və bu kimi xroniki xəstəliklərin müalicəsində müstəsna rola malikdir.
Onu da deyək ki, Polşanın Krakov şəhərində, Ukraynanın Ujqorod şəhərinin Solotvino qəsəbəsində, o cümlədən Qırğızıstanda da duz şaxtası var. Ancaq bizdəki Duzdağ öz müalicəvi əhəmiyyətinə görə digərlərindən bir neçə cəhətdən üstündür. Məsələn, bunlar arasında ən yaxşı müalicə ocağı kimi tanınan Ukraynadakı xəstəxana 206 metr yerin dərinliyində yerləşdiyindən xəstələr buraya liftlə enməli olurlar. Bu isə təzyiqin birdən-birə dəyişməsinə və xəstələrin səhhətinin pisləşməsinə gətirib çıxarır. Bu şaxtada rütubətin, partlayıcı gücə malik metan kimi zəhərləyici qazların normadan çox olması öz təsirini göstərir. Naxçıvandakı şaxtalar isə dağın altında horizontal şəkildə yerləşdiyindən bu kimi halların baş verməsi mümkün deyildir. Burada temperatur sabitdir, nisbi rütubət aşağıdır, havada zərərli qazlar yoxdur. Buraya gələn xəstələrin, təxminən, 300 metr məsafəni qət etməsi isə yeraltı şöbədəki havaya tədricən öyrəşmək imkanı yaradır.
Şaxtadakı skamyalarda əyləşən xarici ölkə vətəndaşlarına yaxınlaşıram. Məlum olur ki, onlar bura Rusiya Federasiyasının paytaxtı Moskva şəhərindən gələn Piliyevlər ailəsidir. Albert Timuroviç, Lipiya Safarbek­ovna və Madina Sultanovna burada onlar üçün yaradılan şəraitdən razılıqlarını ifadə edirlər, xidmətin yüksək səviyyədə olduğunu bildirirlər. “Duzdağ” otelində qaldıqlarını deyən qonaqlar qeyd edirlər ki, müalicə onlara çox yaxşı təsir göstərir, qısa zamanda səhhətlərində müsbət dəyişikliklər hiss ediblər. Onların fikrincə, Duzdağ Fizioterapiya Mərkəzinin müxtəlif dillərdə fəaliyyət göstərən internet saytı olsaydı, yəqin ki, bura daha çox xarici ölkə vətəndaşı müalicə üçün müraciət edərdi.
Moldovadan Raisa Antonovna və Rozvan Nikolyeviç, Özbəkistandan Nanə Əsgərova, Tacikistandan Dilrabo Yunusova, Türkiyədən Emine Özdemir, İrandan Mansor Amin və Mohsan Morofarizadə, Gürcüstandan Diləfruz Qurbanova da Duzdağ Fizioterapiya Mərkəzində aldıqları müalicənin müsbət nəticələrindən və qədim Naxçıvanın onları heyran etməsindən danışırlar. Bildirirlər ki, ölkələrində xəstəliklərinin sağalması üçün çox çalışıblar, ancaq xeyri olmayıb. Duzdağda isə elə bil gözəgörünməz bir qüvvə insana hər gün şəfa verir. Artıq onlar özlərini tam sağlam hiss edirlər. Ona görə də bu şəraiti yaradanlara dərin minnətdarlıqlarını bildirirlər.
Azərbaycanın müxtəlif rayonlarından gələn xəstələrlə də söhbət edirəm. Bəxtiyar Mustafayev Bərdə rayonundan gəlib, 40 yaşı var. Deyir ki, astma xəstəliyinə görə o, əvvəllər müxtəlif müalicə üsullarından istifadə edib. Ancaq heç bir təsiri olmayıb. Əksinə, bəzən xəstəliyi daha da ağırlaşıb. İlk dəfə 2014-cü ildə bura gəlib və həmin il artıq dərmanlardan istifadə etməyə ehtiyac qalmayıb. Həkim məsləhəti ilə ötən il və bu il növbəti müalicə kursları keçib. İndi özünü çox yaxşı hiss edir.
Balakən rayonundan Gülarə Xanlayeva da bildirir ki, o, astma xəstə­liyindən 20 ildir, əziyyət çəkirdi:
– Oğlum, sözün açığı, bu yaşda bir daha sağalacağıma inamım qalma­mışdı. Bəzən eşidirdim ki, Naxçıvanda belə bir müalicə mərkəzi var. Ancaq o qədər ümidimi itirmişdim ki, buna da inanmaq istəmirdim. Nəhayət, qohumlarımın təkidi ilə Naxçıvana gəldim. Duzdağ Fizioterapiya Mərkəzinə üz tutdum. Burada məni gülərüzlə qarşıladılar, müalicə olunmağım üçün hər cür şərait yaratdılar. 5-6 gündən sonra xeyli yaxşılaşdığımı hiss etdim. İndi isə lap yaxşıyam. Çox sağ olsunlar. Qurub-yaradanlar var olsunlar.
Bu zaman söhbətə əslən Qubadlıdan olan və hazırda Sumqayıt şəhərində yaşayan Murad İmaməliyev qoşulur. O deyir:
– Mən də 10 ildir, xəstəyəm. Bura ilk dəfədir ki, gəlirəm. Elə ilk günlərdən səhhətimdə dəyişiklik hiss etdim. Əvvəllər nəfəs ala bilmirdim, boğulurdum. Belə olanda hərəkət də edə bilmirdim. Sanki iflic olurdum. Dərmanlar isə çox da fayda vermirdi. Müvəqqəti keçirdi, sonra eyni şeylər təkrarlanırdı. İndi, şükür, bu şəfa ocağını tez-tez gəzməyə çıxıram. Palatalara gedən yolun bir hissəsi yoxuşdur, oranı elə sürətlə çıxıram ki, təəccüblənirəm. Elə bil xəstə olan mən deyiləm. Bu şəraiti bizə yaradanlara Allah uzun ömür, cansağlığı versin.
Rusiyanın Tümen vilayətinin Noyabrsk şəhərində yaşayan və əslən Masallı rayonundan olan Telman Əliyev, Bakı şəhərinin Suraxanı rayonundan Ulduz Əliyeva, Balakən rayonundan Camal Ramazanov və Abdülhəmid Qaracayev də mərkəzin çox faydalı müalicə təsirinə malik olduğunu vurğuladılar. Onlar dedilər ki, Naxçıvanın havasının təmizliyini təyyarədən enərkən hiss ediblər. Burada nəfəs almaq sanki asanlaşıb. Sonradan öyrəniblər ki, Naxçıvanın havasında nəmlik faizi aşağı olduğundan bu, astma xəstələrinə müsbət təsir göstərir.
Mərkəzdə müalicə alan xəstələrlə söhbət etdikcə vaxt da sürətlə keçir. Burada müalicə kursu keçən uşaqlarla görüşmək istəyirəm. Bakı şəhərinin Nəsimi rayonunun 14 yaşlı sakini Hüseyn Hacıyevin, Yasamal rayonundan 12 yaşlı İsmayıl Ağa­yevin, Nihad Ağayevin və Şəki rayonundan 11 yaşlı Elvin Xəlilovun başları şahmat oynamağa qarışıb. Onlarla salamlaşıram. Uşaqlardan müalicələrini necə getdiyini soruşuram və hamısı eyni cavabı verir: “Əla gedir. Çox yaxşılaşmışıq”.
Öyrənirəm ki, Nihad birinci dərəcəli şahmatçıdır. Onunla şahmat oynamağıma razılıq verir və qısa zamanda mən mat oluram. Şahmatda məni mat etməkdən çox məmnun görünən Nihad balacalara xas olan əda ilə kəlməni kəlməyə calayaraq dostlarının adından minnətdarlıq edərək deyir: “Burada çox yaxşı müalicə olunuruq. Mən də, dostlarım da özümüzü sağlam hiss edirik. Özümə söz vermişəm ki, buradan qayıdandan sonra bir daha xəstələnməyim. Bir də buradan uzaqda olsam da, mənim sağalmağıma kömək edənlərə hər gün minnətdarlıq edəcəyəm”.
...Bir az sonra xəstələr yatmaq üçün palatalara yollanırlar. Əvvəllər nəfəs almaqda çətinlik çəkən insanlar burada özlərini çox rahat hiss edirlər. Həqiqətən də, havasız, nəfəssiz qalmaq çox çətin dərddir. Bəlkə də, ona görə aqillər dua edərkən “İlahi, bizi heç vaxt havasız, susuz və Vətənsiz qoyma!” – deyirmişlər...
Səhər açılır. Artıq Naxçıvan şəhərinə getməliyəm. Buradan ilk hərəkət edən avtobusa minirəm. Mənimlə birlikdə Naxçıvan şəhərinə gələn xəstələrin simasında sevinc hisslərini duymamaq mümkün deyil. Necə də olmasın? Hər gecə yuxuda da əziyyət çəkən bu insanlar bu gün rahat yata biliblər...
Yolboyu düşünürəm. Bəşəriyyətin beşiyi Naxçıvan, həqiqətən də, sirli-sehrli bir diyardır. Bəlkə, ona görədir ki, qədim oğuz yurdunun tarixi, heyrətamiz təbiəti həmişə insanları cəlb edib. Duzdağ mağa­rası isə Allahın bəşəriyyətə bir lütfüdür. Təbii şəfa mənbəyinin Naxçıvanda yerləşməsi də təsadüfi ola bilməz. Axı Nuh Peyğəmbərin diyarı olan Naxçıvan tarixən bəşəriyyətin xilas yeri kimi xatırlanıb. Əshabi-Kəhf ziyarətgahının, imamzadələrin, nəhayət, Peyğəmbər məzarının olduğu bu müqəddəs torpaqda əsrimizin problemlərindən biri hesab edilən astma xəstəliyinə şəfa verən təbii mağaranın olması bizə çox şeyi izah edir. Əshabi-Kəhf mənəvi zənginliyimizi artırır, Duzdağ isə bizə şəfa bəxş edir. Necə deyərlər, Böyük Yaradan Naxçıvanı xilaskarlıq yurdu seçib. Azərbaycanı bəlalardan xilas edən ulu öndərimiz Heydər Əliyevin də məhz Naxçıvanda boya-başa çatması bu mənada təsadüfi deyil...

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR