İyun ayında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini davam etdirmiş, səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqət mərkəzində saxlanılmışdır.
Ölkəmizin paytaxtında fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinə və cərrahi əməliyyatlarının təşkili davam etdirilmişdir. Azərbaycan Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Ürək və damar xəstəlikləri şöbəsinin 7 nəfərdən ibarət heyəti Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin Kardiocərrahiyyə şöbəsi ilə birgə 8 nəfərdə açıq ürək əməliyyatı, 25 nəfərdə müayinələr aparmışdır.
Naxçıvan Мuxtar Respublikası Səhiyyə Nazirliyi ilə yanaşı, Naxçıvan Мuxtar Respublika Xəstəxanası, Diaqnostika-Müalicə Mərkəzi, Kardioloji Mərkəz, Mərkəzi Uşaq Xəstəxanası, dispanserlər, rayon mərkəzi xəstəxanaları nəzdində həkim briqadalarının müasir tibbi avadanlıq, cihaz və aparatlar, laboratoriya ilə təchiz olunaraq yerlərə gedişi qrafik əsasında tənzimlənmiş, müayinələrin kütləviliyinə nail olunmuşdur.
İyun ayı ərzində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin həkim briqadası Şahbuz rayonunun Biçənək kəndində, Naxçıvan Muxtar Respublika Xəstəxanası Ordubad rayonunun Tivi kəndində, Mərkəzi Uşaq Xəstəxanası Babək rayonunun Qahab kəndində, Doğum Mərkəzi Culfa rayonunun Milax kəndində, Kardioloji Mərkəz Şərur rayonundakı Dərəkənddə, rayon mərkəzi xəstəxanaları isə Havuş, Ələkli kəndlərində və Sədərək rayonunda, Biləv, Qarabağlar, Kükü, Ağbulaq, Nəhəcir kəndlərində müasirtipli həkim ambulatoriyalarında, feldşer-mama məntəqələrində əhalini tibbi müayinədən keçirmişlər. Culfa rayonunun Ləkətağ kəndi yaxınlığındakı obalarda 23 nəfər heyvandar və onların ailələri profilaktik tibbi müayinələrə cəlb olunmuşlar.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının Göz xəstəlikləri şöbəsi tərəfindən Şahbuz və Kəngərli rayonlarında 64 nəfər oftalmoloji müayinələrdən keçirilmiş və onlara müvafiq müalicələr təyin olunmuşdur.
Muxtar respublikanın səhiyyə müəssisələri tərəfindən iyun ayında 50-55 yaşlı əhalinin müayinələri aparılmış, 2998 nəfər müayinə olunmuş, 390 nəfər dispanser qeydiyyatına götürülmüşdür.
Ötən ay sertifikasiya imtahanında 142 orta tibb işçisi iştirak etmiş, 113 nəfər zəruri həddi keçə bilmişdir. Lazımi nəticə qazana bilməyən 29 nəfər orta tibb işçisi kurs keçmələri üçün Naxçıvan Tibb Kollecinə göndərilmişdir.
Muxtar respublika ərazisində yoluxucu xəstəliklərə görə epidemioloji vəziyyət sabit olmuş, xüsusi təhlükəli infeksiyalar qeydə alınmamışdır. ZİKA virusunun profilaktikası məqsədilə 60 min 520 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya tədbirləri aparılmışdır.
Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Stomatologiyada sterilizasiya və dezinfeksiya” mövzusunda elmi-praktik seminar keçirilmişdir.
Naxçıvan Tibb Kolleci ilə Türkiyə Respublikasının Ankara şəhərində fəaliyyət göstərən Xalidə Edip Məslək və Texniki Liseyi ilə əməkdaşlıq haqqında protokol imzalanmışdır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi 2016-cı ilin iyun ayı ərzində muxtar respublika üzrə 15 nəfəri Bakı şəhər Şağan qəsəbəsində yerləşən Əlillərin Müalicə Pansionatına, 37 nəfəri Mərdəkan qəsəbəsindəki Müharibə və Əmək Veteranları Pansionatına, 19 nəfəri müxtəlif xəstəxanalara müalicəyə göndərmişdir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti