Görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi aprelin 28-dək keçiriləcək aksiyalarda aztəminatlı ailələrdən olan 93 nəfər şagird və tələbəni Almaniya istehsalı olan eynəklərlə təmin edəcək.
İlk tədbirə Şərur Rayon Mərkəzi Xəstəxanası ev sahibliyi etmişdir. Burada keçirilən tədbiri Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Sona Məmmədova giriş sözü ilə açaraq görkəmli alimin mənalı ömür yolundan və elmi fəaliyyətindən danışmışdır. Qeyd olunmuşdur ki, dünya şöhrətli alim və ictimai xadim, akademik Zərifə xanım Əliyevanın ömrünün mənası zülmət və qaranlıqla mübarizə aparmaqdan ibarət olmuş, işığını itirmiş gözlərə nur vermək istəyi onun parlaq obrazını qeyri-adi bir nəcibliyə qovuşdurmuşdur. İnsanları zülmət pəncəsindən qoparıb nura qovuşduran bu böyük şəxsiyyətin ömür yolu müasir Azərbaycan gəncliyi üçün də əvəzsiz bir örnəkdir.
Sonra Naxçıvan Muxtar Respublika Xəstəxanası Göz xəstəlikləri şöbəsinin həkimi Samiq Sadıqov çıxış edərək bildirmişdir ki, Azərbaycan tibb elminin korifeylərindən olan akademik Zərifə Əliyeva qayğıkeş insan, böyük alim, əsl ziyalı kimi tibb ictimaiyyətinin yaddaşına əbədi həkk olunmuşdur. Həyat fəlsəfəsi və mənəvi dünyası kifayət qədər zəngin olan, oftalmologiya elminin inkişafına böyük töhfələr verən akademik Zərifə xanım Əliyevanın xatirəsi bu gün də insanların qəlbində yaşayır, əziz tutulur. Hamının mehriban, istiqanlı, bilik və bacarığını xalqına xidmətə yönəldən böyük bir insan, ətrafına nur saçan ziyalı kimi tanıdığı akademik Zərifə xanım Əliyeva bu gün də yaddaşlarda ilahi duyğulara malik qadınlıq meyarı kimi yaşayır.
Tədbirin sonunda aztəminatlı ailələrdən olan 10 məktəbliyə görmə qabiliyyətini yüksək səviyyədə təmin edən eynəklər təqdim edilmişdir.
Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Zəhra Bayramova akademik Zərifə xanım Əliyevanın, bütövlükdə, öz parlaq fəaliyyəti ilə tarix salnaməsinə əbədi həkk olunduğunu, elmin çətin yollarında inamla irəliləyərək tibb elminin ən uca pillələrinə yüksəldiyini, çox məsuliyyətli, eyni zamanda ibrətamiz, nümunəvi bir həyat yolu keçdiyini vurğulamış, belə aksiyaların əhalinin sağlamlığının mühafizəsində rolundan bəhs etmişdir.
Aksiya çərçivəsində eynəklə təmin olunmuş uşaqların valideynləri çıxış edərək öz minnətdarlıqlarını bildirmişlər.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti