Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun praktik səyyari təkmilləşdirmə kurslarına start verilib.
İnstitutun cari tədris ili üçün təqvim planına uyğun olaraq ilk tədbir “Ginekoloji xəstəliklər, onların diaqnostikası, müalicəsi və profilaktikası” mövzusuna həsr edilib. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dosenti Reyhanə Hacıyeva çıxış edərək ölkəmizdə ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasının dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib, son illər bu sahədə görülən mühüm tədbirlərdən danışıblar.
Qeyd olunub ki, “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı ana və uşaqlara tibb xidməti göstərən müəssisələrin maddi-texniki bazası möhkəmləndirilib, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılıb.
Son illər muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur.
Bildirilib ki, hazırda reproduktiv sağlamlıq və ailə planlaşdırılması problemlərinə nəzarət daha da gücləndirilib, səhiyyə maarifi işləri günün tələbləri səviyyəsində qurulub. Hamiləliyin süni pozulması hallarının qarşısının alınması üçün geniş tədbirlər və nəzarət həyata keçirilir. Hamiləliyin erkən qeydiyyata alınması, onlara göstərilən patronaj xidmətinin daha da yaxşılaşdırılması, bütün doğuşların xəstəxanada idarə olunması işinə nəzarət daha da gücləndirilir. Hamilələrin qeydiyyatı işinin daha da yaxşılaşdırılması məqsədilə mama-ginekoloji şöbələrdə hamilələrin elektron reyestri yaradılır. Doğuşların idarə olunmasında bütün mama-ginekoloqların yüksək peşəkarlığına nail olunması, doğuş və doğuşdan sonrakı ginekoloji ağırlaşmaların qarşısının alınması tədbirləri vaxtında həyata keçirilir. Ginekoloji xəstəliklərin vaxtında aşkar edilməsi, müalicə işinin düzgün və səmərəli qurulması üçün profilaktik müayinə tədbirləri daha da gücləndirilir.
Muxtar respublikanın tibb müəssisələrində çalışan həkim mama-ginekoloqların, anestezioloq-reanimatoloqların, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsi tələbələrinin iştirak etdikləri tədbirdə müzakirələr aparılıb, suallar cavablandırılıb.
Təkmilləşdirmə kursu həftə boyu davam etdiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti