Yay mövsümünü Şərur, Şahbuz, Culfa və Ordubad yaylaqlarında keçirən heyvandarlara, onların ailələrinə səhiyyə xidmətinin təşkili üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi 2014-cü ildə xüsusi həkim briqadaları yaratmış, həmin briqadaların mövsüm ərzində daim yaylaqlara getməsi, burada müvəqqəti yaşayan əhalinin sağlamlığının qorunmasına xidmət etməsi təmin olunmuşdur. Obalarda yaşayan sakinlərin zəruri dərman vasitələri, sarğı materialları ilə təminatı, səhiyyə maarifi işi aparılması, mövsümi xəstəliklər, günvurma, ilan və əqrəb sancmaları, yaralanma zamanı ilk yardım barədə tibbi məsləhətlər verilməsi də diqqətdə saxlanılan məsələlərdəndir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin cari ilin iş planına uyğun olaraq, yay mövsümünü yaylaqlarda keçirən heyvandarlara, onların ailələrinə göstərilən səhiyyə xidməti davam etdirilir.
Ordubad Rayon Mərkəzi Xəstəxanasının terapevt, kardioloq, cərrah, stomatoloq və pediatrlardan ibarət çoxprofilli həkim briqadası Göygöl ərazisindəki yaylaqlarda məskunlaşan heyvandarlara baş çəkmişdir. Hazırda təkcə “Tüklü çəmən” yaylağında 6 oba məskən salıb. Onların öhdəsində 3 min başa yaxın mal-qara, qoyun-quzu var. Çadırlarda Kəngərli rayonunun Çalxanqala kəndindən gəlmiş fermer və çobanlar Elyaz, Knyaz və Tahir Abdullayevlərin 18 ailə üzvü yaşayır. Briqadanın fəaliyyəti zamanı onların hamısı profilaktik tibbi müayinəyə cəlb olunmuş, pediatrik, kardioloji, cərrahi, stomatoloji müayinələr aparılmışdır. Yaylaqda arana nisbətən havaların sərin keçməsi səbəbindən obalardakı azyaşlı uşaqların bir qismində qulaqağrısı və yuxarı tənəffüs yollarının patologiyası müşahidə olunmuş, onların müalicəsi ilə bağlı lazımi dərmanlar verilmişdir.
Heyvandarlar onlara göstərilən tibbi xidmət üçün öz minnətdarlıqlarını bildirmişlər.
Ordubad Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən obalarda dezinfeksiya, dezinseksiya tədbirləri həyata keçirilmişdir.
Şahbuz Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası isə Kükü kəndi ərazisindəki Qanlıgöl yaylağında olmuşdur. Burada, əsasən, Şərur rayonundakı Mahmudkənd və Kəngərli rayonundakı Xok kəndlərindən gəlmiş heyvandarlar məskunlaşmışlar. Terapevt, LOR, cərrah, stomatoloq və pediatrlardan ibarət həkim briqadası heyvandarlar və onların 20 çadırda məskunlaşan ailə üzvlərini – bütövlükdə, 42 nəfəri profilaktik tibbi müayinələrdən keçirmiş, ilkin tibbi yardım üçün dərmanlar paylamışdır.
Culfa Rayon Mərkəzi Xəstəxanasının, Gigiyena və Epidemiologiya Mərkəzinin həkim briqadası isə ucqar dağ kəndi Ləkətağda olmuşdur. Dəmirli yaylağında məskunlaşan heyvandarların əksəriyyəti Babək rayonunun Nehrəm və Culfa rayonunun Camaldın kəndlərindən gələrək mövsümü burada keçirirlər. Heyvandarlığın inkişafına göstərilən dövlət qayğısı nəticəsində son illər bu yaylaqda saxlanılan davarların sayı ilbəil artır. Qoyun sürülərinin xeyli hissəsi iyirmi gün əvvəl Dəmirli və Kola yaylaqlarına qaldırılıb. Həkim briqadası heyvandarları tibbi müayinələrlə əhatə etmiş, dezinfeksiya tədbirləri həyata keçirmiş, sanitar maarifi işi aparmışdır.
Briqadaların fəaliyyəti zamanı mövsümi xəstəliklər, ilan, əqrəb sancması və ilkin tibbi xidmətin təşkili barədə səhiyyə maarifi işi aparılmışdır.
Şərur Rayon Mərkəzi Xəstəxanasının, Gigiyena və Epidemiologiya Mərkəzinin həkim briqadası isə həftə ərzində rayonun Tənənəm yaylağında heyvandarlara baş çəkəcəkdir.
Müayinələr mövsüm boyu davam etdiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə
Nazirliyinin mətbuat xidməti