Muxtar respublikamızda son illər oftalmoloji xidmət inkişaf etmiş ölkələrin texnologiyasını tətbiq etməklə keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Müasir texnologiyalar sayəsində həm müayinə, həm də müalicə üsulları təkmilləşib. Daha dəqiq diaqnoz qoyulur, daha incə və qısa sağalma dövrü olan əməliyyatlar aparılır.
Muxtar respublikamızda oftalmoloji xidmət hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasının Göz xəstəlikləri şöbəsi, Diaqnostika-Müalicə Mərkəzi, Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası, Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, rayon mərkəzi xəstəxanaları və Naxçıvan şəhərindəki “Şəfa” Özəl Tibb Mərkəzi tərəfindən həyata keçirilir.
İstər Naxçıvan şəhərində, istərsə də rayonlardakı tibb müəssisələrində şöbə və kabinələr fəaliyyətlərinə uyğun lazımi tibbi avadanlıqlarla təchiz olunublar.
Ötən yarımildə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Göz xəstəlikləri şöbəsində 2 min 536 nəfər ambulator müayinə olunub. 300 xəstə stasionar müalicə alıb, 25 nəfərdə əməliyyat aparılıb. Əməliyyatlar Bakı şəhərindən dəvət olunan mütəxəssislərin iştirakı ilə həyata keçirilir.
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində isə oftalmoloji xəstələrin müayinəsi, aparılmış 168 əməliyyat yerli kadrlar tərəfindən icra olunub.
Naxçıvan şəhərindəki “Şəfa” Özəl Tibb Mərkəzində oftalmoloji xidmət Türkiyə və Bakı şəhərindən dəvət olunan həkimlər tərəfindən həyata keçirilir.
Əməliyyat aparılan bütün tibb müəssisələrində xəstələrin müayinəsi, hazırlanması təlimata uyğun aparılır. Hazırda muxtar respublika üzrə 958 oftalmoloji xəstə dispanser qeydiyyatda durur. Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində bu il 692 miopiyalı, 212 kataraktalı, 519 konyunktivit, 47 qlaukoma, 21 çəpgözlük, 74 buynuz qişa xəstəsi, 42 tor qişanın xəstəliyi və sair aşkar olunaraq müayinə edilib. Muxtar respublikada əhaliyə göstərilən oftalmoloji xidmətin daha da yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iyun ayında keçirilən kollegiyasında müvafiq qərar qəbul olunub. Həmin qərarda Kəngərli, Babək, Şahbuz və Sədərək Rayon Mərkəzi xəstəxanalarında oftalmoloq ixtisası üzrə kadr çatışmazlığının aradan qaldırılmasına nail olunması, Naxçıvan Muxtar Respublika Xəstəxanası tərəfindən oftalmoloji xidmətin koordinasiyasına ciddi nəzarət edilməsi, göz əməliyyatlarının yerli mütəxəssislər tərəfindən yüksək səviyyədə aparılması üçün kadrların hazırlığına diqqətin artırılması və bunun həyata keçirilməsinə nail olunması, göz xəstələrinə rəy verəcək həkim komissiyasının yeni tərkibinin təsdiq edilməsi və onun fəaliyyətinə ciddi nəzarət edilməsi, Naxçıvan şəhərindəki oftalmoloji xidmət göstərən tibb müəssisələrinin rayonlardakı oftalmoloji kabinələrlə əlaqələrinin daha da gücləndirilməsi, göz xəstələrinin dispanserizasiya işinin daha da yaxşılaşdırılması, oftalmologiyanın aktual problemlərinə həsr olunan konfrans və seminarların təşkil edilməsi, oftalmoloji xəstələrin müayinə və müalicə protokollarından geniş istifadə olunmasına nəzarətin gücləndirilməsi, oftalmoloq və ya okulist ixtisası üzrə işləyən həkim və orta tibb işçilərinin peşə və bacarıqlarının artırılması üçün onların vaxtaşırı ixtisasartırma kurslarında və iş yerlərində təcrübə keçməsinə diqqətin artırılması, göz xəstələrinin vaxtında aşkar edilməsi üçün profilaktik müayinə tədbirlərinin daha da artırılması və digər məsələlər mühüm vəzifələr kimi qarşıya qoyulub.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti