22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir.
Məlum olduğu kimi, bu işə 2011-ci ilin sentyabr ayından başlanılıb və təkcə 2015-ci il ərzində test imtahanlarında iştirak edən 387 orta tibb işçisindən 357 nəfər, müsahibə mərhələsində isə 458 nəfər orta tibb işçisindən 416 nəfər uğur qazanıb. 38 nəfər həkim həm test imtahanlarını, həm də müsahibə mərhələsini uğurla başa vuraraq növbəti beş il üçün sertifikat alıb.
Hazırda sertifikasiya imtahanlarının test mərhələsi kompüterlə keçirilir. Naxçıvan Muxtar Respublika Xəstəxanasının elektron zalında sertifikasiya imtahanının müsahibə mərhələsi olub. Bu mərhələdə Şərur rayonunun səhiyyə müəssisələrində çalışan tibb bacıları öz bilik və bacarıqlarını sınayıblar.

Müsahibə turunda tibb bacıları imtahan biletləri əsasında öz ixtisaslarına aid nəzəri, habelə onların bilik səviyyəsini və peşə vərdişini müəyyən edən praktik suallara yazılı şəkildə cavab veriblər. Hər cavab bir balla qiymətləndirilib.
İmtahanlar qruplar halında, bir saat müddətində aparılıb.
Müsahibədən sonra imtahan komissiyasının üzvləri yazılı cavabları müzakirə edərək ümumi rəy əsasında müsahibənin nəticələrini elan ediblər. İmtahanda iştirak etmiş 68 nəfərdən 58 nəfəri sertifikasiya imtahanını uğurla başa vurub, 10 nəfər isə zəruri həddi keçə bilməyib. Qeyd edək ki, imtahanların şəffaf, tam obyektiv şəraitdə keçirilməsi tibb işçilərinin hazır­lığına öz müsbət təsirini göstərdiyindən uğur qazananların sayı get-gedə artır. Zəruri həddi keçə bilməyənlər isə 6 ay ərzində təkmilləşdirmə kursu keçərək yenidən öz bilik və bacarıqlarını sınamalı olacaqlar.
Xatırladırıq ki, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün səhiyyə müəssisələrində çalışan, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya imtahanları Səhiyyə Nazirliyinin sertifikasiya komissiyası tərəfindən keçirilir. İmtahandan keçənlər müsahibə mərhələsinə buraxılırlar. Növbəti imtahanda isə həm test, həm də müsahibə mərhələsi eyni vaxtda kompüterlə həyata keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin

mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR