Naxçıvan Muxtar Respublika Xəstəxanasının Göz xəstəlikləri şöbəsində son günlər bir neçə ilkə imza atılıb.
Xəstəxanada ilk dəfə olaraq göz dibində qanamanı dayandırmaq və görməni artırmaq məqsədilə 3 xəstədə 5 manipulyasiya apararkən xəstənin gözünə introvitreal avastin (bevacizumab) inyeksiyası icra edilib. Bir xəstə üzərində isə fakoemulsifikasiya üsulu ilə katarakt cərrahiyyəsi aparılıb. Bu əməliyyatlar əvvəllər təkcə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində icra edilirdi. Naxçıvan Muxtar Respublika Xəstəxanası yeni binada fəaliyyətə başlayandan sonra isə ilk dəfə gənc həkim-oftalmoloq Rövşən Nəsirov tərəfindən həyata keçirilib.
Rövşən Nəsirov Azərbaycan Tibb Universitetini bitirdikdən sonra 2011- 2015-ci illərdə Ankara Universitetinin Tibb fakültəsinin Göz xəstəlikləri kafedrasında təhsil alıb. Cari ilin əvvəlindən Naxçıvan Muxtar Respublika Xəstəxanasının Göz xəstəlikləri şöbəsində çalışır. Onun nəzəri biliklərini praktikada tətbiq etmək üçün şöbədə lazımi şərait yaradılıb. Şöbə və kabinələr fəaliyyətlərinə uyğun kadr və tibbi avadanlıqlarla təchiz olunublar.
Şöbədə çalışan 7 həkim-oftalmoloq biomikroskopu, autrorefraktokeratometr, PUF-tonometr, fako cihazı (alcon), əməliyyat mikroskopu və digər tibbi avadanlıqlarla həm ambulator müayinə, həm də stasionar müalicə aparır. Miopiya, katarakt, konyuktivit, qlaukoma, çəpgözlük, buynuz qişa, tor qişanın xəstəliyi və sair aşkar olunaraq müalicə edilir. Müasir texnologiyalar sayəsində həm müayinə, həm də müalicə üsulları təkmilləşib. Belə ki, daha dəqiq diaqnoz, daha incə əməliyyatlar və daha qısa sağalma dövrü olan əməliyyatlar aparılır. Tibb elminin nailiyyətlərinin qısa zamanda təcrübədə tətbiq edilməsi əhali arasında göz xəstəliklərinin və görmə üzrə əlilliyin azalmasına stimul verir.
Naxçıvan Muxtar Respublika Xəstəxanası tərəfindən oftalmoloji xidmətin koordinasiyasına ciddi nəzarət edilməsi, göz əməliyyatlarının yerli mütəxəssislər tərəfindən yüksək səviyyədə aparılması üçün kadrların hazırlığına diqqətin daha da artırılması və bunun həyata keçirilməsinə nail olunması bu səhiyyə müəssisəsində oftalmoloq ixtisası üzrə kadr çatışmazlığının aradan qaldırılmasına şərait yaradıb. Hazırda oftalmoloji xəstələrin müayinə və müalicə protokollarından geniş istifadə olunmasına nəzarətin daha da gücləndirilməsi, göz xəstələrinin dispanserizasiya işinin daha da yaxşılaşdırılması, oftalmoloq ixtisası üzrə işləyən həkim və orta tibb işçilərinin peşə və bacarıqlarının artırılması üçün onların vaxtaşırı ixtisasartırma kurslarında və iş yerlərində təcrübə keçməsinə diqqətin artırılması, göz xəstəliklərinin vaxtında aşkar edilməsi üçün profilaktik müayinə tədbirlərinə geniş yer verilməsi və digər məsələlər mühüm vəzifələr kimi qarşıya qoyulub.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti