22 Dekabr 2024, Bazar

Sentyabrın 16-da Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə səhiyyə müəssisələrində vakant həkim və orta tibb işçisi yerləri üzrə əmək yarmarkası keçirib.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov tədbiri giriş sözü ilə açaraq səhiyyə sistemində aparılan quruculuq işlərindən, həyata keçirilən islahatlardan danışıb. Qeyd olunub ki, son illər səhiyyənin inkişafında, yeni strukturlu müəssisələrin yaradılmasında, tibbi xidmətin yüksək səviyyədə aparılmasında, tibbi kadrların hazırlanmasında müəyyən uğurlar əldə edilib. Bütün bunların nəticəsidir ki, artıq muxtar respublikanın yerli kadrları müstəqil şəkildə xəstələr üzərində açıq ürək, angioqrafiya, laporoskopik, TUR, LOR, göz və digər mürəkkəb cərrahi əməliyyatları uğurla həyata keçirirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, insanların sağlamlığının yüksək səviyyədə təmin olunması və qorunması, səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması, müasir tibb infrastrukturunun yaradılması muxtar respublikamızda həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsini təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində əhaliyə nümunəvi tibbi xidmətin təşkili məqsədilə yeni tibb müəssisələri tikilir və ya yenidən qurulur, səhiyyə ocaqları müasir tibbi avadanlıqlarla təchiz edilir. Vaxtilə diqqətdən kənarda qalan ucqar dağ kəndlərində belə, bu gün müasir həkim ambulatoriyaları, feldşer-mama məntəqələri fəaliyyət göstərir.

Vurğulanıb ki, səhiyyə sisteminin yenidən qurulması, müasir dünya standartlarına uyğunlaşdırılması bu xidməti keyfiyyətcə daha da yaxşılaşdırıb, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması, sağlamlığa mənfi təsir edən faktorların aradan qaldırılması, ana və uşaqların, ahıl vətəndaşların sağlamlığının qorunması işində əsaslı dönüş yaradıb.
Səhiyyə sistemində həyata keçirilən tədbirlərin nəticəsidir ki, əhalinin başqa yerə getmədən muxtar respublikanın özündə müayinə və müalicə olunmaları üçün bütün imkanlar var.
Qeyd olunub ki, muxtar respublikada tibbi kadrların hazırlanması da diqqətdə saxlanılır. Naxçıvan Dövlət Universitetində ali təhsilli, Naxçıvan Tibb Kollecində isə orta ixtisas təhsilli tibbi kadrların hazırlanması üçün lazımi şərait mövcuddur.
Səhiyyə müəssisələrinin tibbi kadrlara olan tələbatını ödəmək, eləcə də muxtar respublikada hazırlanan ali və orta ixtisas təhsilli kadrların işlə təminatı məqsədilə hər il tibb işçilərinin əmək yarmarkası keçirilir. Bu gün təşkil olunan yarmarkaya Səhiyyə Nazirliyi üzrə 394 həkim, 139 tibb işçisi olmaqla, 533, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə isə 8 həkim vəzifəsi çıxarılıb. Ümumilikdə, yarmarkaya çıxarılan boş iş yerlərinin sayı 541-dir.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, tibb işçiləri üçün muxtar respublikada bütün zəruri şərait yaradılıb. Kənd yerlərindəki səhiyyə müəssisələrində yeni əmək fəaliyyətinə başlayan gənc mütəxəssislər üçün bir sıra güzəştlər və stimullaşdırıcı tədbirlər müəyyənləşdirilib. Belə ki, dövlət ali və orta ixtisas məktəblərini tibbi ixtisaslar üzrə bitirərək dövlət sifarişinə uyğun iş yerlərində əmək fəaliyyətinə başlayan və bu fəaliyyəti davam etdirən gənc mütəxəssislərə 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün ayda 33 manat məbləğində kompensasiya verilir. Həmçinin rayon mərkəzlərindən 20 kilometrdən artıq məsafədə yerləşən tibb müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində aylıq əməkhaqqına 66 manat məbləğində əlavələr ödənilir. Ciddi kadr tələbatı olan bölgələrdə əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə isə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 misli həcmində birdəfəlik yardım ödənilir.
Rəhman Məmmədov gənc kadrların əmək yarmarkasında fəal iştirak edəcəklərinə əminliyini bildirib, onlara əmək fəaliyyətlərində uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov bildirib ki, vətəndaşların səmərəli məşğulluğunun təmin olunması, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının inkişafı muxtar respublikada daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Belə ki, cari ilin ötən dövrü ərzində təşkil edilmiş əmək yarmarkalarında, ümumilikdə, 352 nəfər peşə və ixtisasına uyğun işlə təmin olunub.
Əmək bazarının tələbləri nəzərə alınaraq müxtəlif ixtisaslar üzrə peşə hazırlığının təşkili, tətil günlərində işləmək istəyən tələbələrin mövsümi işlərə göndərilməsi, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğunun təmin edilməsi istiqamətində də bir sıra işlər görülüb. Cari ilin ötən dövründə müvafiq peşə kurslarına 206 nəfər cəlb edilib. İşlə təmin olunanlardan 572 nəfərini gənclər, 321 nəfərini qadınlar, 76 nəfərini məhdud fiziki imkanlı, 72 nəfərini aztəminatlı, 20 nəfərini hərbi xidmətdən tərxis olunan, 6 nəfərini isə cəzaçəkmə müəssisəsindən azad olunan şəxslər təşkil edib.
Naxçıvan Dövlət Universitetinin Pediatriya ixtisası üzrə məzunu, iş­axtaran Günay Hətəmova gənc kadrların işlə təminatında əmək yarmarkalarının əhəmiyyətindən danışıb, işəgötürənlər tərəfindən yaradılan şəraitə görə öz minnətdarlığını bildirib.
Sonra işaxtaran ali və orta ixtisas təhsilli məzunlar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birinci mərtəbəsində təşkil edilmiş əmək yarmarkasında iştirak ediblər. Muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə müəssisə və təşkilatlarda mövcud olan boş iş yerləri barədə məlumatların hər ay toplanması, müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatın müəyyənləşdirilməsi, buna uyğun olaraq keçirilən əmək yarmarkaları gənc kadrların işlə təminatında şəffaflığın təmin olunmasına şərait yaradıb.
Yarmarkada Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturundakı səhiyyə müəssisələri də daxil olmaqla, 541 vakant yer təklif edilib, işaxtaranları maraqlandıran suallar cavablandırılıb.
Gün ərzində davam edən əmək yarmarkasında 4 həkim, 13 tibb bacısı işə göndəriş alıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR