İyulun 27-də Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında “Uşaqlarda stomatoloji xəstəliklərin vəziyyəti və dispanserizasiyasının təşkili” mövzusunda elmi-praktik seminar keçirilib.
Xəstəxananın baş həkimi Rəhim Rəhimov tədbiri giriş sözü ilə açaraq uşaqların sağlamlığının qorunmasına göstərilən dövlət qayğısından danışıb, gələcəyimiz olan uşaqların hər cür qayğı ilə əhatə olunduğunu bildirib.
Sonra həkim-stomatoloq Sahib Qurbanov “Ortadonik xəstələrin müasir üsullarla müalicəsi”, həkim-stomatoloq Rövşən Babayev “Uşaqlarda paradont xəstəliklər və onların müalicəsi”, həkim-stomatoloq Kamran Hümbətov “Naxçıvan Muxtar Respublikasında uşaq stomatologiyasının bu günü və aktual məsələləri”, həkim-stomatoloq İldırım Heydərov “Məktəblərdə aparılan dərindən tibbi müayinələr və onların dispanser qeydiyyatına alınması” mövzularında məruzələr ediblər. Məruzələr video-süjet, diaqram, cədvəl və slaydlarla müşayiət olunub, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
Xatırladaq ki, xəstəxanada ötən həftə də pediatriyanın aktual problemlərinə dair elmi-praktik seminar keçirilib və “Uşaqlarda diareyalar zamanı immun sisteminin vəziyyəti”, “Uşaqlarda aparılan peyvəndlərin immun sisteminə təsiri”, “İlkin immun çatışmazlıq sindromu olan uşaqların erkən diaqnostikası, qeydiyyatı və monitorinqi” mövzularında məruzələr dinlənilib.
Xəbərlər şöbəsi