22 Dekabr 2024, Bazar

Əcəmi yurdu Naxçıvan zaman-zaman həm də təbiblər yurdu kimi tanınıb. Arxeoloji qazıntılar zamanı tapılan, bu gün muzeylərin ekspozisiyasını bəzəyən eksponatlar, şifahi xalq ədəbiyyatı qaynaqları əcdadlarımızın hələ bizim eradan əvvəl humoral və ya pnevmatik təbabətin nəzəri əsaslarına bələd olduqlarını sübut edir. Məsələn, şəkər xəstəliyinin əlamətləri Eneolit dövrünün daş yazılarında belə ifadə olunurdu: “O qədər susuzdu ki, bütün Nil çayını içə bilərdi”. Kültəpə ərazisindən Neolit dövrünə aid bir çox tapıntıların, eramızdan əvvəlki 4-3-cü minilliklərə aid bürünc alətlərin, insan skeleti qalıqlarının aşkarlanması tədqiqatçılara bu yerlərdə hələ min illər əvvəl kəllə trepansiyası əməliyyatı aparmaları haqda nəticə çıxarmağa imkan verir.

Ömürlərini vətən, xalq qarşısında böyük xidmətlərə sərf edən, nurlu əməlləri, müqəddəs amalları, xeyirxahlıqları ilə insanların qəlbində yurd salan həkimlərimiz şərəfli işi, nəsillərə örnək olan əməlləri ilə gənc nəslə nümunədir. Həkimin gördüyü iş çətin, məsuliyyətli, eyni zamanda şərəfli işdir. Ümummilli lider Heydər Əliyev həkimlik peşəsini yüksək qiymətləndirərək deyirdi: “Həkimlik sənəti dövri-qədimdən şərəfli və hörmətli sənət olmuşdur. Həkimlik sənəti indi də ən şərəfli, ən hörmətli sənətlərdən biridir. Mən hesab edirəm ki, dünyada heç bir sənət tapa bilməzsən ki, həkimlik kimi hər bir insana lazım olsun. Yer kürəsində insanların hərəsi öz fəaliyyətini bir sahədə göstərir. Hər bir sahə lazımdır. Amma özünü həkim sənətinə, insanların sağlamlığına, səhhətinə həsr edənlər ən qiymətli insanlardır”.

Bu gün əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən olaraq daim dövlətin diqqət mərkəzindədir. Son illər muxtar respublikada səhiyyə sahəsində aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra mühüm işlər görülüb, tibb müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb, yeni-yeni səhiyyə ocaqları tikilərək istifadəyə verilib.
Sovet dövrünün səhiyyəsi tariximizdə mühüm yer tutsa da, acı reallıqları da vardı. Bakıda fəaliyyət göstərən ictimai təşkilatların nümayəndə heyəti ilə birlikdə ötən əsrin 60-cı illərində Naxçıvanın rayonlarında və kəndlərində reydlərdə olmuş həkim Tarverdi Cəfərov təəssüratlarını ifadə edərək yazırdı ki, o dövrdə əhaliyə göstərilən tibbi xidmətin vəziyyətini öyrənmək üçün muxtar respublikanın ucqar rayonlarından biri olan Şahbuza xoş əhval-ruhiyyə ilə getmişdik. Bir rayon sakini ilə söhbətimiz zamanı məqsədimizi bildirəndən sonra yarızarafat, yarıgerçək deyilənləri eşidəndə bir qədər təəccübləndim. Çünki həmsöhbətim ironiya qarışıq bir tərzdə bildirdi ki, burada xəstələri arxasınca gəldiyiniz səhiyyə xidməti, həkimlər, tibb işçiləri yox, təbiətimizin özü müalicə edir. Ona görə də olmayan bir xidmətin səviyyəsini yoxlamaq üçün özünüzü çox da əziyyətə salmayın. Digər rayonlarda da mənzərə eyni idi. Natəmizliyin, antisanitariyanın həddi-hüdudu yox idi. Xəstəxanalarda, doğum evlərində, təcili tibbi yardım stansiyalarında ən acınacaqlı vəziyyətin adi hal olduğunu bildirən xəstələr bir çox məqamları da dilə gətirdilər. Çarpayıdan tutmuş bir qab qaynanmış suya qədər hər şeyin “hörmətə” bağlı olduğunu da elə xəstələrin fikirlərindən anladıq.
Qocaman həkimin təəssüratlarından sonra muxtar respublikamızda bugünkü səhiyyənin inkişafını nəzərimdə canlandırıb düşünürəm. Həkimliyin aliliyinə, müqəddəsliyinə nə qədər xoş söz deyilsə də, yenə azdır. Hippokrat “Aforizmlər” əsərində yazıb: “...Həyat qısadır, həkimlik sənətininsə yolu uzundur. İnsana bu yolu qət etməyə ömür kifayət etmir. Buna görə təbabət elminə nəsillərin sənəti deyilir”. Hər bir sənət adamının dilinin lüğət tərkibi vardır. Əgər ədəbiyyatşünaslar, dilçilər, qəzet və jurnal əməkdaşları bir sözün yerini səhv salsalar, sonradan bu səhvi düzəldə bilərlər. Həkimlərin səhvi isə insanın həyatı hesabına başa gəlir. Ona görə də ağ xalat geyinən hər bir həkim xəstəsinin gözlərində ümid çırağı yandırmağı bacarmalıdır. Əgər həmin həkimə yaxşı işləmək üçün dövlət tərəfindən hər bir şərait yaradılırsa, onun əməyi qiymətləndirilirsə, elmi-texniki yeniliklərin hərtərəfli istifadəsinə sahibdirsə, onda hansısa bir həkimin laqeyd olmağa, vəzifə borcunu başdansovdu icra etməyə mənəvi haqqı yoxdur. Bu gün muxtar respublikamızda səhiyyənin ən yüksək səviyyədə inkişafı üçün göstərilən dövlət qayğısı müqabilində həkimlər müqəddəs borclarını unutmamalıdırlar (bəzən belə həkimlərlə rastlaşdığımıza görə mən bu fikirləri yada salıram). Ötən 21 ildə bu sahədə görülən işlər, yaradılan yeniliklər barədə yazmaq lazım gələrsə, bu, bir neçə kitab səhifəsinə belə, sığmaz.
Azərbaycanda, o cümlədən Naxçıvanda səhiyyənin inkişafı ilə bağlı həyata keçirilən davamlı və kompleks islahatlar ölkəmizdə ümumi halda bütün nailiyyətlərin, uğurların qazanılmasının əsas səbəbi olan insan sağlamlığının qorunmasına və beləcə, dövlətimizin xoşbəxt gələcəyinə, millətimizin maddi və mənəvi baxımdan inkişafına xidmət edir. Nahaq deyilməyib ki, xəstə insanın bir, sağlam insanın isə min bir arzusu olar. Kaş ki hər kəs ömrü boyu min bir arzu ilə yaşayıb dövlətinə, millətinə və övladlarının xoşbəxt gələcəyinə öz payını verə bilsin.
1995-2016-cı illər Naxçıvan səhiyyəsində intensiv inkişaf dövrü ilə xarakterizə olunur.
Son illərin ən möhtəşəm qurucu­luq ünvanlarından olan Naxçıvan Muxtar Respublika Xəstəxanası, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası, Naxçıvan Diaqnostika-Müalicə, Naxçıvan Muxtar Respublikası Doğum, Duzdağ Fizioterapiya, Onkoloji, Yoluxucu Xəstəliklər, Gigiyena və Epidemiologiya, Naxçıvan Şəhər Təcili Tibb, Uşaq Bərpa mərkəzləri, Ağciyər, Psixi Xəstəliklər dispanserləri, Darıdağ Arsenli Su Müalicəxanası, rayon mərkəzi xəstəxanaları bu gün bölgədə analoqu olmayan səhiyyə müəssisələrindəndir. Bütövlükdə, son 21 ildə muxtar respublikada 250- dən çox səhiyyə obyektinin tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilməsi ölkə­mizin iqtisadi potensialının sosial siyasətin icrasına, əhalinin sağlamlığına yönəldiyinin parlaq göstəricisidir. Bu müəssisələrin istifadəyə verilməsi ilə Naxçıvanda səhiyyə infrastrukturunun yaradılması prosesi başa çatıb.
Muxtar respublikanın dövlət səhiyyə müəssisələrində bütün növ pullu xidmətlər ləğv edilib. Son illər tibb ocaqlarında lazımi şəraitin yaradılması, müasir avadanlıqlar, müayinə və müalicə aparatları ilə təchizat hər bir vətəndaşa öz sağlamlığını qorumağa imkan yaradır. Səhiyyə müəssisələrindəki kompüter tomo­qraf, nüvə maqnit rezonans, mamoqrafiya, qastroskopiya, kolono­skopiya aparatları müayinə və müalicənin düzgün və səmərəli təşkilinə mühüm fayda verir. Bütün ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi tədbirləri muxtar respublikada da uğurla icra olunur. Rayon mərkəzi xəstəxanalarında Təcili tibbi yardım, Reanimasiya, Cərrahiyyə, Laboratoriya, Hemodializ və Poliklinika şöbələri fəaliyyət göstərir. Xəstəxanalarda tibb elminin ən son nailiyyətlərinə əsaslanan tibbi avadanlıq və cihazlar, süni nəfəs aparatları quraşdırılıb. Əhalinin müxtəlif təbəqələri arasında kütləvi profilaktik müayinələrin aparılması diqqət mərkəzində saxlanılır. Çoxprofilli briqadaların təşkili əhalinin hər bir təbəqəsinin, xüsusən ucqar dağlıq və sərhəd kəndlərində yaşayan insanların keyfiyyətli tibbi xidmətlə əhatə olunmasına, onların maddi və mənəvi çətinliklər hesabına şəhər, rayon mərkəzləri və digər uzaq məsafələr qət etmədən yerindəcə kütləvi şəkildə profilaktik tibbi müayinələrdən keçməsinə, vaxtında müalicəyə cəlb olunmasına xidmət edir.
Bakı şəhərində fəaliyyət göstərən müxtəlif klinikalardan yüksəkixtisaslı həkimlər və kollektivlər muxtar respublikaya dəvət olunur və Naxçıvan həkimləri ilə birgə əməliyyatlar aparırlar. Bu il may ayının 26-da Naxçıvan səhiyyəsində daha bir uğura imza atılıb, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin kardiocərrahları tərəfindən ilk dəfə olaraq müstəqil şəkildə açıq ürək əməliyyatlarına start verilib. Artıq ən mürəkkəb cərrahi, o cümlədən açıq ürək əməliyyatlarının da Naxçıvanda həyata keçirilməsi əhalinin müayinə və müalicə üçün başqa yerlərə üz tutmasının qarşısının alınmasında mühüm rol oynayır.
Naxçıvanda səhiyyə turizmi də diqqətdə saxlanılan məsələlərdəndir. Təbii üsulla müalicə məqsədilə yaradılmış Duzdağ Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanası yenidən qurularaq istifadəyə verilib. Son illər hər iki səhiyyə müəssisəsində aparılan quruculuq işləri, yaradılan şərait müalicəyə gələn yerli əhali ilə yanaşı, xarici turistlərin də sayının artmasına stimul olub.
Ümumdünya Səhiyyə Təşkilatının müntəzəm monitorinqdə saxladığı əsas yoluxucu xəstəliklərə, o cümlədən salmonellyoz, bakterial dezinteriya, difteriya, epidemik parotit pedikulyoz, malyariya, leyşmanioz, poliomielit və tetanus kimi xəstəliklərə muxtar respublika ərazisində son onillikdə təsadüf olunmayıb. Digər yoluxucu xəstəliklər isə əvvəlki illərlə müqayisədə xeyli azalıb. Bu isə, ilk növbədə, keyfiyyətli səhiyyə xidmətlərindən öncə keyfiyyətli həyat tərzinin təmin olunmasının nəticələridir.
Bu gün 207-si rayonlarda olmaqla muxtar respublikada əhaliyə 229 tibb müəssisəsi tərəfindən tibbi xidmət göstərilir. Həmin tibb müəssisələrində 686 həkim, 2 min 72 orta tibb işçisi çalışır ki, bu, muxtar respublika üzrə hər 10000 nəfərin 15 həkim, 46 orta tibb işçisi ilə təmin olunması deməkdir. Muxtar respublikada 5 özəl tibb müəssisəsi fəaliyyət göstərir. Bu tibb müəssisələrinə həm ambulator, həm də stasionar gəlişlərin sayı ilbəil artır.
Tibb işçilərinin ixtisas səviyyəsinin artırılması muxtar respublikamızda da diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Bu məqsədlə həkim və rezidentlər Bakı şəhərinin, Türkiyə Respublikasının, eləcə də müxtəlif ölkələrin tanınmış xəstəxana, klinika və universitetlərində, orta tibb işçiləri isə Naxçıvan Tibb Kollecində təkmilləşmə kursu keçmələri üçün göndərilirlər. Həkim və orta tibb işçilərinin peşə bacarıqlarının artırılmasında beynəlxalq, respublika və yerli əhəmiyyətli simpozium, konfranslar, elmi-praktik seminarlar, məşğələ və treninqlər də mühüm rol oynadığından belə tədbirlər mütəmadi olaraq keçirilir.
Səhiyyə sahəsində kadr təminatı ən vacib məsələ kimi diqqət mərkəzində saxlanılır. Naxçıvan Dövlət Universitetinin ölkəmizin heç bir ali təhsil müəssisəsində analoqu olmayan Tibb fakültəsində və Naxçıvan Tibb Kollecində ixtisaslı həkim və orta tibb işçilərinin hazırlanması muxtar respublikanın səhiyyə ocaqlarının kadr təminatının ödənilməsinə imkan verir.
Hazırda Səhiyyə Nazirliyinin rəsmi internet saytı vasitəsilə müxtəlif elektron xidmətlər üzrə fəaliyyət təmin olunaraq “Elektron hökumət” portalına qoşulub. İnternet səhifəsi yenilənib, nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərilmiş sorğuların və onlara verilən cavabların müraciət edənlər tərəfindən onlayn izlənilməsi təmin olunub.
Ahıl və əlillərə göstərilən tibbi xidməti yaxşılaşdırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən onların Bakı şəhərinin Şağan qəsəbəsində fəaliyyət göstərən Əlillərin Müalicə Pansionatına, Mərdəkan qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pansionatına, eləcə də digər xəstəxanalara müalicəyə göndərilməsi daim diqqət mərkəzində saxlanılır.
…Onlar çox çətin, məsuliyyətli, lakin çox vacib və gərəkli bir peşə seçiblər. İnsanlar öz ağrı və iztirabları ilə həkimlərin yanına gəlir, ən dəyərli nemət olan sağlamlıqlarını və həyatlarını onlara etibar edirlər. Həkimlik adi peşə deyil, o, insandan həm də xüsusi düşüncə tərzi və incə ruh tələb edir. Nə yeni texnologiyalar və müasir müalicə metodları, nə bilik, təcrübə və hətta Hippokrat andına sadiqlik həkimin səbrini, həssaslığını, mərhəmətini və qayğısını əvəz edə bilməz. Xəstə insanın həmişə başa düşülməyə və canıyanarlığa, xoş sözə və qəlbin hərarətinə ehtiyacı var.
Hər insan ömründə elə məqamla rastlaşır ki, həyatla ölüm arasında nazik tel qayğıkeş həkimin əllərində olur. Belə məqamda həkim insana ümid bəxş edir, dayanmış ürəyin döyünməyinə, insanın sağlamlığına və xoşbəxt həyata qayıtmağına vəsilə olur.
Həkim bütün ömrü boyu öyrənir. Onun hər günü yeni sınaq, kiminsə həyatı uğrunda mübarizədir. Tibb işçilərinin gündəlik əməyi, dözümü və fədakarlığı sayəsində bu gün milyonlarla insan yaşadığına sevinir, övladlarını böyüdür, gələcəyə planlar qurur. Hər xilas etdiyi insan həkimə yer üzündə ən humanist, nəcib, lazımlı bir peşəyə aid olduğu üçün qürur hissi bəxş edir.
Onların qəlbində insanlara daim sevgi hissi yaşayır. Öz həyatını təbabətə həsr etmiş hər kəs ehtiram və minnətdarlığa layiqdir. Onlar bütün qüvvələrini, bilik və bacarıqlarını bundan sonra da xalqımızın sağlamlığının möhkəmləndirilməsinə, səhiyyənin inkişafına yönəltmək əzmindədirlər.

Hüseyn Əsgərov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR