22 Dekabr 2024, Bazar

Əkmələddin Naxçıvani Mövlananın həkimi olub

Tarixi mənbələrdə “Bəy həkim” təxəllüsü ilə tanınan naxçıvanlı Əkmələddinin adına bir çox mənbədə rast gəlmişdim. Diqqətimi çəkən bu şəxsiyyət barədə araşdırma aparmağa nail ola bildim. Naxçıvandan olduğu bir çox tədqiqatçılar tərəfindən dönə-dönə qeyd edilsə də, onun doğum tarixi və Anadoluya gəlib burada yaşamağa başladığı vaxt dəqiq bilinmir.
Əkmələddin Naxçıvaninin nisbəsi qaynaqlarda tam şəkildə aşağıdakı kimi işlənir: Əkmələddun Müəyyəd bin Əbubəkr bin İbrahim əl Naxçıvani ət-Təbib. Əkmələddin Naxçıvaninin tikdirdiyi məscid və dəfn olunduğu məzar-türbə səlcuqlar dövrünün qiymətli abidələrindən biri kimi qorunub saxlanmaqdadır. Yazılı mənbələrdə Cəlaləddin Rumidən gənc olduğu ehtimal edilən Naxçıvaninin saraya gəlməmişdən əvvəl Kayseri daruşşifasında çalışdığı məlum olur.
AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev öz tədqiqatlarında bu barədə yazır: “Mövlana ilə Əkmələddin Naxçıvani arasındakı dostluq münasibətləri haqqında nisbətən ətraflı məlumatlara, əsasən, o dövrün təzkirəçiləri Ə.Əflaki və Sipehsaların, bu böyük Səlcuq həkiminin tələbəsi olduğu ehtimal edilən Əbubəkr Zakinin əsərlərində təsadüf edirik. Bu mənbələrdə göstərilir ki, Əkmələddin Naxçıvani Mövlanaya yüksək ehtiram və hörmətinin ifadəsi olaraq onun Rum rəssamları tərəfindən çəkilmiş portretlərini böyük məbləğdə pul ödəyərək alırdı. Əkmələddin Naxçıvani dəfələrlə Mövlananı müalicə etmiş və vəfatı zamanı Qəzənfər Təbrizli adlı digər bir saray həkimi ilə birlikdə onun yanında olmuşdur. Əkmələddin Naxçıvani tez-tez Mövlananın böyük oğlu, atasından sonra mövləvilik təriqətinin şeyxi olmuş Bahaəddin Sultan Vələdlə (1226-1312) görüşər, onunla ədəbi və fəlsəfi söhbətlər edərdi. Sultan Vələd böyük təbibə ehtiramını “sən bu dövrdə tibb, hikmət və mərifətdə bir Əflatunsan, Yer üzünü dolanan alimlər sultanısan. Elə bir Bağdad xurmasısan ki, aləmə fəzilət meyvəsi verdin. Bu aləmdə birinin nəsibi tiryək, digərinin nəsibi zəhər olduqca ömrün dövlət, bəxt və səadətlə baqi olsun” cümlələri ilə ifadə etmişdir. Sultan Vələdin əsərində böyük həkimə 41 beytlik bir qəsidə həsr olunmuşdur. Bu qəsidənin ilk iyirmi iki beytinin baş hərflərindən “Ekmeleddin Müeyyed el-Nahcuvani” adı oxunur”.

Tarixi məlumatlara görə, o dövrün kiçik Karatay mədrəsəsi də həkimə məxsus olmuşdur. Əkmələddin Naxçıvani dövrünün ən böyük təbibi kimi İbn Sina dühasının heyranı idi. Elə buna görə də o, 1302-ci ildə İbn Sinanın məşhur “Əl-Qanun fit tibb” əsərinə təfsir, şərh yazmışdır.

Diməşq şəhərinin baş təbibi olmuş İbrahim Naxçıvani

Azərbaycanlı loğmanlar xalq təbabətinin ən yaddaqalan səhifələrini XVI-XVII əsrlərdə yaratmışlar. Bunlardan Məhəmməd Yusif Şirvani, Əhməd Çələbi Təbrizi, İbrahim ibn Zeynalabdin Naxçıvani, Hacı Süleyman İrəvani, Ağa Səid Təbib Təbrizi qədim loğmanların əsərlərindən və təcrübələrindən bəhrələnərək təbabətə dair fundamental əsərləri ilə tibb elmimizi genişləndirmişlər.
Belə təbiblərdən olan İbrahim Naxçıvani haqqında Məhəmmədəli Tərbiyətin “Danişməndani-Azərbaycan” əsərində deyilir: “Zeynalabdin Naxçıvaninin oğlu və hicri-qəməri XI (XVII) əsr təbiblərindəndir. Atası Diməşq şəhərinə getmiş və orada İbrahim tibb elmini öyrənmiş, Diməşqin baş təbibi olmuşdur. İbrahim hicri-qəməri 1058 (1648)-ci ildə Diməşqdə vəfat etmişdir”.
Qeyd edək ki, Mövlana İbrahim tibb elmində mahir və bacarıqlı sənətkar kimi tanınmışdır. O, “təbiblər rəisi” kimi də şöhrət qazanmışdır. Bundan başqa, İbrahim Naxçıvanini fiqh (müsəlman hüququ) elmi də özünə cəlb etmişdir. Mənbələrdə deyilir ki, tanınmış təbib çox söhbətcil, zarafatcıl olmuş, camaat içərisində “Cəməl” təxəllüsü ilə məşhurlaşmışdır. Müxtəlif təzkirələrdə haqqında bəhs olunan dəyərli təbib İbrahim Naxçıvani “Naxçıvani” təxəllüsünü daşıyan bir çox sanballı şəxs kimi adını tarixə yazdırmağı bacarmışdır.

 Nərgiz İsmayılova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR