Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi bu ilin ötən dövründə əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini davam etdirmiş, səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılmasını diqqət mərkəzində saxlamışdır.
Muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində ötən dövrdə Şərur rayonunun Oğlanqala, Culfa rayonunun Saltaq kəndlərində həkim ambulatoriyaları, Kəngərli rayonunun Yurdçu, Babək rayonunun Xəlilli, Şahbuz rayonunun Daylaqlı kəndlərində feldşer-mama məntəqələri tikilib istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində oftalmoloq, stomatoloq və ortopedlər tərəfindən kütləvi müayinələr, V-IX sinif şagirdləri arasında ilkin vərəm intoksikasiyasının aşkar edilməsi məqsədilə tuberkulin sınaqları aparılmışdır. Ölkəmizin paytaxtında fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinə və cərrahi əməliyyatlarının təşkili də diqqətdə saxlanılmışdır. Belə ki, Mərkəzi Neftçilər Xəstəxanasının Ürək və damar xəstəlikləri şöbəsinin həkim briqadası və Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin Kardiocərrahiyyə şöbəsi tərəfindən 6 ay ərzində 48 nəfərdə açıq ürək əməliyyatı aparılmışdır. Həmçinin Azərbaycan Milli Oftalmologiya Mərkəzinin, Azərbaycan Tibb Universitetinin, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin tərkibində olan Uşaq Ürək Cərrahiyyə Mərkəzinin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində göz, plastik rekonstruktiv əməliyyatlar həyata keçirilmişdir. Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 21 nəfərdən ibarət ayrı-ayrı ixtisaslar üzrə həkim briqadası isə yanvar ayında Şərur və may ayında Ordubad Rayon Mərkəzi xəstəxanalarında olmuş, 6091 nəfər tibbi müayinədən keçirilmiş, 161 nəfərdə cərrahi əməliyyat aparılmışdır.
Əhalinin dispanserizasiya işinin yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin, Naxçıvan Muxtar Respublika Xəstəxanasının, Diaqnostika-Müalicə Mərkəzinin və rayon mərkəzi xəstəxanalarının yaratdığı həkim briqadaları ucqar dağ və sərhəd kəndlərində olmuş, əhaliyə tibbi xidmət göstərmişdir.
İxtisaslı kadrların hazırlanması bu gün qarşıda duran əsas vəzifədir. Ötən dövrdə bu istiqamətdə tədbirlər davam etdirilmiş, 17 həkim Türkiyə Respublikası Ankara Universitetinin Tibb fakültəsində, İzmit Kocaeli Universitetində, Ərzurum Atatürk Universitetinin xəstəxanasında, İran İslam Respublikası Təbriz Tibb Universitetinin xəstəxanalarında müxtəlif müddətlərə təkmilləşmə kurslarına göndərilmişlər.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti