Naxçıvan Muxtar Respublika Xəstəxanasında stomatoloji kabinələrdə tibb alətlərinin dezinfeksiya və sterilizasiyasına həsr olunmuş elmi-praktik seminar keçirilib. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Sona Məmmədova bildirib ki, stomatologiya sahəsində istifadə olunan alət və avadanlıqların ümumdünya səhiyyə standartlarına uyğun sterilləşdirilməsi istər tibb işçilərinin, istərsə də pasiyentlərin sağlamlığının əsas təminatçısıdır. Xəstəxana və klinika infeksiyaları hətta inkişaf etmiş ölkələrin də ciddi problemi olmaqda davam edir. Əvvəllər, sadəcə, hər hansı bir ölkə və ya bölgələrə xas olan xəstəliklər indi sürətlə bütün dünyaya yayıla bilir.
Sterilizasiya və dezinfeksiya haqqında nəinki hər bir həkim, hətta hər bir insan məlumatlı olmalıdır. Qan və ağızsuyu ilə daim təmasda olan diş həkimləri və köməkçi heyət lazım olan qoruyucu tədbirlərdən istifadə etmədikdə həm özlərinin yoluxma, həm də pasiyenti yoluxdurma riskini daşıyır. Bu səbəbdən stomatoloji kabinələrdə infeksiya nəzarətinə ciddi diqqət yetirilməlidir. Eyni zamanda hər bir pasiyent müalicə olunduğu stomatoloji klinikada sterilizasiya və dezinfeksiyanın necə həyata keçirilməsi ilə yaxından maraqlanmalıdır. Bu həm onun özünün, həm də ailə üzvlərinin sağlamlığı üçün vacibdir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi elmi-tibbi şurasının sədri, Naxçıvan Dövlət Universitetinin müəllimi Elmar Rzayev “Vərəm, HİV, hepatit viruslarının yoluxma yolları”, Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəzinin baş həkimi Səkinə Məmmədova “Müasir sterilizasiya və dezinfeksiya” mövzularında məruzələr ediblər. Slaydlarla müşayiət edilən məruzələrdə pasiyenti yoluxdurma riskindən qorumaq üçün mövcud standartlara ciddi əməl olunmasının profilaktik tədbirlərdə mühüm rol oynadığı vurğulanıb.
Sonra seminar iştirakçılarına tibb alətlərinin dezinfeksiya, sterilizasiyaqabağı təmizləmə və sterilizasiyası metodları haqqında metodik təlimatlar paylanılıb.
Tədbirdə muxtar respublikanın səhiyyə müəssisələrində fəaliyyət göstərən stomatoloqlar, diş texnikləri, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin və Naxçıvan Tibb Kollecinin tələbələri iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti