Sağlam yaşamaq həyatda hər kəsin arzusudur. Buna görə də bu arzu evdə, işdə, müxtəlif məclislərdə, səfərə gediləndə daim insanların dilindən səsləndirilib. Arzuların ən böyüyü sayılan cansağlığı hələ qədim dövrlərdən insanları düşündürüb, onları həyatda sağlam yaşamağın yollarını öyrənməyə sövq edib. İndiyədək bu sahədə saysız-hesabsız kitablar yazılsa da, tədqiqatlar aparılsa da, yenə də xəstəliklər insanlara “ömür yoldaşı” olmaqda davam edir. Hətta deyərdik ki, bu cür “yoldaşlarımız” müasir dövrdə daha da çoxalıb. Bunun bir çox səbəbləri var. Təzad bundan ibarətdir ki, dünya nə qədər çox inkişaf edirsə, insanların sağlamlıq baxımından vəziyyəti də o qədər ağırlaşır. Bu barədə ötən yazılarda qeyd etmişdik, ancaq yenə də xatırlamağı lazım bilirik.
Bir nüansı heç vaxt yaddan çıxarmayaq ki, müasir insanın rahat yaşaması üçün bəşəriyyət saysız-hesabsız ixtiralar edib: avtomobillər, təyyarələr, elektron informasiya vasitələri və sair. Tibb elmi sübut edir ki, bəşəriyyət yarandıqdan bu tərəfə insanların qidalanma prosesində mühüm dəyişikliklər baş verib. Bir zamanlar təbiətdən asılı olan insan indi təbiəti özünə asılı etmək uğrunda mübarizə aparır. Məhz problemlər də buradan yaranmağa başlayır. Elm inkişaf edərək cəmiyyətə mühüm nailiyyətlər bəxş etsə də, insanoğlunun iddiaları bəzi hallarda onun əleyhinə işləyib. Fakt ondan ibarətdir ki, insanlar illər keçdikcə təbii qidalardan uzaq düşməyə başlayıb, nəqliyyat vasitələrinin inkişafı hərəkətsizlik kimi bir sindromu gündəlik həyatımızın ayrılmaz bir hissəsinə çevirib. Nəticədə, bioloji orqanizmimiz ona vurulan bu zərbələr nəticəsində müxtəlif xəstəliklərlə qarşılaşmalı olur. Halbuki ana təbiətin Günəş, su, hava, torpaq kimi ünsürləri həyatın əşrəfi sayılan insana sağlam ömür sürmək haqqını verib. Biz isə bu haqdan yetərincə istifadə edə bilmirik. Sağlamlığımızı yalnız onu itirdikdən sonra axtarmalı oluruq.
Bildiyimiz kimi, insanların anatomik quruluşunda hər bir orqanın öz rolu və funksiyası var. Uca Yaradanın şah əsəri olan insan müxtəlif orqanlar vasitəsilə öz yaşamını təmin edir: yeyir, içir, görür, hərəkət edir və sair. Təbii ki, insan yaşamaq üçün qidalanmalıdır. Bu qidalanmada isə bütün orqanlardan əvvəl dişlər öz funksiyasını həyata keçirir. Yəni qida ilk olaraq ağızda dişlər vasitəsilə çeynənilir, sonra qida borusu vasitəsilə mədəyə ötürülür. Əgər qəbul etdiyimiz qidalar yaxşı çeynənməsə, demək ki, problemlərə yol açıqdır. Diqqət edək, dişlər qəbul olunan qidanın bölünməsində, əzilməsində və dəfələrlə çeynənməsində mühüm rol oynayaraq onun mədədə yaxşı həzm olunmasına şərait yaradır. Əgər bu proseslər dişlər tərəfindən düzgün yerinə yetirilməzsə, mədədə həzm prosesi də çətinləşəcək, udduğumuz qidanın bir hissəsi parçalanmayacaq, parçalanmadığına görə orqanizmdə enerji mənbəyinə də çevrilməyəcək və nəhayət, müxtəlif xəstəliklərə səbəb olacaq toksinlər qazanacağıq. Hansı ki bu toksinlər orqanizmdə qaldıqca ən ağır xəstəliklərin yaranmasına səbəb olacaq. Məsələ təkcə bununla bitmir. Əgər dişlər yeməyi xırdalaya bilmirsə, mədənin işi ağırlaşır, qida borusu və bağırsaqlar tez sıradan çıxır, qaraciyər aktiv şirə ifraz edə bilmir və sair. Deməli, buradan belə nəticəyə gəlmək mümkündür ki, sağlam dişlər bizi ehtimal edilən mühüm xəstəliklərdən qoruyur, daha doğrusu, onların yaranmasına imkan vermir. Eyni zamanda onu nəzərdən qaçırmayaq ki, sağlam dişlər təkcə qida qəbulunda rol oynamır. Sağlam dişlər düzgün çənə quruluşuna, bu da, öz növbəsində, üzün (simanın) gözəlliyinə təsir edir. Bundan əlavə, dişlər danışarkən sözlərin düzgün səslənməsində mühüm əhəmiyyət daşıyır.
Tibbi araşdırmalar göstərir ki, dişlərin formalaşması uşağın doğulmasından çox daha əvvəl başlayır. İnsan rüşeymi artıq 6 həftəliyində çənə sümüklərinin daxilində diş rudimentlərinə malik olur. Hamiləlik dövründə və doğuşdan sonra minerallaşma baş verir, yəni diş rudimentlərinə minerallar toplanır və onlar möhkəm olurlar. Minerallaşma prosesi dişlər ağızda çıxdıqdan sonra belə, davam edir. 5-6 yaşda süd dişləri tökülməyə və onların yerində daimi dişlər çıxmağa başlayır. Ağız boşluğunda çıxan azı dişləri ilk daimi dişlər hesab olunur.
Qeyd edək ki, həkimlər bütün orqanlar kimi, dişlərin də gənc yaşlardan qorunması və möhkəmləndirilməsini məsləhət görürlər. Bunun üçün isə, ilk növbədə, gündəlik rasionumuza qəbul edəcəyimiz məhsulları düzgün seçməliyik. Tibb sahəsində aparılan çoxsaylı tədqiqatlar onu sübut edir ki, yalnız təbii qida məhsulları, xüsusilə meyvə-tərəvəz dişlərin sağlamlığına böyük təsir göstərir. Buna görə də stomatoloqların da gəldiyi ümumi qənaət bundan ibarətdir ki, meyvə, giləmeyvə və tərəvəz məhsullarının qəbulunu daim diqqətdə saxlamaq lazımdır. Eyni zamanda yerkökü, çuğundur, turp kimi tərəvəzlərdən istifadə dişləri mexaniki olaraq təmizləyir, onlarda ərp qatının yaranmasının qarşısını alır.
Yeri gəlmişkən onu da vurğulayaq ki, hazırda bütün dünyada ən geniş yayılmış diş xəstəliyi dişlərin sərt toxumalarının dağılması – kariyesdir. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, yer üzündə 5 milyarda yaxın insan kariyesdən əziyyət çəkir. Azərbaycanda da əhalinin 90-95 faizində kariyes var. Bəs kariyes nədən əmələ gəlir? Azərbaycanın qədim sakinlərinin kəllə sümüklərini öyrənən alimlər bununla bağlı maraqlı nəticələrə gəliblər. Araşdırmalar göstərib ki, bizim eradan əvvəl I əsrdən eramızın VII əsrinə qədər olan dövrdə qədim insanlarda kariyes çox az olub. Əgər indi 95 faizdirsə, o zaman 30-40 faiz təşkil edib. Tədqiqatçılar faizin aşağı olmasını onunla əlaqələndirirlər ki, qədim insanlar indiki qidalarla deyil, təbii qidalarla qidalanırdılar və onların diş-çənə sistemində güclü çeynəmə prosesi gedirdi. Maraqlı burasıdır ki, VII əsrdən sonra kariyesin də faiz göstəricisi çoxalıb. Bunu onunla əlaqələndirirlər ki, həmin dövrdən başlayaraq un məmulatları ilə qidalanma daha da genişlənib. İndiki zamanda nəzəriyyələr də sübut edir ki, kariyes çoxsəbəbli xəstəlikdir. Onlardan birincisi isə karbohidratların artıq dərəcədə qəbuludur. Xüsusilə şirniyyata güclü həvəsi olanlarda kariyes daha çox müşahidə edilir. Həkimlər bu xəstəliyin qarşısını almaq üçün qəbul edilən qidaların tərkibinin zəngin olmasına diqqət çəkərək daha çox meyvə-tərəvəz məhsullarına üstünlük verilməsini məsləhət görürlər.
Bəli, dişlər orqanizmin elə üzvləridir ki, orqanizmdə baş qaldıran xəstəliklərin böyük əksəriyyəti onlardan qaynaqlanır. Burada qədim Şərq təbabətinə aid bir məsəli xatırlamadan keçmək olmur: “Bir insanın sağlam olmağını bilmək istəyirsənsə, əvvəlcə onun dişlərinə bax”.
Səbuhi Həsənov