22 Dekabr 2024, Bazar

Bakı şəhərində fəaliyyət göstərən Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə may ayının 7-dən 10-dək Ordubad rayonunda növbəti humanitar aksiya keçirib.
Ordubad Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan 3 günlük aksiyada Klinik Xəstəxananın baş həkimi Telman İbadovun rəhbərliyi ilə 23 yüksəkixtisaslı həkim və orta tibb işçisi iştirak edib. Cərrahlardan Fariz Camalov, Qənimət Bəylərov, kardioloq Sevil Abbasova, otolarinqoloq Məzahir Quliyev, nevropatoloq Ülkər Abbasova, ginekoloqlar Kənarə Abdullayeva, Aytəkin Hacızadə, allerqoloq Reyhan Paşayeva, endokrinoloq Aynur Hümmətova və başqalarının səyi ilə aksiya zamanı 1901 nəfər ambulator müayinə ilə əhatə olunub. Müayinə olunmaq üçün xəstəxanaya müraciət edən pasiyentlərin hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi lazımi şərait yaradıb. Ordubad Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti də Bakıdan gələn həkimlərlə birgə tibbi xidmət göstərib.

Cərrahi müdaxiləyə ehtiyacı olan 30 nəfər üzərində ümumi cərrahi, proktoloji, uroloji, burun-qulaq-boğaz və digər əməliyyatlar aparılıb. Əməliyyatlar uğurla başa çatdırılıb, xəstələr birgünlük müşahidədən sonra evlərinə buraxılıblar. Aksiya zamanı pasiyentlər həmçinin hematoloji, uroloji, nefroloji, proktoloji, oftalmoloji və digər tibbi xidmətlərlə də əhatə olunublar.
Yüksəkixtisaslı heyət yerli həkimlərə tibbi avadanlıqların işləmə qaydalarını da öyrədib. Laboratoriyada ümumi analizlərin olunması, infeksiyaların təyini, aparatların işləmə mexanizmi yerli həkim və tibb işçilərinə izah edilib.
Aksiyada iştirak edən Ordubad rayonunun Xanağa kəndindən Zəminə Cəlilova bildirib ki, övladının cərrahi müdaxiləyə ehtiyacı var idi. Rayon Mərkəzi Xəstəxanasında belə bir aksiya keçirilməsi bu ehtiyacın ödənilməsinə imkan verib. Aksiyanın ilk günü övladı üzərində cərrahi əməliyyat aparılıb. Palataya yerləşdirilən xəstə üçgünlük həkim nəzarətindən sonra evə buraxılıb. Valideyn belə xeyirxah aksiyaların təşkilatçı və icraçılarına minnətdarlıq edib.
Ordubad şəhər sakinlərindən Zöhrə Məmmədova, Hafiz Qarayev, Nəsirvaz kənd sakini Səkinə Həsən­ova və başqaları da onlara göstərilən bu xidməti dövlətimizin əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsi kimi dəyərləndirərək minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim briqadası bu ilin yanvar ayında Şərur Rayon Mərkəzi Xəstəxanasında əhalini tibbi müayinədən keçirib, üç gün ərzində 2504 pasiyent üzərində müayinə aparıb, ümumi cərrahi, proktoloji, uroloji, burun-qulaq-boğaz olmaqla, 75 əməliyyat həyata keçirib. Əməliyyatların hamısı uğurlu olub.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR