22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyat­larının təşkili davam etdirilir.

Naxçıvan Muxtar Respublika Xəstəxanasında qurulmuş müasir tibbi avadanlıq və cihazlar, yaradılmış şərait burada müxtəlif müayinə və müalicə metodlarının tətbiqinə imkan verir.
Yaranmış ənənə cari ildə də davam etdirilir. Türkiyə Respublikası Hacəttəpə və Ankara Tibb universitetləri Endokrinologiya və metabolizma kafedrasında, həmçinin ABŞ-ın Corcia ştatındakı Emori Universitetində təhsil almış, Türkiyə, ABŞ və Avropa Endokrinoloji Cəmiyyətinin üzvü, hazırda Bakı şəhərində fəaliyyət göstərən Rövşən Həsənov avqustun 26-27-də Naxçıvan Muxtar Respublika Xəstəxanasında olub. Endokrinologiya və metabolizma xəstəlikləri üzrə mütəxəssis xəstələri tibbi müayinələrdən keçirib.

Bu münasibətlə keçirilən tədbirdə xəstəxananın Endokrinologiya şöbəsinin müdiri Aysel Dünyamalıyeva bildirib ki, səhiyyə sisteminin inkişafına dövlət qayğısının artırılması, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi, infra­strukturun yenidən qurulması digər sahələr kimi, endokrinologiya sistemində də mühüm irəliləyişlərə şərait yaradıb. Əvvəllər fəaliyyət göstərən Endokrinoloji Dispanserin əvəzində Naxçıvan Muxtar Respublika Xəstəxanasında Endokrinologiya şöbəsinin yaradılması səhiyyə islahatlarının tərkib hissələrindən biridir. Burada müalicə-diaqnostika işinin yaxşılaşdırılması şəkərli diabet xəstələrinin aşkarlanması üçün də şərait yaradıb. Endokrinologiya şöbəsi tərəfindən şəkərli diabetin diaqnostikası və müalicəsi üzrə klinik protokolların tətbiqi, xəstəliyin profilaktikasına dair maarifləndirici söhbətlərin aparılması, diabetin fəsadlarının profilaktikası məqsədilə tibb müəssisələrində təlim məktəbləri şəbəkəsinin gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Həkimlərin peşə bacarığının yüksəldilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Müasir müalicə metodlarının öyrənilməsi və tətbiqi üçün yüksəkixtisaslı mütəxəssislərin iş təcrübəsindən istifadə olunur.
Sonra xəstələrdə müşahidə olunan zob düyünlərinin biopsiyası və ultrason müayinələri aparılıb, şəkər xəstəlikləri və onların risk amilləri araşdırılıb, xəstələrə tibbi məsləhət və tövsiyələr verilib. Təhlil nümunələri histoloji müayinə üçün Onkoloji Mərkəzə göndərilib. İki gün ərzində 50 nəfər xəstə müayinələrlə əhatə olunub. Belə müayinələrin mütəmadi təşkili xəstələrin başqa ünvanlara üz tutmadan muxtar respublikanın səhiyyə müəssisələrində müalicəsində mühüm rol oynayır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR