17 aprel dünyanın 116 ölkəsində Hemofiliya Günü kimi qeyd olunur. Məqsəd ictimaiyyətin diqqətini hemofiliyalı xəstələrin problemlərinə cəlb etməkdir.
Muxtar respublikamızda Naxçıvan şəhəri və rayonlar üzrə hemofiliyalı və talassemiyalı xəstələr dispanser qeydiyyata alınıb, onlara əlillik qrupları təyin olunub. Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasının Hematoloji şöbəsində 67 nəfər hemofiliyalı, 28 nəfər talassemiyalı xəstə qeydiyyatda durur.
Ötən ilin dekabr ayında ölkə Prezidentinin iştirakı ilə istifadəyə verilən Naxçıvan Muxtar Respublika Xəstəxanasında Mərkəzi qan bankı şöbəsinin yaradılması qana ehtiyacı olan xəstələrin, o cümlədən hemofiliyalı və talassemiyalı xəstələrin müntəzəm olaraq qanla (eritrosit kütləsi ilə), digər qan komponentləri ilə təminatında yeni mərhələnin başlanğıcına çevrilmişdir. Mərkəzi qan bankı növbəlilik əsasında 24 saat fəaliyyət göstərməklə təkcə Naxçıvan Muxtar Respublika Xəstəxanasını deyil, həm də digər səhiyyə müəssisələrini lazım olan qan, plazma, eritrosit və trombosit kütləsi ilə təchiz edəcəkdir. Hazırda hemofiliyalı və talassemiyalı xəstələr üçün qanvermə aksiyalarının keçirilməsi bu sahədə davam etdirilən tədbirlərin tərkib hissəsi olmaqla, şəfqət və humanizmin parlaq təcəssümüdür.
Belə tədbirlərdən biri aprelin 15-də Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim, orta tibb işçiləri və texniki heyətinin iştirakı ilə keçirilmişdir. Donorların müayinəsini və qan götürülməsini həyata keçirən Hematoloji şöbənin müdiri Xalidə Bağırova ölkəmizdə qan köçürülməsinə ehtiyacı olan xəstələrin müalicəsinə göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən layihələrdən danışıb. Qeyd olunub ki, hemofiliyalı xəstələrə dövlətimiz tərəfindən çox böyük diqqət və qayğı göstərilir. “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanunu, onun tətbiq edilməsi barədə Prezident İlham Əliyevin Fərmanı, Nazirlər Kabinetinin təsdiq etdiyi 2006- 2010-cu illər üçün “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı” və 2011-2015-ci illəri əhatə edən Tədbirlər Proqramı bunun bariz nümunəsidir. Bununla yanaşı, ölkə başçısı 10 fevral 2015-ci il tarixli Sərəncamı ilə “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Bu proqramların məqsədi hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın keyfiyyətinin artırılması, həyat şəraitinin yaxşılaşdırılması, xəstələrdə əlillik və ölümün azaldılması, hemofiliyanın fəsadlarının diaqnostikası, müalicə və profilaktikasının təkmilləşdirilməsi, xəstələrdə qanaxmanın profilaktikası məqsədilə faktor preparatları ilə müalicənin təşkil edilməsi və sair kimi tədbirlər görməkdən ibarətdir. Hemofiliyalı insan düzgün və vaxtlı-vaxtında müalicə alarsa, sağlam insan nə qədər yaşayarsa, o qədər yaşayar. Çünki təhlükəsiz qandan istehsal olunmuş preparatlarla müalicə xəstələri bütün problemlərdən sığortalayır.
Son illərdə xəstəliyin müalicəsi və diaqnostikası istiqamətində görülən mühüm işlər, həyata keçirilən tədbirlər bu xəstələrin dərman preparatlarına ehtiyacının tam ödənilməsinə, onların sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan yaradıb. Xəstələrin müalicəsinin müasir səviyyədə təşkili, radikal müalicə üsulları sayəsində hemofiliyalı xəstələrin normal həyat fəaliyyəti təmin olunub, bu xəstəlikdən əlillik və ölüm halları azalıb.
Sonra səhiyyə işçilərindən “Çoxlarının həyatının xilası sənin qanının təhlükəsizliyindədir” devizi altında qan götürülüb. Əvvəlcə donorlardan arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək testdən keçirilib. Bir neçə saat davam edən aksiyada Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin də əməkdaşlarının iştirakı ilə 23 nəfər könüllü olaraq qan verib. Donorlardan götürülən qanın qrupları müəyyənləşdirilərək ikili və üçlü torbalarda qan bankına təhvil verilib. Hazırda qan bankında xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb. Tələbatdan artıq donor qanından plazma hazırlanaraq qan bankında saxlanılacaqdır.
Bundan başqa, muxtar respublikamızda hemofiliyalı və talassemiyalı xəstələrin müalicəsi və profilaktikası üzrə tibbi mütəxəssislər hazırlanır, onların ixtisaslarının artırılması üçün ardıcıl tədbirlər həyata keçirilir. Hemofiliya və talassemiyanın fəsadlarından yaranan əlilliyin və ölüm hallarının azaldılması, bu fəsadların profilaktikasının təşkili muxtar respublika səhiyyə sisteminin uğurlarından sayıla bilər.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti