Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində sonsuzluğun müalicəsi xidməti yaradılır.
Doğum Mərkəzində qurulmuş müasir tibbi avadanlıq və cihazlar, yaradılmış şərait burada müxtəlif müayinə və müalicə metodlarının tətbiqinə imkan verir.
Sonsuzluğun müalicəsi xidmətinin təşkili üçün Bakı şəhərində müqavilə əsasında fəaliyyət göstərən türkiyəli mütəxəssis, cərrah, mama-ginekoloq Olcay Turqut Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinə dəvət olunub. Muxtar respublikanın səhiyyə müəssisələrində çalışan həkim ginekoloqlarla keçirilən görüşdə süni mayalanma, sonsuzluğun müalicəsi, hamiləlik, doğuş, qeysəriyyə, endoskopik cərrahlıq, kistoektomiya, miomektomiya və qadın xəstəlikləri barədə fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, ekstrakorporal müalicə üsulunu çox vaxt süni mayalanma kimi adlandırırlar. Süni mayalanma ifadəsi digər ölkələrdə işlədilmir. Bu ifadə insanların məsələnin mahiyyətini yanlış anlamasına səbəb olur. Əslində isə burada süni heç nə olmur, belə uşaqların da digərlərindən heç bir fərqi yoxdur.
Sağlam analıq hamiləliyin fəsadsız, təhlükəsiz keçməsindən, sağlam körpələrin dünyaya gəlməsindən, yəni reproduktiv sağlamlıqdan asılıdır. Reproduktiv sağlamlıq dedikdə təkcə hansısa bir ailənin deyil, bütün cəmiyyətin sağlamlığı nəzərdə tutulur. Əhalinin reproduktiv sağlamlığı yüksək olanda ana ölümü baş vermir, uşaq sağlam, genefond sağlam olur.
Olcay Turqut bildirib ki, ginekologiyada çoxlu sayda xəstəliklər var ki, qadının ana olmasına, hamiləlik keçirməsinə imkan vermir və ya hamiləlik tibbi əks-göstəriş sayılır. Belə qadınlar surroqat ana proqramı həyata keçirilənədək ana olmaq xoşbəxtliyindən, təbii ki, məhrum olurdular. Bu proqram imkan yaratdı ki, bu cür qadınlar da öz reproduktiv funksiyalarını həyata keçirsinlər. Adətən, somatik xəstəliklər zamanı da dölün bətndə gəzdirilməsi və həyata gətirilməsi böyük yük sayılır: bu həm həmin xəstəliyin dərinləşməsinə, həm də başqa yeni xəstəliklərin – ürək, böyrək, qaraciyər xəstəliklərinin əlavə olunmasına səbəb olur. Talassemiyalı qadınlar da surroqat ana üsulundan istifadə etməklə ana olmaq xoşbəxtliyinə nail ola bilərlər.
Keçirilən görüşdə sonsuzluğun müalicəsi xidmətinin təşkili zəruri hesab edilib. Olcay Turqut mütəmadi olaraq Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinə dəvət edilərək yerli həkimlərlə birgə sonsuzluğun müalicəsi, laparoskopik və histereskopik əməliyyatlar aparacaqdır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti