Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəz Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin tələbələri üçün hər ay keçiriləcək elmi-praktik seminarlara start verib. İlk seminar Naxçıvan Muxtar Respublika Xəstəxanasında keçirilib.
Stomatoloji Mərkəzin baş həkimi Səkinə Məmmədova tədbiri giriş sözü ilə açaraq Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində Stomatologiya ixtisası üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün görülən işlər sırasında elmi-praktik konfrans və seminarların, treninq və təlimlərin mühüm əhəmiyyətini qeyd edib. Bildirilib ki, elmi-praktik seminarların keçirilməsində əsas məqsəd tələbələrin nəzəri və təcrübi biliklərinin vəhdətinə, müstəqil şəkildə praktik fəaliyyətlərinə nail olunmasından ibarətdir. Tələbələr hazırda universitet xəstəxanasında, Stomatoloji Mərkəzdə, digər səhiyyə müəssisələrində müasir stomatoloji qurğularla təchiz edilmiş kabinetlərdə təcrübə dərsləri keçir və praktik vərdişlər qazanır, müxtəlif əməliyyatların yerinə yetirilməsində iştirak edirlər.
Sonra Tibb fakültəsinin tələbələri Ülkər Əsgərova, Ruslan Əliyev, Qəmər Bədəlova, Günel Səfərova slaydların müşayiəti ilə ağız, üz-çənə cərrahiyyəsinin müxtəlif aspektləri, haymorit və onun klinikası, əlamətləri və gedişatı, diaqnoz və müalicəsinə dair məruzələr ediblər. Bildirilib ki, orqanizmin dəhlizi hesab olunan ağız boşluğu, diş və çənələr insan sağlamlığında mühüm rol oynayır. Üst çənə cibinin iltihabı olan haymorit kəskin zökəm, qrip, qızılca, skarlatina və digər infeksion xəstəliklərin ağırlaşmasından yaranır. Müalicəsi, adətən, konservativdir. Bəzi hallarda kliniki cəhətdən kəskinlərdən az seçilən xroniki formalara keçid mümkündür. Bu halda cərrahi müdaxilə aparılır.
Sonda tələbələrin iştirakı ilə aparılmış rentgenoloji müayinələrin nəticələri müzakirə edilib, suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti