22 Dekabr 2024, Bazar

Hər bir xalqın, dövlətin, ailənin ən böyük sərvəti uşaqlardır. Onlar bizim sevincimiz, xoşbəxtliyimiz, gələcəyimizdir. Uşaq o zaman ailəyə sevinc, xoşbəxtlik bəxş edir ki, o, sağlam doğulsun, sağlam böyüsün, xəstələnməsin, həmişə gümrah olsun. Ona görə də ilboyu, fəslindən asılı olmayaraq, uşaqlar diqqət və qayğıya möhtacdır. 

Yay fəslinin isti keçməsi ilə əlaqədar olaraq uşaqlar arasında az da olsa, mədə-bağırsaq xəstə­liklərinə rast gəlmək mümkündür. Buna əsas səbəblər kimi bəzən uşağa ana südünün az verilməsini, isti vaxtlarda xəstə­liktörədən mikroorqanizmlərin aktivliyinin artmasını, ərzaq məhsullarının düzgün saxlanma­masını, uşaqların və valideynlərin sanitar-gigiyena qaydalarına düzgün riayət etməmələrini, anaların uşaqları düzgün qidalandırmamalarını göstərmək olar. Eyni zamanda uşaqlarda mədə-bağırsaq sisteminin zəif olmasının, həzm fermentlərinin kifayət qədər olmamasının da xəstəliklərin əmələ gəlməsində böyük rolu vardır. Fiziki cəhətdən zəif, hipotrofiyalı (az çəkili), raxitli, qanazlığı olan uşaqlarda yay aylarında xəstələnmə riski yüksək olur.

Uşaqların sağlam və normal böyümələri üçün əsas məsələlərdən biri onların yaşa uyğun və səmərəli qidalanmasıdır. Kiçik yaşlarda, xüsusən südəmər dövrdə mədə-bağırsaq xəstəliklərinin əmələ gəlməməsi üçün, ilk növbədə, ana südü ilə qidalanma düzgün təşkil edilməlidir. Analar öz uşaqlarına mümkün qədər süd verməlidirlər. Müqəddəs kitabımız “Qurani-Kərim”də məsləhət görüldüyü kimi, 2 il ərzində ana öz uşağına süd verməlidir. “Kitabi-Dədə Qorqud” dastanında “Ana südü, dağ çiçəyi” fəslində ana südü müqəddəsləşdirilir, məlhəm olması vurğulanır. Çünki ana südü uşaq üçün əvəzsiz qidadır. Onun tərkibindəki qida maddələri – zülallar, karbohidratlar, yağlar, mineral maddələr bir-birinə elə nisbətdədirlər ki, onlar uşaq orqanizmində tez sorulur. Ana südünün tərkibində anticisimciklər var ki, onlar uşaqları müxtəlif xəstəliklərdən qoruyur. Eyni zamanda ana südü vasitəsilə bir çox genetik informasiyalar da uşaq orqanizminə keçir ki, bu da gələcəkdə şəxsiyyətin formalaşmasında böyük rol oynayır.
Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, ana südü ilə qidalanan uşaqlar süni qidalananlara nisbətən 27 faiz az xəstələnir, xəstələndikdə isə xəstəliyi yüngül keçirirlər. Ana südündə eyni zamanda sakitləşdirici komponentlər var ki, uşaq qorxanda, ağlayanda onu sakitləşdirir. Ana südü ilə yanaşı, 6 aylığından kartof, tərəvəz pürelərindən, yağsız suplardan, müxtəlif sıyıqlardan istifadə edilməlidir.
Ana südü az olduqda və ya heç olmadıqda analar müxtəlif heyvani südlərdən: keçi, inək və müxtəlif uşaq yeməklərindən düzgün istifadə etmirlər. Bu da uşaqda mədə-bağırsaq pozğunluğuna səbəb olur. Yaxşı olar ki, belə vaxtlarda uşaq həkimi ilə məsləhət olunsun. Lakin uşaq yeməkləri verilərkən də sanitar-gigiyenik qaydalara, onların saxlanmasına ciddi diqqət etmək, bir sıra zərərli qidalardan verməmək lazımdır.
Bu gün uşaqların ən çox sevdikləri qidalardan: müxtəlif qazlı şirələr (fanta, kola, limonadlar), acılı-şirinli cipsilər, ev şəraitində bişirilməyən dönərlər, hamburgerlər, qutablardan mütəmadi istifadə etdikdə uşaq orqanizmində müxtəlif patologiyalar əmələ gəlir. Məsələn fanta, kola və limonadların tərkibində müxtəlif konservantlar var ki, uşaqlar bu içkilərdən çox istifadə etdikdə bağırsaqlarda iltihab yaradır, mədənin selikli qişasının qıcıqlanması nəticəsində turşuluğun miqdarı artır, bu da yara və xoraların əmələgəlmə riskini artırır. Həmçinin şirələrin tərkibindəki şəkərin artıqlığı iştahanın pozulmasına və boy artımının ləngiməsinə səbəb olur. Müxtəlif növ kartof qızartmaları, ketçup kimi qida əlavələrini mütəmadi qəbul etdikdə zərərli nəticələri olur. Qeyd edək ki, 100 qramlıq bir paket cipsidə 25-33 qram yağ vardır, bundan uzun müddət istifadə etdikdə bu, uşaqların tez kökəlməsinə və gələcəkdə şəkərli diabetin əmələ gəlməsinə və damar tıxanmaları riskininin artmasına səbəb olur. 170-180 dərəcədə bişirilən bu kartof qızartmalarından sonra həmin yağların tərkibi dəyişir, onlarda zərərli maddələr əmələ gəlir. Bu da uşaqların mədə-bağırsaqlarında iltihabi proseslərin güclənməsinə, qusma və ishala səbəb olur.
Uşaqlar arasında mədə-bağır­saq xəstəlikləri, sadə və toksiki dispepsiyalar, dizenteriyalar, salmonellyozlar, eşerixlər müxtəlif etiologiyalı bağırsaq infeksiyaları, qida zəhərlənmələrinə rast gəlinir. Uşaqları qidalandırarkən yaşa fikir verilməlidir. Əks-təqdirdə, sadaladığımız xəstəliklərlə üzləşmək qaçılmaz olar. Uşaqları yaşa uyğun düzgün qidalandırmaqla yanaşı, sanitar-gigiyenik tələblərə də əməl etmək lazımdır. Zərərli həşəratların məhv edilməsi, xüsusən uşaqlar oynadıqdan, məktəbdən gəldikdən sonra əllərin mütləq sabunla yuyulması, döşəkağıların, əl-üz dəsmallarının təmiz və fərdi olmasına fikir verilməlidir. Məktəb və uşaq bağçalarında dezinfeksiyaedici məhlullardan istifadə edilməlidir.
Mədə-bağırsaq xəstəliklərinin hamısı, demək olar ki, eyni simptomlarla başlayır: narahatlıq, ürəkbulanma, qusma, qarında diskomfortun olması və bəzən hərarətin qalxması. Bütün bu simptomlara analar diqqətlə yanaşmalı və həkimə qədər uşaqlara ilk yardımlar edilməlidir. Belə ki, uşaq dərhal çobanyastığı dəmləməsi və ya ilıq su ilə təmizləyici imalə edilməli, uşağa qida verilməsi bir neçə saat ərzində dayandırılmalı (ana südündən başqa), limonlu çay, rehidron məhlulu verilməlidir. Əgər hərarət yüksəkdirsə, uşağa ilıq vanna edib, parasetamol vermək və uşaq həkiminə müraciət etmək lazımdır.
Yay ayları uşaqların orqanizmlərinin möhkəmlənməsi, immunitetin səviyyəsinin artırılması üçün hər cür meyvə-tərəvəzlə zəngin, Günəş şüaları ilə bol aylardır. Bu aylardan valideynlər uşaqlar üçün daha səmərəli istifadə etməlidirlər.
Əziz analar, uşaqlarınızı yay aylarında mədə-bağırsaq xəstə­liklərindən qorumaq üçün onların düzgün qidalanmasına, şəxsi gigiyena qaydalarına riayət edilməsinə, ana südündən səmərəli istifadə olunmasına geniş diqqət etməlisiniz. Gələcəyimiz olan uşaqlara diqqət və qayğı hamımızın müqəddəs borcudur.

İbrahim AĞAYEV
Azərbaycan Respublikasının Əməkdar həkimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR