Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili davam etdirilir.
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində qurulmuş müasir tibbi avadanlıq və cihazlar, yaradılmış şərait burada mürəkkəb cərrahi əməliyyatların aparılmasına imkan verir. Yüksəkixtisaslı həkim briqadaları yerli həkimlərlə birgə hər il çoxlu sayda göz, TUR, açıq ürək, neyrocərrahi, travmatoloji, uroloji, invaziv yolla ürək əməliyyatlarını uğurla həyata keçirirlər.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası Ürək və damar xəstəlikləri şöbəsinin yüksəkixtisaslı həkim heyəti 2015-ci il ərzində 9 dəfə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində olub, bu mərkəzin Kardiocərrahiyyə şöbəsinin əməkdaşları ilə birgə 237 nəfərdə müayinə, 107 nəfərdə açıq ürək əməliyyatı, 1 nəfərdə periferik damar əməliyyatı həyata keçirib. 14 nəfərdə angioqrafiya aparılıb, ehtiyacı olan 5 nəfərə stend qoyulub. Bu, yerli həkimlərin peşə hazırlığının yüksəldilməsində mühüm rol oynayıb. Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində yerli həkimlər tərəfindən müstəqil şəkildə 192 nəfərdə koronarangioqrafiya əməliyyatı aparılıb, ehtiyacı olan 17 nəfərə stend qoyulub.
Yaranmış ənənə cari ildə də davam etdirilir. Ürək və damar xəstəlikləri şöbəsinin müdiri, tibb elmləri doktoru Rəşad Mahmudovun rəhbərlik etdiyi yüksəkixtisaslı həkim briqadası bu il ikinci dəfə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə gələrək ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə may ayının 6-dan açıq ürək əməliyyatlarına başlayıb. Yerli həkimlər tərəfindən müayinə olunaraq qeydiyyata götürülmüş və əməliyyatı planlaşdırılmış xəstələr üzərində açıq ürək əməliyyatı həyata keçirilib. Kardiocərrahlardan Kənan Əsədovun, Namiq Mirzəyevin, həkimlərdən Venera Kərimovanın, Nurlan Mahmudovun, reanimatoloq-anestezioloq və əməliyyat tibb bacılarının təmsil olunduğu heyət xəstələri koronarangioqrafiya, exokardioqrafiya, elektrokardioqrafiya və digər kardioloji müayinələrdən keçirib, xəstələrdə müşahidə olunan gizli ürək xəstəlikləri və onların risk amillərini araşdırıb, onlara tibbi məsləhət və tövsiyələr verib.
Cərrahi əməliyyatlarda Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin kardiovaskulyar cərrahı İntiqam Fətullayev, kardiocərrah Cabir Gülmalıyev, reanimatoloq-anestezioloq Şahin Mazanov, reanimasiya, anesteziologiya və əməliyyat tibb bacıları da yaxından iştirak ediblər. Briqadanın birhəftəlik fəaliyyəti zamanı, bütövlükdə, 23 açıq ürək əməliyyatı aparılıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti