29 Aprel 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublika Xəstəxanasında 14 noyabr – Ümumdünya Diabet Günü münasibətilə tədbir keçirilib. Xəstəxananın baş həkimi Əli Ələsgərov bildirib ki, dünyada diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə 1991-ci ildən başlayaraq hər il noyabrın 14-ü Ümumdünya Diabet Günü kimi qeyd edilir.
Baş həkim vurğulayıb ki, MDB ölkələri arasında ilk olaraq Azərbaycanda şəkərli diabetlə mübarizə istiqamətində mühüm addımlar atılıb, bu xəstəliyə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyənləşdirən, xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyən “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanunu qəbul olunub.

Sonra xəstəxananın Endokrinoloji xəstə­liklər şöbəsinin müdiri, həkim-endokrinoloq Aysel Dünyamalıyeva “Şəkərli diabet xəstə­liyinin epidemiologiyası” mövzusunda məruzə edib. Diqqətə çatdırıb ki, endokrin sistemin ən geniş yayılmış xəstə­liklərindən olan şəkərli diabetlə mübarizə dünya səhiyyəsinin ən aktual məsələlərindən biridir. Hazırda muxtar respublikada 8 min 484 şəkərli diabet xəstəsi vardır. Görülmüş tədbirlər nəticəsində həmin xəstələrin dərman və özünənəzarət vasitələri ilə təmin olunması xeyli yaxşılaşıb. 2007-ci ildə verilmiş qlükometr aparatları və test lövhələrindən ibarət özünənəzarət vasitələri yeniləri ilə əvəz olunub. Cari ilin əvvəlindən bu günə kimi 1103 ədəd şəkərölçən cihaz, 6 min 692 qutu şəkərölçən test paylanılıb. Bu cihaz və testlər Endokrinoloji xəstəliklər şöbəsində qeydiyyatda duran hər bir xəstənin özünə ödənişsiz olaraq təqdim edilir. Eyni zamanda aparatla qanda şəkərin miqdarının təyin edilməsi qaydaları izah olunur.
Müalicə-diaqnostika işinin yaxşılaşdırılması şəkərli diabet xəstələrinin aşkarlanması üçün də şərait yaradıb. 2011-ci ildən Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin laboratoriyasında şəkərli diabet xəstələri üçün qlükozalaşmış hemoqlobinin təyininin tətbiq olunması həmin xəstələrin qanında şəkərin miqdarına daha dəqiq nəzarət etməklə diabet əleyhinə dərman preparatlarının dozasının müəyyən edilməsini daha da asanlaşdırıb.
Sonra həkim-endokrinoloq Aysel İsmayılovanın “Şəkərli diabet nədir”, xəstəxananın Konsultativ-diaqnostik poliklinika şöbəsinin həkim-endokrinoloqu Gülçin Mustafayevanın “Şəkərli diabet və hamilə­lik” mövzularında çıxışları dinlənilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR