Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi irsi qan xəstəliklərindən əziyyət çəkən və qan köçürülməsinə ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunmaq üçün qanvermə aksiyalarının təşkilini davam etdirir.
Növbəti belə nəcib və humanitar aksiya dekabrın 12-də Naxçıvan Muxtar Respublika Xəstəxanasında baş tutub. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş qanvermə aksiyasında Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşları iştirak ediblər.
Donorlardan əvvəlcə arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək testdən keçirilib.
Onların müayinəsini və qan götürülməsini həyata keçirən Mərkəzi qan bankı şöbəsinin müdiri Məmmədəli Həsənov ölkəmizdə qan köçürülməsinə ehtiyacı olan xəstələrin müalicəsinə göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən layihələrdən danışıb. O bildirib ki, müxtəlif travma və yaralanmalar, mürəkkəb cərrahi əməliyyatlar və doğuşlar zamanı qanitirmələrdə, xroniki qanazlığında, daxili orqanların, qanın irsi və qazanılmış xəstəliklərində, onkoloji xəstəliklərdə qandan və ya qandan hazırlanmış preparatlardan geniş istifadə olunur. Bu da qana olan tələbatı artırır.
Bir neçə saat davam edən aksiyada nazirliyin 31 əməkdaşı könüllü olaraq qan verib. Onlardan götürülən 14,5 litr qan Mərkəzi qan bankına təhvil verilib.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti