06 May 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında qarşıya qoyulan vəzifələrin müzakirəsi ilə bağlı kollegiya iclası keçirilib. İclasda səhiyyə naziri Niyazi Novruzov çıxış edərək bildirib ki, hesabat dövründə səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası diqqət mərkəzində saxlanılıb. Kadr hazırlığı və səhiyyə obyektlərinin müasir avadanlıqlarla təchiz olunması sahəsində tədbirlər davamlı xarakter alıb.
Qeyd olunub ki, müasir tibbi avadanlıqlarla təchiz olunmuş tibb ocaqlarının istifadəyə verilməsi muxtar respublikanın səhiyyə sistemində real­laşdırılan mühüm islahatlardandır. Bunun nəticəsidir ki, cari ilin ötən dövründə Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası əsaslı təmir və yenidənqurmadan sonra yeni avadanlıqlarla təchiz edilərək, Şərur rayon Ərəbyengicə kənd həkim ambulatoriyası, Culfa rayon Dizə kənd feldşer-mama məntəqəsi tikilərək istifadəyə verilib. Hazırda Naxçıvan Tibb Kolleci, Şərur Rayon Uşaq Xəstəxanası, rayonun İbadulla, Kərimbəyli, Culfa rayonunun Qazançı, Babək rayonunun Aşağı Buzqov, Ordubad rayonunun Dəstə kənd həkim ambulatoriyalarında yenidənqurma və tikinti işləri davam etdirilir.

Səhiyyə naziri vurğulayıb ki, səhiyyə xidmətlərinin səviyyəsini müasir tələblərə çatdırmaq, keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə cari ildən etibarən Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Tibbi sığortanın yüksək standartlar səviyyəsində fəaliyyət göstərməsi məqsədilə Ali Məclis Sədrinin müvafiq sərəncamları ilə Sədərək Rayon Mərkəzi Xəstəxanası, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi və Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəzi publik hüquqi şəxsə çevrilib. Gələcəkdə icbari tibbi sığortanın digər rayonlarda da tətbiqi səhiyyəni yeni inkişaf mərhələsinə çıxaracaqdır.
Nazir bildirib ki, müalicə-profilaktika işinin təşkili sahəsində görülən tədbirlər, tibbi xidmətin keyfiyyətinin və əhatəliliyinin artırılması demoqrafik vəziyyətə öz müsbət təsirini göstərib. Belə ki, muxtar respublikada 2018-ci ilin 6 ayında 2445 uşaq doğulub, təbii artım 1463 nəfər olub.
Niyazi Novruzov hesabat dövründə tibb işçilərinin ixtisas səviyyəsini artırmaq məqsədilə çoxsaylı seminar və konfranslar keçirildiyini, Bakı şəhərinin, Türkiyə Respublikasının müxtəlif klinika və xəstəxanalarına təkmilləşdirmə kurslarına göndərildiyini, həkim və orta tibb işçilərinin sertifikasiya işinin davam etdirildiyini bildirərək qeyd edib ki, ötən yarımildə müxtəlif klinikalardan yüksəkixtisaslı həkimlər və kollektivlər muxtar respublikaya dəvət olunub və yerli həkimlərlə birgə fəaliyyət göstərərək xeyli sayda əməliyatlar aparıblar.
Sonra çıxışlar dinlənilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR