Naxçıvan Muxtar Respublika Xəstəxanasında şəkərli diabet xəstələri ilə görüş keçirilib.
Xəstəxananın baş həkimi Zəbur Bağırov səhiyyənin inkişafına göstərilən dövlət qayğısı nəticəsində digər sahələrlə yanaşı, endokrinologiya sistemində də mühüm irəliləyişlərə nail olunduğunu bildirib. Qeyd edib ki, son illər ölkəmizdə şəkərli diabet xəstəliyinin müalicə və profilaktikası istiqamətində mühüm tədbirlər görülüb. “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanun, 2006-2010-cu və 2011-2015-ci illəri əhatə edən “Şəkərli diabet üzrə Dövlət Proqramı” qəbul edilib. Muxtar respublikamızda da görülmüş tədbirlər nəticəsində bu qəbildən olan xəstələrin dərman və özünənəzarət vasitələri ilə təmin olunması xeyli yaxşılaşıb. Hazırda muxtar respublikada onlara şəkərölçmə cihazı, test çubuqları və dərmanlar pulsuz verilir.
Sonra Naxçıvan Muxtar Respublika Xəstəxanası Endokrinologiya şöbəsinin müdiri Aysel Dünyamalıyevanın “Şəkərli diabet nədir”, həkim-endokrinoloqlardan Gülşən Həsənquliyevanın “Şəkərli diabet xəstəliyində ağırlaşmalar”, Aysel İsmayılovanın “Şəkərli diabet və qidalanma”, həkim-oftalmoloq Rəhmiyyə Əliyevanın “Şəkərli diabet və göz xəstəlikləri” mövzularında məruzələri dinlənilib.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti