06 May 2024, Bazar ertəsi

Zəngin yeraltı və yerüstü sərvətlərə malik olan muxtar respublikamızın flora və faunası, havası, şəfa bulaqları min bir dərdin dərmanıdır. Ərazidə 200-dən çox mineral su bulağı, şəfa qaynaqları vardır. Darıdağ, Sirab, Nəhəcir, Badamlı, Cəhri, Qahab, Dəstə və başqa yataqlar öz xüsusiyyətləri ilə fərqlənir.
Naxçıvan Muxtar Respublika Xəstəxanası Reabilitasiya şöbəsinin müdiri, həkim-fizioterapevt Fazil Fərzəliyevlə söhbətimiz zamanı o da təbiətin bu torpağa bəxş etdiyi bütün nemətlərdən danışdı. Bildirdi ki, mineral sular, dərman bitkiləri və digər təbii ehtiyatlarla zəngin olan qədim diyarımızda hələ də geniş istifadə üçün təqdim edilməyən təbii müalicəvi vasitələr vardır. Naxçıvan-Sədərək magistral avtomobil yolunun birinci kilometrində yerləşən “Şorsu” palçığı da belə müalicə qaynaqlarından biridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə istehsal edilən müalicəvi əhəmiyyətli bu palçıq AMEA Naxçıvan Bölməsi tərəfindən artıq qablaşdırılıb. Hazırlanan bu vasitə həm palçıq, həm də quru, toz formasındadır. Yaxın günlərdə şəhərin bütün əcza­xanalarına paylanılacaq.

Həkim-fizioterapevt söhbət əsnasında palçığın hazırlanma qaydası, onun tərkibi və müalicəvi əhəmiyyəti haqqında da məlumat verdi. Qeyd etdi ki, “Şorsu” palçığını oynaq nahiyələrinə sürtüb ən az yarım saat gözləmək lazımdır. Palçıq vasitəsilə periferik sinir və dayaq-hərəkət sistemləri, damar, ginekoloji, bir sıra dəri xəstə­likləri və yanıqlardan sonrakı fəsadlar müalicə olunur. Naxçıvan Muxtar Respublika Xəstəxanasında yeni yaradılmış Reabilitasiya şöbəsində elektroterapiya, lokal traksiya, lazer terapiya, limfodrenaj, maqnitoterapiya, hidro­terapiya, ozonoterapiya, hidrokolonoterapiya üsulları ilə müalicələr sırasında “Şorsu” palçığı ilə təbii müalicə metodu da tezliklə öz yerini tutacaq. Fizioterapiya ilə müalicənin üstünlükləri ondan ibarətdir ki, o, allergiya törətmir, müalicə imkanlarını genişləndirir və qısa zamanda ­effektiv təsir göstərir.

Hüseyn Əsgərov

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR