29 Aprel 2024, Bazar ertəsi

Dünən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin peşəkar mütəxəssisləri tərəfindən Naxçıvan Muxtar Respublika Xəstəxanasında yerli oftalmoloq-həkimlər üçün maarifləndirici seminar keçirilib. Tədbiri giriş sözü ilə mərkəzin direktoru, respublikanın baş oftalmoloqu, Əməkdar elm xadimi Elmar Qasımov açıb.
Mərkəzin direktor müavini Ceyhun Nəzərli, həkim-oftalmoloqlardan Humay Bayramova, Fərəh Abduləliyeva, Müşfiq Kərimov, Xaliq Əliyev, endokrinoloq Oqtay Hüseynov və başqaları çıxış edərək bildiriblər ki, 70 ildən çoxdur, fəaliyyət göstərən bu mərkəz milli oftalmologiya elminin yaranmasına, inkişafına, ölkə əhalisinin ixtisaslaşdırılmış oftalmoloji xidmət ilə təmin edilməsinə yönəldilmiş çoxillik fəaliyyətə əsaslanır. Vurğulanıb ki, yaradılmış şərait nəticəsində Azərbaycanda oftalmoloji xidmət inkişaf etmiş ölkələrin qabaqcıl texnologiyasını tətbiq etməklə keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Milli Oftalmologiya Mərkəzinin müasir avadanlıqlarla təchiz olunması, kadr potensialının gücləndirilməsi dünyada aparılan bütün növ əməliyyatların bu səhiyyə müəssisəsində də həyata keçirilməsinə şərait yaradıb. Artıq həmvətənlərimizin yüksəkixtisaslı oftalmoloji yardım üçün digər ölkələrə getməsinə ehtiyac qalmayıb.

Humanitar aksiya çərçivəsində keçirilən maarifləndirici tədbirdə təcrübə mübadiləsi aparılıb, göz xəstəliklərində müasir müayinə və müalicə üsulları barədə məlumat verilib.
Xatırladaq ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqları, anestezioloqları, rezident-həkimləri, tibb bacıları və texniki heyətdən ibarət geniş səyyar briqadası son üç ay ərzində Naxçıvan Muxtar Respublika Xəstəxanasında dördüncü dəfə humanitar tibbi aksiya keçirir.
İyunun 22-dən başlayaraq üç gün davam edəcək növbəti aksiya zamanı müxtəlif göz problemlərindən əziyyət çəkən, ümumilikdə, 200-dən artıq xəstənin müayinə və müalicəsi, 15 nəfərin cərrahi əməliyyatı nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR