29 Aprel 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublika Xəstəxanasının iclas zalında “Tibbi etika və deontologiya” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva bildirib ki, əhalinin sağlamlığının qorunması dövlətin öz vətəndaşlarına göstərdiyi xüsusi qayğısından irəli gəlir. Bunun həyata keçirilməsində həkimin, onun peşəkar fəaliyyətinin və mənəvi mövqeyinin böyük rolu vardır. Buna görə də həkimlərin fəaliyyətinin səmərəliliyinin artırılması, onların ictimai etimadının yüksəldilməsi üçün etik davranış qaydalarının müəyyən olunması vacib və əhəmiyyətli məsələlərdən biridir. Bütün bunlar nəzərə alınaraq bu il iyunun 29-da Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin əmri ilə “Həkimlərin etik davranış qaydaları” təsdiq edilərək bu aydan etibarən icraya götürülüb.
Diqqətə çatdırılıb ki, bu qaydalar səhiyyə qanunvericiliyini, insan hüquqlarını, demokratik prinsipləri və ümumi etik davranışları rəhbər tutur. Odur ki, həkim öz qərar və hərəkətlərinə görə tam məsuliyyət daşıyır. Həkim öz vəzifələrini xəstənin yaşından, cinsindən, irqindən, milliyyətindən, dini əqidəsindən, sosial vəziyyətindən, siya­si baxışlarından, vətəndaşlığından və maddi vəziyyəti də daxil olmaqla başqa mənsubiyyətlərindən asılı olmayaraq yerinə yetirməlidir. Bu qaydaların tələbləri, eyni zamanda orta tibb işçilərinə də şamil olunur.

Sonra Naxçıvan Muxtar Respublika Xəstəxanası pulmonologiya bölməsinin müdiri, Azərbaycan Respublikasının Əməkdar həkimi Arif Rzayev, baş həkimin müalicə və profilaktika işləri üzrə müavini Ramazan Abbasov, həkim-statist Çinarə Əhməd­ova, travmatoloq Adil Məmmədov və başqaları çıxış ediblər. Qeyd olunub ki, həkim-xəstə münasibətləri həkimlik etikası və bioetikanın başlıca problemidir. Həkimin etibarlılığı, sənətinə vicdanla yanaşması, diqqətli olması, xeyirxahlığı, xəstəyə fərdi yanaşması, onun psixoloji xüsusiyyətlərini nəzərə alması, xəstələrin müalicəsi və diaqnostikasında kliniki və deontoloji əsaslandırması, konfidensiallığı müalicənin mühüm şərtləri sırasındadır.
Çıxışlar videogörüntülərlə müşayiət olunub, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. Naxçıvan Muxtar Respublika Xəstə­xanasının baş həkimi Əli Ələsgərov tədbirə yekun vurub.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR