29 Aprel 2024, Bazar ertəsi

Son illər əhalinin, xüsusən məktəbyaşlı uşaqların sağlamlığının qorunmasına, onların müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir.
Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq hər il yaz və payız mövsümlərində tam orta məktəblərin şagirdləri arasında profilaktika xarakteri daşıyan dərin tibbi yoxlamalar aparılır. Bu tədbirlər “Uşaqların icbari dispanserizasiyası haqqında” 2013-cü il 5 mart tarixli Azərbaycan Respublikası Qanununun və ölkə Prezidentinin 2013-cü il 10 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq həyata keçirilir.
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası tərəfindən bu il Naxçıvan şəhərinin tam orta məktəblərindəki şagirdlər müayinə ediləcəklər. Müayinələrin normal təşkili üçün əvvəlcədən cədvəllər tərtib olunaraq məktəblərə göndərilib. Orta məktəblərdə çalışan tibb işçiləri xəstəxananın Poliklinika şöbəsinə dəvət olunub, lazımi izahatlar verilib. Şagirdlər əvvəlcədən məktəb həkimi tərəfindən müayinələrdən keçərək qruplaşdırılıb.

Dərin tibbi müayinələr aparmaq üçün oftalmoloq, stomatoloq, ortoped, ftiziatr, LOR, endokrinoloq, nevropatoloq, pediatr və digər ixtisaslı həkimlərdən ibarət briqada təşkil edilib. İlk müayinələr Naxçıvan şəhərinin 1 və 2 nömrəli tam orta məktəblərində aparılıb. Şagirdlər ixtisas həkimi tərəfindən yoxlanılıb. Oftalmoloji müayinələr nəticəsində şagirdlər arasında ən çox miopiya (yaxındangörmə), stomatoloji müayinələrdə orto­dentik, digər ixtisasyönümlü müayinələrdə bəzi şagirdlərdə nitq qüsurları, konstisional piylənmə, xroniki tonzillit, adenoidlər, burun çəpərində əyriliklər, revmatizm xəstəlikləri aşkar olunub.
Əvvəlki illərdə olduğu kimi həmin şagirdlər dispanser qeydiyyatına götürülərək Mərkəzi Uşaq Xəstəxanasına dəvət olunur, daha ətraflı və dərin müayinədən keçirilir, xəstəliyi dəqiqləşdirilən şagirdlər üçün müvafiq konsultasiyalar, eləcə də lazımi müalicə tədbirləri təşkil edilir.
Muxtar respublikanın rayonlarında da şagirdlərin dərin tibbi müayinələrinə başlanılıb. Müayinələr aprelin 25-dək davam edəcəkdir.


Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR