29 Aprel 2024, Bazar ertəsi

Aprelin 25-də Naxçıvan Muxtar Respublika Xəstəxanasında görkəmli elm xadimi, tanınmış oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 94 illiyinə həsr olunmuş “Oftalmologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin birgə keçirdiyi tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Samrat Gəncəyeva görkəmli oftalmoloq-alim, bənzərsiz ziyalı Zərifə Əliyevanın son dərəcə zəngin, mənalı həyat və fəaliyyətinin müxtəlif dövrlərindən danışıb. Qeyd edib ki, Zərifə xanım Əliyevanın Azərbaycanın qədim və dilbər guşəsi olan, ölkəmizə görkəmli dövlət xadimləri, tarixi şəxsiyyətlər, elm adamları bəxş etmiş bir torpaqda – Naxçıvanda doğulub boya-başa çatması hər bir naxçıvanlı üçün iftixar və qürur mənbəyidir. Zərifə xanım Əliyeva ötən əsrin 40-50-ci illərində Azərbaycanın cənub rayonlarında əhali arasında geniş yayılmış traxoma xəstə­liyinə qarşı aparılan bütün mübarizə tədbirlərində fəallıq göstərib. Bu böyük praktik iş görkəmli alimin bir sıra elmi əsərlərinin əsasını yaradıb. Sonralar akademik dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktik olaraq elm aləmində yeni bir istiqamətin – “peşə oftalmologiyası”nın əsasını qoyub.

Bu tədqiqatlar nəticəsində Zərifə xanım Əliyeva “Azərbaycanda kimya sənayesinin bəzi müəssisələrində işçilərin görmə üzvünün vəziyyəti” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Peşə xəstəlikləri ilə bağlı elmi axtarışlarına görə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. O, peşə patologiyası problemləri ilə yanaşı, oftalmologiyanın digər aktual istiqamətlər­in­də də tədqiqatlar aparıb. Görkəmli alimin 200-dək elmi işi, 14 monoqrafiyası, 12 səmərələşdirici təklifi bu gün də aktuallığını qoruyub saxlayır.
Konfransda Naxçıvan Muxtar Respublika Xəstəxanasının Göz xəstəlikləri şöbəsinin bölmə müdiri Samiq Sadıqovun “Naxçıvan şəhərində şəkərli diabet xəstələri arasında diabetik retinopatiyanın yayılması”, Göz xəstəlikləri şöbəsinin həkim-oftalmoloqu Kəmalə Əliyevanın “Astiqmatizmin korreksiyasına müasir baxış” mövzularında məruzələri dinlənilib.
Çıxışlar videosüjet, diaqram, cədvəl və slaydlarla müşayiət olunub, müzakirələr aparılıb. Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR