29 Aprel 2024, Bazar ertəsi

Naxçıvan özünün nadir təbii-tarixi ehtiyatları, müasir iqtisadi inkişafı və xidmət sektorundakı keyfiyyətli servisləri ilə hər kəsin diqqətini cəlb etməkdədir. Unikal müalicəvi keyfiyyətlərinə görə dünyada tanınmış Duzdağ Fizioterapiya Mərkəzi də təklif etdiyi səhiyyə xidməti ilə muxtar respublikamıza gələn turistlərin sevimli istirahət və müalicə məkanıdır. 

Yay aylarında təbii üsullarla bronxial-astma və digər yuxarı tənəffüs yolları xəstəliklərindən müalicə olunmaq üçün Naxçıvan şəhərindən cəmi 12 kilometr məsafədə yerləşən Duzdağ Fizioterapiya Mərkəzinə müraciət edənlərin sayında bu il daha çox artım müşahidə olunur. Duzdağda göstərilən xidmətlər və pasiyentlərin təəssüratları ilə tanış olmaq üçün bu şəfa ocağına yollandıq.
Duzdağda qələbəliklə qarşılaşdıq. Buraya gələnlərin bir qismi çay-kofe xidmətindən istifadə edir, bir qismi də mərkəzin girəcəyindəki möhtəşəm günbatımı mənzərəsinə baxır, xatirə fotoşəkilləri çəkdirirdi. Növbəti gecə seansı üçün servis avtobusları ilə buraya gələnlər arasında uşaqların çoxluğu ilk baxışda diqqətimizi cəlb etdi. Bu qənaətə mərkəzin baş həkimi Zülfiyyə Həsənova ilə söhbətdə də gəldik. Əvvəlcə pasiyentlərin qəbulu və sağlamlıq vəziyyəti ilə ciddi şəkildə maraqlanan baş həkim bizimlə söhbətində vurğuladı ki, bəli, son illər mərkəzə gələnlər arasında uşaqlar üstünlük təşkil edir. Bu il də belədir. İlin əvvəlindən müalicə üçün mərkəzə gələn, təqribən, 3 minə yaxın pasiyentin üçdə ikisi uşaqlar, 200 nəfərə yaxını isə xarici ölkə vətəndaşıdır.

Zülfiyyə həkim onu da qeyd etdi ki, Duzdağ öz sağlamlığını bərpa etmək istəyənlər üçün əvəzolunmaz yerdir. Belə ki, hələ keçən əsrin 70-ci illərində Duzdağ şaxtalarında təşkil olunmuş yeraltı müalicə mərkəzi geniş şöhrət qazanıb. Burada tətbiq olunan müalicə üsulu mütəxəssislər tərəfindən də üstün qiymətləndirilir. Ümumiyyətlə, Naxçıvanın təmiz havası ilə bərabər, Duzdağ şaxtalarında mövcud olan hava şəraiti, buranın quruluşu, dəniz səviyyəsindən yüksəkliyi, temperatur, rütubət, atmosfer təzyiqi və oksigenin faizlə miqdarı təşkil olunan müalicənin müsbət nəticələr verməsinə şərait yaradır. Belə ki, insanların dərinliyə enmədən birbaşa duz şaxtasına daxil olması, il ərzində havanın sabit müsbət 20 dərəcə temperaturda qalması, 24 faiz nisbi rütubət, oksigenin havadakı 20 faiz miqdarı, sıfra bərabər dərəcədə hava cərəyanı və zəhərli qazların son dərəcə minimum səviyyəsi Duzdağın müalicəvi effektini artıran əsas amillərdəndir. Şübhəsiz, son dövrlərdə burada yaradılan müasir infrastruktur şəraiti, ixtisaslı həkimlərin və texniki heyətin pasiyentlərlə yaxından maraqlanması və habelə təşkil olunan digər servislər istər müalicə məqsədilə gələnlər, istərsə də onları müşayiət edənlər üçün hər cür imkanlar yaradıb. Mərkəzdə fəaliyyət göstərən 25 nəfərlik tibbi personal da iki növbədə qəbul olunan pasiyentlərə günboyu xidmət göstərir. Müalicə prosedurlarına gəldikdə, baş həkim burada böyüklər üçün axşam saatları ərzində 14, uşaqlara isə gündüz saatlarında 8-10 günlük müalicə kursları təşkil olunduğunu, indiyə qədər heç bir ağırlaşma hallarının olmadığını, əksinə, insanların antiallergik dərmanlardan birdəfəlik azad olduqlarını bildirdi.

Ölkəmizin vətəndaşlarına burada qalmaq pulsuzdur. Buna görə də hər yaşdan və sosial kateqoriyadan olan insanların müalicəsinə imkanlar vardır. Elə xarici ölkələrdən gəlmiş turistlər üçün də Duzdağ çox əlverişlidir. Bir çoxlarının yaxınlıqdakı “Duzdağ” otelində və şəhərdəki digər otellərdə qaldığı qonaqlar arasında Rusiya Federasiyası, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrin vətəndaşları vardır. Pasiyentlərlə söhbət zamanı məlum oldu ki, onların bir çoxu buraya müalicə üçün artıq neçənci dəfədir gəlirlər. Qazaxıstanın Astana şəhərindən gəlmiş Aliya Akpasova isə Naxçıvanda ilk dəfədir, olur. O, bacısı Kamilla ilə birlikdə qızları 10 yaşlı Altias və 7 yaşlı Tomrisin müalicəsi üçün Duzdağa gəldiyini, artıq 5 gün ərzində onların səhhətində yaxşılaşma olduğunu bildirdi. Rusiyanın Novosibirsk şəhərindən buraya üz tutan Oksana Prosekina isə oğlanları İlya və Aleksandrın Duzdağda müalicə oluna biləcəyini Bakıda yaşayan dostları sayəsində öyrəndiyini qeyd etdi. Artıq müalicə kursunun başa çatdığını və həftəsonu evlərinə qayıdacaqlarını söyləyən rusiyalı xanım növbəti səyahətində Naxçıvanın görməli yerləri ilə tanış olmaq istədiyini bildirdi. Türkiyə vətəndaşı Nərgiz Akgündən və ölkəmizin digər yerlərindən gəlmiş pasiyentlər də müsbət təəssüratlarını bizimlə bölüşdülər. Bakı şəhər sakini Sona Əzizova, yevlaxlı xanımlar Mətanət Mirzəyeva və Nabat Muxtarova isə burada dincəlib müalicə alan bütün insanlar, xüsusən qadın və uşaqların tələbatları üçün hər cür şərait yaradılmasından, ciddi müalicə və yuxu rejimi tətbiq olunmasından razılıqla söhbət açdılar.

Bəli, Naxçıvanın suyu, havası kimi duzu da min bir dərdin dərmanıdır. Təbiətin bu torpağa bəxş etdiyi bütün nemətlər ölkəmizin milli sərvətidir. Duzdağın möcüzəli müalicəvi xüsusiyyətləri də bir sərvət kimi həm ölkəmizdə, həm də bütün dünyada yuxarı tənəffüs yolları xəstəliklərindən əziyyət çəkənləri əvvəlki sağlamlığına qovuşdurmaqla, əslində, bütün ­insanlığa xidmət etməkdədir. 

 Əli CABBAROV

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR