22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində “25 aprel – Sahibkarlar Günü” və “Pandemiyadan zərərçəkmiş sahibkar­lıq subyektlərinin faiz borclarının subsidiyalaşdırılması” mövzularında tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri və muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri iştirak ediblər.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı şöbəsinin müdiri Xudakərim Məmmədov muxtar respublikada sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən sistemli tədbirlər nəticəsində geniş sahibkarlar sinfinin formalaşdığını və bu təbəqənin sosial-iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrildiyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq hər il keçirilən Sahibkarlar Günü də sahibkarlara göstərilən qayğının bariz nümunəsidir.
Bildirilib ki, İqtisadiyyat Nazirliyi tərəfindən pandemiyadan zərərçəkmiş sahələrdə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin, eləcə də maliyyə dəstəyi alacaq fərdi sahibkar­ların siyahısı Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fonduna təqdim edilib. Artıq bu istiqamətdə 4 sahibkarlıq subyektinə subsidiyanın ayrıldığını, digər sahibkarlıq subyektlərinin bank hesablarına mərhələli şəkildə vəsaitin köçürüləcəyini vurğulayıb. Sahibkarlara yenidən maliyyə dəstəyinin göstərilməsi barədə qərarın pandemiyadan zərərçəkmiş sahibkarlıq subyektlərinin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına, iş yerlərinin qorunub saxlanılmasına xidmət etdiyini Xudakərim Məmmədov qeyd edib.
Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sektor müdiri Azər Cəfərov bildirib ki, mövcud şəraitdə iş adamlarını maraqlandıran əsas məsələlərdən biri bazar fürsətlərinin öyrənilib qiymətləndirilməsidir ki, buna da konfederasiya tərəfindən bir sıra köməklik göstərilir. Pandemiya dövründə də sahibkarların hüquqlarını qoruyan, dövlət orqanları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edən konfederasiya yaradılan şəraitdən maksimum istifadə olunmasına köməklik edir.
“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədr müavini İsa İsayev çıxışında pandemiyanın ölkə iqtisadiyyatına ziyanlı təsirlərinin minimallaşdırılması məqsədilə həyata keçirilən dövlət dəstəyi tədbirlərində “Naxçıvanbank” ASC-nin də yaxından iştirak etdiyini qeyd edib. 2020-ci ilin dünya səviyyəsində pandemiya və onunla mübarizə ilə yadda qaldığını və ötən il ərzində davamlı şəkildə dəstək tədbirlərinin həyata keçirildiyini, tədbirlərin icrası çərçivəsində bank təşəbbüsü ilə sahibkarların mövcud şəraitdə dəstəklənməsi istiqamətində bir çox işlərin görüldüyünü vurğulayıb.
Tədbirin sonunda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və sahibkarların sualları cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR