29 Aprel 2024, Bazar ertəsi

Azərbaycan  dünyada əsrarəngiz təbiəti, adət-ənənəsi, abidələri, folkloru  və dahi şəxsiyyətləri ilə tanınıb. Bu şəxsiyyətlərdən biri kimi Nizami Gəncəvinin fəaliyyəti özünəməxsusluğu ilə seçilir. Nizami Gəncəvi yaradıcılığı  Azərbaycan ədəbiyyatının əsas özəyidir. Nizaminin adı Azərbaycanla yanaşı çəkiləndə əsl bütövlük və tamlıq konsepsiyası ortaya çıxır. 

Nizami Azərbaycandır, Azərbaycanındır. Onun yaratdığı əsərlərdən süzülüb gələn doğmalıq, ahəng və qızıl nizam Azərbaycan mədəniyyəti, ruhu, milliliyi ilə paralellik təşkil edir. Professor Məhəmmədhüseyn Təhmasib yazır: “Qədim Azərbaycan ədəbiyyatı haqqında məlumat mənbələrindən biri də Nizami kimi dahinin əsərləridir. Nizami şifahi ədəbiyyatın bir çox janrlarından, xüsusilə qədim eposdan bacarıqla istifadə edib. Dahi sənətkarın “Xəmsə”sində yüzlərlə folklor nümunəsinə rast gəlmək olar”.

Azərbaycan müstəqillik qazandıqdan sonra milli maraqlar çərçivəsində dahi şəxsiyyətlərin həyatı, yaradıcılığı yenidən öyrənilmiş, onların təbliği istiqamətində mühüm işlər görülmüşdür. Bu kontekstdə bu gün də önəmli addımlar atılır. Prezident cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında 2021-ci il 5 yanvar tarixli Sərəncamı bu aspektdən son dərəcə əhəmiyyətlidir. Sərəncam Nizami irsinin tədqiqi və təbliği istiqamətində ölkə və dünya əhəmiyyətli tədbirlər, kitab və monoqrafiyalar, filmlər, elmi-ictimai layihələrin icrası və həyata keçirilməsi baxımından böyük stimul, qayğı və dəstək mənbəyidir.
Sərəncamda deyilir: “Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.
Nizami Gəncəvi ömrüboyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb-yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan vermişdir”.

Lirik şeirlərlə yaradıcılığa başlayan Nizami Gəncəvi divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrət qazanmışdır. Filologiya üzrə fəlsəfə doktoru, dosent Xəlil Ağaverdi Nizami Gəncəvinin əsərləri əsasında klassik ədəbi irsin folklorla əlaqəsini göstərmək məqsədilə onun əsərlərində xalq ədəbiyyatından istifadə meyilləri, xalq ruhuna dərindən bələd olduğu üçün Nizami tərəfindən yaradılmış folklor nümunələri və Nizaminin həyatı ilə əlaqədar yaranmış yeni folklor nümunələri, yaxud el variantı kimi yaranmış əsərlərdən bəhs edərək sənətkarın Azərbaycançılıq konsepsiyasına, milli ruhumuza yaxın olduğunu faktlarla əsaslandırmışdır.
Dərin, hikmətli kəlamları ilə xalqın rəğbət və sevgisini qazanan dahi sənətkar Azərbaycanın ən qədim şəhərlərindən, mədəniyyət mərkəzlərindən biri olan Gəncədə yaşayıb-yaradıb. 1141-ci ildə Gəncədə anadan olan mütəfəkkir, sonralar Gəncəvi (Gəncəli mənasında) adıyla tanınıb, əsl adı isə İlyasdır. Şairin tərbiyə və təhsilini dayısı Xacə Ömər öz üzərinə götürüb. Mənbələrdən oxuyuruq: “Ömrüboyu Gəncədə yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır. Təqribən, 1169-70-ci ildə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur”.
Dahi şair möhtəşəm fəlsəfi fikirləri və əsərləri ilə Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirərək dünya ədəbiyyatının incilərindən hesab olunan “Xəmsə”də (“Beşlik”) yaratdığı obrazlar, şəxsiyyətlər, fəlsəfi konsepsiyalar, siyasi və ictimai ideyalar aləmi ilə Nizami məktəbinin əsasını qoymağı bacarıb. Dünya ədəbiyyatı tarixinə adını qızıl hərflərlə həkk edən böyük Nizaminin ilk poeması (Əsər hicri tarixi ilə 570-ci ildə yazılmışdır ki, miladi təqvimi ilə 1174-1175-ci illərə uyğun gəlir) ilk dəfə Yaxın Şərqdə didaktik fəlsəfi şeirin nümunəsi hesab olunan “Məxzənül-əsrar”ı (“Sirlər xəzinəsi”)dir. Tarix elmləri doktoru Xeyirbəy Qasımovun “Orta əsrlərdə Azərbaycan mədəniyyəti” monoqrafiyasında bu barədə deyilir: “2263 beytdən ibarət olan bu poema Ərzincanın Səlcuq valisi (hakimi) Fəxrəddin Bəhramşah ibn Mənkuçəkə (1162-1225) ithaf olunub. Sonuncu İraq Səlcuq Sultanı III Toğrulun sifarişi ilə yazılmış “Xosrov və Şirin” poemasını Nizami 1180-ci ildə bitirmişdir. Şair 6966 beytdən ibarət olan bu poemanı Azərbaycan Atabəyi Məhəmməd Cahan Pəhləvanın ünvanına göndərmiş, lakin Atabəy 1186-cı ildə vəfat etdiyinə görə əsərin mədhiyyə hissəsi Qızıl Arslana həsr olunub. 1188-ci ildə Şirvanşah I Əxsitan şairə “Leyli və Məcnun” poemasını yazmağı sifariş etsə də, o, Şirvan hökmdarının sifarişini yerinə yetirməkdən boyun qaçırmaq istəyir, lakin oğlunun təkidi ilə Şərqdə ilk dəfə bu mövzuda poemanı yazmağı qəbul edir. Onun bu poeması 4613 beytdən ibarətdir. 1196-cı ildə yazdığı 4968 beytlik “Həft peykər” (“Yeddi səyyarə”, “gözəl”) poeması Ağsunqur Marağa hakimi Əlaəddin Körpə Arslana ithaf edilib. Şair, təqribən, 1203-cü ildə 2 hissədən ibarət olan “İsgəndərnamə” poemasını yazır. 10 min 540 beytlik poemanın birinci qismində (“Şərəfnameyi-İsgəndəri”) 6896, ikinci qismində (“İqbalnameyi-İsgəndəri”) isə 3644 beyt var”.
Azərbaycanın klassik ədəbi-mədəni irsinin qorunması və təbliğində misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirmişdir. Ulu öndərin təşəbbüsü ilə 1979-cu ildə “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qəbul edilən qərar, 1981-ci ildə ulu öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri, “Nizami” filminin çəkilməsi, “Xəmsə” kompleks abidələrinin ucaldılması, Nizami məqbərəsinin təmiri və qorunması, “Xəmsə”nin yeni tərcümə və nəfis tərtibdə nəşr edilməsi, dünyanın bir çox şəhərlərində Nizami heykəllərinin ucaldılması və digər tədbirlər dahi şəxsiyyət Heydər Əliyevin görkəmli Azərbaycan şairinə olan diqqət və qayğısının bariz nümunəsidir. Nizami xalqımızı BMT-də YUNESKO xətti ilə tanıdan ilk şəxs olub. Şairin 850 illik yubileyi şərəfinə 1991-ci il YUNESKO tərəfindən “Nizami ili” elan edilib. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi ilə bağlı dövlət səviyyəsində keçirilən silsilə tədbirlər dahi sənətkarın irsinin çoxşaxəli və bütöv halda öyrənilməsi istiqamətində geniş üfüqlər açmışdır.
Akademik İsa Həbibbəyli yazır: “Dahi sənətkar Nizami Gəncəvinin ölməz əsərləri həmişə gəncdir, aktualdır, bəşəridir və müasirdir. Nizami bütün zamanlar üçün humanizmin, ədalətin, bərabərliyin böyük carçısıdır. Bəşəriyyətin həmişə Nizami Gəncəvinin böyük ideallarına ehtiyacı olacaqdır”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2017-ci il 28 avqust tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamı ilə gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən “Oxunması zəruri olan kitabların Siyahısı”nı təsdiq edib. Vurğulayaq ki, siyahıya dahi Nizaminin “Sirlər xəzinəsi” peoması, “Nizaminin hikmət və nəsihətləri” kitabları da daxil edilib. Bu uzaqgörən siyasət klassik irsimizə yüksək dövlət qayğısı, gənclərin mənəvi tərbiyəsinə mühüm töhfə olmaqla, Prezident cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi kimi mühüm tarixi qərarla da öz aktuallığı ilə səsləşir. Muxtar respublikamızda da “Nizami ili” çərçivəsində görüləcək işlər, aparılacaq elmi-tədqiqatlar dahi şairin həyatının, tükənməz və bəşəri dəyər kəsb edən ədəbi irsinin öyrənilməsinə və təbliğinə öz töhfəsini verəcək.

Nərgiz İSMAYILOVA
filologiya üzrə fəlsəfə doktoru

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR