29 Aprel 2024, Bazar ertəsi

(esse)

Elə ki bahar gəlir el-obamıza günəşin şüaları ilə təbiət isinir, torpaq cana gəlir. Bu zaman torpağın altından yamyaşıl bitkilər baş qaldırır, səmaya boylanır. Onlar böyüyür, çiçək açır, əlvan rənglərlə ətrafı gözəlləşdirirlər. Baharın gəlişini müjdələyən çiçəklərin ən sevimlisi bənövşədir. Onun gözəlliyi təbiətə əlvanlıq qatır, ruhumuzda, qəlbimizdə xoş hisslər oyadır. Bir də görürsən, çəmənlərdən, gül kollarının, daşların arasından boylanır, baxır. İncə, zərif, məsum görünüşü, cazibədar ətri ilə cəlb edir yanından ötənləri.

Bir anda sərtləşmiş, buzlaşmış duyğular oyanır, xüsusi sevinc bəxş edilir insana. Mart ayında çiçək açır, iyunda göy, sarı, ağ, çəhrayı, xüsusilə də bənövşəyi rəngi ilə ətrafa xalısını sərir, parlaqlıq saçır. Hər kəs qarşısında ayaq saxlayır, əyilib ondan dərir, əvvəlcə qoxusunu, hərarətini ciyərlərinə çəkir. Bu zaman sanki qışın yorğunluğu, süstlüyü də bir andaca yox olur. Çöhrədə isti gülüş, təbəssüm yaradır. İstər-istəməz onun gözəlliyi insanı başqa bir aləmə aparır və deyirsən: Bənövşə, sən əlvanlığın, utancaqlığınla zərifliyin, lütf və sədaqətin simvolu, saflıq, təmizlik və məsumluq mücəssəməsisən. Sən Adəm Peyğəmbərin göz yaşından yaranmısan, Əslinin Kərəmə sevdasına şahid olmusan. Ondandır bəzən kədərli, duyğulu, boynubükük halın? Məncə, havadandır, günəşli havalarda başın dikdir, elə ki havalar yağışlı, mülayim keçdi, çiçəklərin büzüşür, ləçəklərinə ağ rəngli ləkələr düşür. Lakin o halında da incə görünüşün, cazibədar ətrin qalır. Ondandır ki, təbiət möcüzəsi arıları özünə cəlb edirsən. Şəninə şeirlər yazılır, gözəlliyinə nəğmələr qoşulur. Ustad Aşıq Qurbani əbəs yerə demir ki;

Tanrı səni xoş camala yetirmiş,
Səni görən aşıq ağlın itirmiş,
Mələklərmi dərmiş, göydən gətirmiş,
Heyif ki, dərirlər az bənövşəni.

Füsunkar təbiətli Ordubadın yamyaşıl bağlarını, Şahbuzun yaylaqlarını bəzəyirsən, əzəməti ilə diqqəti cəlb edən Haçadağı öz rənginə boyayırsan. Sən, göylərin ərməğanı, könüllərin sultanısan. Sənə digər yaz gülləri – novruzgülü, nərgiz də qonşuluq edir. Zərif qoxun, boynubüküklüyünün arxasındakı məğrurluğun ilə bütün insanların sevimlisisən. Uşaqlar, uşaqlaşan böyüklər də sənə heyran qalır, çiçəklərindən özlərinə tac toxuyurlar. Əllərdə bənövşə dəstələri, üzlərdə gülüş rəqs edir, mahnı oxuyur, əylənirlər. Yaz fəslinin gözəlliyi də elə bunda deyilmi? Uşaqlar doymaq bilmədən “Bənövşə – bəndə düşə, Sizdən bizə kim düşə?” oynayır, əylənirlər. Bənövşə, gözəlliyinlə yanaşı, faydanla da seçilirsən. Toxumun, kökün, yarpağın və çiçəklərin müxtəlif xəstəliklərin dərmanıdır. Ünün, avazın quşlara da yetir. Sənin ətrin, onların nəğmələri yaza ayrı bir gözəllik qatır. Çox vaxt payız fəslində də xəzəllərin arasından boylanır, payıza əlvan rəng qatırsan, ətrin Cənnəti xatırladır. Bu il özündə, sanki torpaqlarımızın azadlığı və müstəqilliyi uğrunda canını qurban vermiş şəhidlərimizin ətrini saxlayırsan. Təsadüfi deyil ki, şəhidlərimizin xatirəsinin və qəhrəman ordumuzun zəfər simvolu sayılan xarı bülbülün nişanəsində də bənövşəyi rəng öz əksini tapır. Qırmızı və mavi rəngin birliyindən yaranan bu rəng özgüvən, inam, sadəlik, dözümlülük rəmzidir. Bu gün sevincliyəm ki, işğaldan azad edilən torpaqlarımızda xarı bülbüllə yanaşı, bənövşələr də bitəcək. Doğma Qarabağımızdan bənövşə ətri gələcək.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR