Azərbaycan Gənclər Fondu, Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqı və “Enactus Azərbaycan”ın təşkilatçılığı ilə Enactus Onlayn Sahibkarlıq müsabiqəsi keçirilib.
Ölkəmizin 19 ali təhsil müəssisəsi komandasının iştirak etdiyi müsabiqə “Zoom” platforması vasitəsilə onlayn şəkildə baş tutub. Komandalar onlara ayrılan vaxt çərçivəsində öz layihələrini videoformatda təqdim ediblər. Münsiflər heyətinin qərarı ilə Naxçıvan Dövlət Universitetinin “Enactus” komandasının təqdim etdiyi layihə müsabiqənin qalibi olub. Dövlət Gömrük Komitəsinin Akademiyası II, Azərbaycan Tibb Universitetinin komandası isə III yerə layiq görülüb.
Qeyd edək ki, layihənin məqsədi sənaye müəssisələrində tullantıları nisbətən azaltmaq və bununla da hədəf auditoriyası və komanda üçün gəlir əldə olunmasını təmin etməkdir. Layihə müəllifləri belə hesab edirlər ki, bəzi hallarda sənaye müəssisələri üçün tullantı hesab olunan maddələr digər bir sahədə istifadə ediləcək xammal ola bilər. İkiillik fəaliyyətləri ərzində komanda layihəyə 480 saat vaxt sərf etməklə sənətkarlar üçün yeni iqtisadi imkanlar yaratdı. 70 sənətkarın cəlb edildiyi ilkin mərhələdə ümumi dəyəri 6800 manat olan 4021 ədəd əl işinin satışı reallaşdırıldı. Onların ailə gəlirlərinin 45-50 faiz artırılmasına nail olunan layihədə “Enactus” komandası da ümumi gəlirin 10 faizini əldə etməklə 680 manat həcmində gəlirə sahib oldu.
Məlumat üçün onu da bildirək ki, “Enactus” komandası 2008-ci ildən fəaliyyət göstərir. 2010, 2011 və 2014-cü illərdə milli çempionatın qalibi olaraq ölkəmizi ABŞ, Malayziya və Çində təmsil edib.
Naxçıvan Dövlət Universitetinin Televiziya,
mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi