Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” 2016-2020-ci illərdə icrası uğurla həyata keçirilən Dövlət proqramının davamı kimi mühüm əhəmiyyətə malikdir. Yeni Dövlət proqramında nəzərdə tutulmuş tapşırıqların icrası sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbinin, onların cəmiyyətə inteqrasiyasının, inklüziv və distant təhsil imkanlarının təkmilləşdirilməsinin davamlılığını təmin edəcəkdir.
Qarşıya qoyulan vəzifələrin uğurla icra olunması nəticəsində autizmli uşaqlar da digər uşaqlar kimi hər zaman dövlətin qayğısı ilə əhatə olunmuşdurlar.Autizm erkən yaş dövründə başlayan sosial münasibətlər və ünsiyyət sferasında problemin olması ilə özünü göstərən ümumi inkişaf problemidir. Bu haqda çox fikirlər söylənsə də, səbəbi elmə hələ də tam bəlli deyil. Dünya tarixində autizmə ilk olaraq 1700-cü illərdə Fransada rast gəlinmişdir. 12-13 yaşlarında bir uşaqda autizm əlamətləri görülmüşdür. Lakin, “autizm” sözü ilk olaraq 1911-ci ildə İsveçrəli psixiatr E.Blenler tərəfindən söylənilmişdir. Dəqiq olaraq isə ilk dəfə 1943-cü ildə Amerikalı psixiatr Leo Kanner tərəfindən autizm sindromu haqqında məlumat verilib. O, 11 uşaqda gördüyü oxşar xüsusiyyətləri bildirərək buna “Erkən uşaqlıq autizmi” adını vermişdir. 1944-cü ildə isə Avstraliyalı psixiatr Hans Asperger də bir qrup uşaqda gördüyü bəzi davranışları təsbit etmiş və Asperger sindromu haqda məlumat vermişdir. O vaxta qədər autizm “uşaqlıq şizofreni” kimi başa düşülürdü. Autizimin əlamətləri əsasən iki yaşından etibarən özünü göstərərək, özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzəhür edir. Autizmli uşaqlar sanki heç kəsi görmür, səsə qarşı reaksiya vermir. Bəziləri ata, ana qayğısından imtina edir, sevilməkdən, qucağa alınmaqdan xoşu gəlmir. Amma bəzi hallarda isə əksinə ola bilər. Bu uşaqlar ətrafında olan insanlara yoxmuş kimi davranır, çağırıldığında dönüb baxmırlar. Ona görə də əksər valideynlər uşaqların eşitməsində problem olduğunu düşünürlər. Göz təması qura bilməmək, qrup şəklində oyun oynamamaq, sosial qaydalara riayət etməmək kimi xüsusiyyətlər, autist uşaqlardakı sosial çatışmazlığın göstəriciləridir.
Autizmli uşaqların yerində yellənmək, əl çalmaq, əllərini çırpmaq, irəli geri hərəkət etmək kimi streotip hərəkətləri vardır. Bunların bəziləri zamanla, bəziləri isə təlim nəticəsində aradan qaldırılır.
Autizmin ən çox müşahidə olunan xüsusiyyətlərindən biri nitqin olmaması və ya ünsiyyət məqsədilə istifadə olmamasıdır. Autist uşaqların təxminən 30 faizi həyatı boyu danışmır. Bəziləri isə ancaq 1-2 sözlə məhdudlaşır. Danışıq bacarığını qazanmayan autizmli uşaqların bir çoxu müəyyən bir dövrə qədər ehtiyaclarını qışqıraraq, ağlayaraq ifadə edir. Daha sonra nəisə istədikdə böyüklərdən birinin əlindən tutaraq və ya əl-qol hərəkətləri ilə başa salmağa çalışırlar. Məsələn: Qapının açılmasını istədiyi zaman yanında olanların birinin əlini tutaraq qapıya tərəf aparır.
Autizmli uşaqların əksəriyyətində nitq exolaliya şəklində yaranır. Exolaliya-uşaqların eşitdiklərini eyni səs tonu ilə təkrarlanmasıdır. Məsələn: Adın nədir? soruşanda o da Adın nədir deyə cümləni eyni ilə təkrarlayır. Exolaliyanın autik uşaqlarda 3 yaşdan sonra artması müşahidə olunur. Təlimlər nəticəsində exolaliyanın azalması mümkündür.
Muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərə daim diqqət və qayğı göstərilir. Onların sosial reabilitasiyası ilə bağlı tədbirlərin əhatə dairəsi genişlənməkdə davam edir. Həyata keçirilən tədbirlər bu kateqoriyadan olan uşaqların sosiallaşmasına, sağlam həyat tərzinə, təhsilə maraqlarının artmasına, bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə şərait yaradır. Sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilə cəlbi onların cəmiyyətə inteqrasiyasının ilkin mərhələlərindən biri hesab olunur. Onların məktəbəqədər təhsil müəssisələrinə cəlb edilməsi onların sosial, estetik inkişafına, zəruri həyati bacarıqlara, milli və ümumbəşəri dəyərlərə yiyələnmələrinə şərait yaradır. Bu kateqoriyadan olan uşaqların idrak fəaliyyəti, nitq, davranış və şəxsiyyət problemlərinin aradan qaldırılmasında asudə vaxtlarının səmərəli təşkili müstəsna əhəmiyyət daşıyır. Belə ki, muxtar respublikada mütəmadi olaraq sağlamlıq imkanları məhdud uşaqlar üçün tədbirlər, bilik yarışları, onların istedad və bacarıqlarının üzə çıxarılması üçün yaradıcılıq müsabiqələri təşkil olunur.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində də bu kateqoriyadan olan uşaqlarla mütəxəssislər tərəfindən təlimlər aparılır. Mərkəzdə fəaliyyət göstərən Defektoloji bölmə, Təlim-bərpa otağı, Əmək terapiyası, Musiqi terapiyası, Kinnect oyunlar otağına sağlamlıq imkanları məhdud uşaqlar cəlb edilir ki, həmin bölmələrdə mütəxəssislər xüsusi proqramlar əsasında təlimlər keçirlər. Belə ki, Təlim-bərpa otağında uşaqların psixoloji bacarıqları inkişaf etdirilir. Bu bacarıqlar inkişaf etdikcə uşaqlarda nitq yaranmağa başlayır. Nitqin exolaliya şəklində deyil, ünsiyyət xarakterli olması üçün isə defektoloji bölməyə cəlb edilən uşaqlar bu bacarıqlara mükəmməl şəkildə yiyələnirlər. Uşaqların istedad və kiçik motorika bacarıqlarının inkişafı üçün Musiqi terapiyası və Əmək terapiyası otağında dərslər keçirilir. Autizmli uşaqların çətinlik çəkdiyi sosial və ünsiyyət bacarıqlarının inkişafı üçün qrup dərsləri təşkil edilir.
Sonda onuda qeyd edim ki, autizim xəstəlik deyil, fərqlilikdir. Bütün uşaqlar kimi onların da hər zaman qayğı və sevgiyə ehtiyacı var.
Ağabəyim BAĞIROVA
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional
İnformasiya Mərkəzinin müəllim-psixoloqu