Bakı şəhərində “Nizami Gəncəvi ili”nə həsr edilmiş gənclər arasında “Xəmsə” milli intellektual oyunu üzrə XIII Azərbaycan çempionatı keçirilib. Gənclərin İntellektual İnkişaf Mərkəzi tərəfindən keçirilən növbəti çempionat 5-8 aprel tarixlərini əhatə edib. Naxçıvan Muxtar Respublikasını yarışda “Diplomat” komandası təmsil edib. Televiziya formatında keçirilən çempionatda qrup oyunları və yarımfinal mərhələsini uğurla tamamlayan təmsilçilərimiz finala vəsiqə qazanıblar. Komandamız həlledici mərhələdə də uğurla çıxış edərək mükafatçılar sırasına düşməyi bacarıb.
Ümumilikdə, 4900 xal toplayan “Diplomat” yekun nəticələrə əsasən çempionatı ikinci sırada tamamlayıb. Abşeronun “Golden” komandası birinci pilləyə layiq görülüb. “Diamond are forever” isə üçüncü olub. Komandamızın heyətində “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin dekan müavini Tural Məmmədzadə və Naxçıvan Dövlət Universitetinin tələbələri Qulu Əlisoy, Əli Əliyev, Fərid Hacıyev, Zamin İbrahimov mübarizə aparıblar. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov muxtar respublikanı təmsil edən nümayəndə heyətinin məsul şəxsi kimi iştirak edib.
Qeyd edək ki, komandalarımız “Xəmsə” milli intellektual oyunu üzrə ölkə çempionatlarında davamlı olaraq təmsil edilir. “Diplomat” komandası qaliblər sırasına düşməklə, muxtar respublikamızı təmsil edən ən uğurlu komanda kimi adını çempionat tarixinə yazdırıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti