Aprelin 1-də şahmat üzrə “Naxçıvan Premium Turniri”nin mükafatlandırma mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov çıxış edərək deyib ki, pandemiya dövründə Şahmat Federasiyasının da proqramında müəyyən dəyişikliklər edilib. Lakin Naxçıvan Muxtar Respublikası regionda pandemiyanın ən az yayıldığı yerdir. Federasiya bu müddət ərzində onlayn yarışlar və tədbirlər keçirərək şahmatçıların sevimli idman növlərindən kənar qalmamasını təmin edib.
Seymur Talıbov qeyd edib ki, federasiyanın bu turniri keçirməsində məqsədi şahmatçıların müstəqil olaraq qərar vermələrini, onların böyük yarışlara, turnirlərə hazırlanmasını, eyni zamanda onların yarış təcrübələrinin artırılmasını təmin etməkdən ibarət olub. 12 ən yaxşı şahmatçı bu turnirdə nəyə qadir olduğunu göstərib. Təbii ki, idmançıların bu səviyyədə yetişdirilməsi, onların bu sahədə uğur qazanması Ali Məclis Sədrinin idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri turnirdə mübarizə aparan şahmatçıları təbrik edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini Emin Hacıyev çıxış edərək turnir haqqında məlumat verib. Bildirilib ki, cari ilin yanvar ayının 8-də keçirilən federasiyanın yığıncağıda irəli sürülən təklifə əsasən bu turnir keçirilib. Turnirdə iştirak edən zəka sahibləri öncə fevral ayında keçirilən yarışlarda mübarizə aparıb və burada iştirak etmək hüququ qazanıblar. Belə ki, muxtar respublikanın 5 titullu şahmatçısı ilə yanaşı 7 seçilmiş şahmatçı “Naxçıvan Premium Turniri”ndə iştirak edib. Bu turnir digərlərindən bir çox xüsusiyyətlərinə görə fərqlənib. Xüsusilə ona görə ki, keçirilən turnirdə bir çox şahmatçı 1700, bəziləri isə 1800 əmsalını keçməyə müvəffəq olub. Digər tərəfdən keçirilən bütün görüşlər chess.nax.az və chess24.com saytlarından canlı yayımlanıb. Naxçıvanda şahmatın inkişafı, kütləvi hal alması muxtar respublika rəhbərinin adı ilə bağlıdır. Diyarımızın ən ucqar kəndlərində şahmat dərsləri tədris olunur, ən kiçik rayonumuzda belə dünya standartlarına cavab verən şahmat məktəbləri fəaliyyət göstərir. Eyni zamanda 3 idmançımız Ali Məclis Sədrinin xüsusi təqaüdünə layiq görülüb.
Qeyd edək ki, turnirin yekun nəticəsinə əsasən, 11 turdan 9 xal toplayan Urfan Sevdimalıyev ilk dəfə təşkil olunan “Naxçıvan Premium Turniri”nin qalibi adını qazanıb. Eyni xal toplayan Pərviz Qasımov ikinci, 8 xalla Toğrul Həsənzadə isə üçüncü pillədə qərarlaşıblar.
Tədbirin sonunda qaliblər Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası tərəfindən pul mükafatı və hədiyyələrlə mükafatlandırılıblar. Mükafatları Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov, Gənclər və İdman naziri Azad Cabbarov və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov təqdim ediblər.
Sonda şahmatçılar və qonaqlar üçün qala gecəsi təşkil olunub.
“Şərq qapısı”