Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən “Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri” seriyasından tanınmış dilçi-türkoloq alim, AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Əbülfəz Aman oğlu Quliyevin biobiblioqrafik göstəricisi hazırlanıb. Görkəmli alim, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, Əbülfəz Quliyevin 70 illik yubileyi haqqında AMEA Rəyasət Heyətinin Qərarı ilə nəşrə tövsiyə olunan kitabın elmi redaktoru AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, redaktoru AMEA MEK-in Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızı, tərtibçiləri alimin qızı, filologiya üzrə fəlsəfə doktoru Aliyə Əbülfəzqızı və MEK-in baş biblioqrafi Mahnur Həsənovadır.
Görkəmli pedaqoq Əbülfəz Quliyevin həyat və fəaliyyətinin əsas tarixlərini özündə əks etdirən, 1972-2020-ci illəri əhatə edən biobiblioqrafiyada alimin monoqrafiya və dərslikləri, tərtibçisi olduğu və tərcümə etdiyi kitabları, elmi və elmi kütləvi məqalələri, elmi rəhbərlik və opponentlik etdiyi dissertasiyalar, Azərbaycan və türk dillərinin tarixini geniş təbliğ edən müxtəlif konfrans, simpozium, elmi seminarlarda etdiyi çıxış və məruzələri öz əksini tapıb. Həmçinin göstəriciyə alimin həyat və fəaliyyətinin əsas tarixləri, ictimai və elmi-pedaqoji fəaliyyəti haqqında üç dildə qısa oçerk daxil edilib.
Biobiblioqrafik göstəricidə materiallar xronoloji qaydada, əlifba sırası ilə və çap olunduğu dillərə görə qruplaşdırılıb. Kitabın sonunda göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə soraq-axtarış aparatı tərtib edilib.
AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti