22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda hər bir sahə kimi, idman sahəsinə də böyük dövlət qayğısı göstərilir. Bunun ifadəsidir ki, Naxçıvan şəhəri və muxtar respublikanın bütün rayonlarında idman avadanlıqları ilə təchiz olunmuş müasir idman obyektləri tikilib, idmançıların və əhalinin istifadəsinə verilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” və 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” diyarımızda idmanın inkişafına, kütləviliyinə nail olmaq, muxtar respublikanın idman potensialını və karyerasını daha da zənginləşdirmək baxımından mühüm əhəmiyyətə malik dövlət sənədləridir.

Bəs yaradılmış bütün bu şəraitdən necə istifadə olunmalıdır ki, yüksək səviyyədə peşəkar idmançılar və ümumilikdə, idmanla düzgün məşğul olan sağlam nəsil yetişdirə bilək. Uşaqlar nə vaxt və necə idmanla məşğul olmalıdırlar?
Əgər biz tam sağlam, dünyagörüşlü, müasir dövrün standartlarına cavab verən nəsillər yetişdirmək istəyiriksə, ailədə uşaqların əqli, estetik, ümumi tərbiyəsi ilə yanaşı, fiziki inkişafı üçün də şərait yaradılmalıdır. Valideynlər öz uşaqlarının sağlamlığını möhkəmləndirmələrinə, çevik, qüvvətli olmalarına kömək etməlidirlər. Amma unutmaq olmaz ki, hər bir sahədə olduğu kimi, idman sahəsində də həddən artıq məşq və düzgün təşkil olunmamış fəaliyyət sağlamlığa yox, əksinə, onu itirməyə, fiziki xəsarətə gətirib çıxara bilər. Dahi Nizami Gəncəvi demişkən: “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verər o da”. Fiziki inkişafın düzgün təşkili üçün fiziki tərbiyə müəllimləri ilə sıx əlaqə saxlanılmalıdır. Həmçinin idmana başlamazdan əvvəl uşağın sağlamlığının yoxlanılması zəruridir. Yalnız bundan sonra uşaq yaşına və orqanizminin tələblərinə uyğun idman növü ilə məşğul ola bilər.
Bir çox mütəxəssisin fikrincə, ailədə uşaqların fiziki tərbiyəsi aşağıda göstərilən forma əsasında təşkil edilir:
1. Səhər gigiyenası, gimnastika məşğələsi 6-7 ümumi inkişafetdirici hərəkətlərdən ibarət olmaqla, hər gün icra edilir;
2. Uşaqların boş vaxtlarında ev şəraiti nəzərə alınmaqla müəllim tərəfindən verilmiş kompleks hərəkət elementləri texnikasının icrası. Bura açıq havada müxtəlif idman alətləri ilə hərəkət, idman oyunları elementləri və müxtəlif oyun forması daxildir;
3. Yorğunluğu çıxarmaq məqsədilə bir neçə kompleks hərəkətlər verilir. Xüsusilə tənəffüslə əlaqədar ümumi inkişafetdirici hərəkətlərdən istifadə olunur.
Kiçikyaşlı uşaqların inkişafında, əsasən, mütəhərrik oyunlardan istifadə edilir. Bu oyunlar uşaqları təkcə fiziki olaraq sağlamlaşdırmır, həm də onlarda Vətənə məhəbbət, kollektivçilik, hərbi bacarıqlar kimi bir çox müsbət keyfiyyətləri aşılayır. Bu səbəbdən uşaqların məktəbəqədər dövrdə və ibtidai sinifdə öz yaşına uyğun mütəhərrik oyunlarla məşğul olması təkcə idman mütəxəssisləri tərəfindən deyil, psixoloqlar tərəfindən də tövsiyə edilir.

1974-cü ildə ümummilli lider Heydər Əliyev idmanın uşaqlar üçün necə əhəmiyyətli olduğunu öz çıxışında, xüsusilə qeyd etmişdir: “Uşaqlar, oğlan və qızlar məhz məktəbdə ümumtəhsil fənləri üzrə bilik əldə etməklə yanaşı, fiziki cəhətdən də inkişaf etməli, orada hər bir oğlan və qıza bütün ömrüboyu bədən tərbiyəsi və idmana məhəbbət bəsləmək duyğusu aşılanmalıdır. Hər bir şagird başa düşməlidir ki, insan fiziki cəhətdən mətinləşmədən nə istehsalatda, nə elmdə, nə də mədəniyyətdə yüksək zirvələr fəth edə bilməz”. Heç şübhəsiz ki, fiziki cəhətdən hazır olmayan bir insan əqli cəhətdən nə qədər inkişaf etmiş olsa da, yenə özündə çatışmazlıq hiss edəcək.
Bəs uşaqlar idmana necə, hansı yaşda və ən əsası hansı idman növü ilə başlamalıdırlar? Bu barədə bir çox müxtəlif dünya təcrübələri mövcuddur. Buna misal olaraq alman təcrübəsini göstərmək olar. Bu, bir qədər yeni təcrübədir. Belə ki, uşaq 14 yaşına qədər üzgüçülük, gimnastika və yüngül atletika ilə məşğul olur, 14 yaşına çatdıqda isə artıq komanda idman növləri və yaxud karate, cüdo, güləş, boks kimi yüksəkgərginlik tələb edən idman növləri arasından seçimini edir. Ümumiyyətlə, kiçik yaşda zədə xarakterli və yaxud həddən artıq orqanizmə ağır gələ biləcək idman növləri ilə məşğul olmaq düzgün hesab edilmir. Düzgün seçilməmiş idman növü azyaşlının əzələ aparatına zərbə vura, nəticədə isə, qısaboyluluq yarana bilər. Həm də kiçik yaşda alınmış zərbə ömürboyu davam edəcək fiziki və əqli qüsurlara gətirib çıxara bilər. Bir çox idman mütəxəssisinin, psixoloqun və həkimin yekdil fikrinə görə, idmanın yaşa uyğun bölgüsü aşağıdakı kimi ola bilər:
İdman növünün başlama yaşı:
Yüngül atletika – 10-12 yaş
Basketbol – 7-8 yaş
Boks – 10 yaş
Velosiped – 10 yaş (professional velosiped nəzərdə tutulur)
Gimnastika – 6-7 yaş
Xizək – 10-11 yaş
Futbol – 6 yaş
Üzgüçülük – 3-4 yaş
Cüdo – 8-10 yaş
Ümumiyyətlə, 10 yaşdan əvvəl boks, ağırlıqqaldırma kimi idman növləri ilə məşğul olmaq məqsədəuyğun hesab olunmur. Çünki bədənə ağırlıq salan bu idman növü zərərli ola bilər. Xüsusilə bu dövrdə uşağın başlayacağı idmana, fiziki quruluşunun uyğun olub-olmadığını nəzərə almaq çox əhəmiyyətlidir.
Gənclik dövrü komanda işinə istiqamətli idman növü uyğundur. Ancaq seçilən idmana bağlı olaraq tək istiqamətli məşqlərin edilməsi doğru deyil. Bu vəziyyət uşağın skelet sistemi üçün mənfi təsir yarada bilər. Çünki skelet sistemi çox həssasdır, böyümə valları deyilən boyuzanma və inkişaf valları yüklənmədən və zədələrdən mənfi təsirlənə bilər. Bunun üçün ailələr uşaqlarının erkən yaşlarından ağırlıqlarla işinə icazə verməməlidir. Bu dövrlərdə ağırlıq və qüvvət məşqləri edilməməlidir. 2-3 yaşlarda qaçma, tutma və tullanma kimi təməl hərəkətləri edə bilirlər. Bu səbəbdən bunları ehtiva edən bağçada qaçma, getmə, rəqs etmə, suda nəzarət altında oynama və təcrübəli şəxslər tərəfindən gimnastika təhsili ola bilər. 4-6 yaşlarda rəqs, üzmə, gimnastika, ip atlama və üçtəkərli velosipedə minmək kimi idmanlar idealdır. 7-10 yaşlarda gimnastika, üzmə, futbol, basketbol, voleybol, həndbol, velosiped, tennis və üzmə kimi idmanlarla əlaqədar təməl təhsilə yönləndirilə bilər. 10 və yuxarı yaşlarda əvvəlki yaşlarda başladıqları idmanları daha mütəşəkkil olaraq etməyə davam edərkən atletizmə, güləşə başlaya bilər. Sonra isə güc tələb edən boks, taekvando və karateyə də keçə bilərlər.
Əgər övladlarımızın professional idmançı kimi yetişməsini istəyiriksə, bu yolun uzun və bir qədər çətin olduğunu dərk etməliyik. Tələskənlik bu işdə xeyir gətirə bilməz. Unutmayın, idman bir mədəniyyətdir, bir həyat tərzidir. Bu yolda verilən qərarlara mütləq diqqət olunmalıdır. Və mütləq bir mütəxəssislə məsləhətləşilməlidir. İdman sağlamlığın rəmzidir! Bunu uğursuzluğa və bədbəxtliyə çevirməyək.

Xatın AĞAYEVA
Naxçıvan Müəllimlər İnstitutunun müəllimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR