Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin qorunması və artırılması istiqamətində sistemli tədbirlər görülür, meliorasiya və irriqasiya işləri diqqətdə saxlanılır. Hər il müasir hidrotexniki qurğular tikilərək istifadəyə verilir, mütərəqqi əkin və suvarma üsullarının tətbiqi ilə torpaqların münbitlik göstəriciləri və su təminatı yaxşılaşdırılır, deqradasiyaya məruz qalan torpaq sahələrinin sahəsi azaldılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi bu istiqamətdə yeni imkanlar yaradıb.
Tədbirlər planında qarşıya deqradasiyaya məruz qalmış torpaq sahələrinin uçotu və xəritələşdirilməsi, torpaqların qida maddələri ilə təminolunma kartoqramlarının yenilənməsi, əkin atlaslarına uyğun ixtisaslaşmanın təşviqi, torpaq örtüyü zədələnmiş ərazilərdə rekultivasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı konkret vəzifələr qoyulub. Yeni dövlət sənədində eroziyaya məruz qalmış ərazilərdə tarlaqoruyucu zolaqların salınması, şoranlığa və şorakətliyə asanlıqla uyğunlaşan bitkilərin əkilib-becərilməsi, az şoranlaşmış torpaqlarda üzümlüklərin, püstə, badam bağlarının salınması, torpaqlardan səmərəli istifadəyə dair maarifləndirmə tədbirlərinin keçirilməsi də nəzərdə tutulub. Belə tədbirlərin həyata keçirilməsi məqsədilə aid qurumlarla razılaşdırılmaqla müvafiq komissiya yaradılaraq iki ay müddətində monitorinqlər aparılıb, müxtəlif amillərin təsiri ilə deqradasiyaya məruz qalmış torpaq sahələri müəyyənləşdirilib. 2021-2025-ci illərdə 8 min hektardan çox torpaq sahəsində şoranlaşma və çəmənləşməyə qarşı, eləcə də digər meliorativ tədbirlər aparılacaqdır.
Torpaqlardan səmərəli istifadə edilməsi məqsədilə onun su, qida, hava və istilik rejimləri düzgün tənzimlənməli, kənd təsərrüfatı bitkilərinin fenoloji və bioloji inkişaf xüsusiyyətlərindən asılı olaraq optimal aqrofon yaradılmalıdır. Lakin torpaqdan düzgün istifadə olunmadıqda onun faydalı xassələri tədricən itərək yüksəkkeyfiyyətli məhsul yetişdirilməsinə imkan vermir. Torpaq üzərində aparılan hər hansı düzgün olmayan əməliyyat yalnız məhsuldarlığın və keyfiyyət göstəricilərinin aşağı düşməsinə deyil, ekoloji tarazlığın pozulmasına, uzun müddət münbitliyin itirilməsinə və sair çatışmazlıqlara da gətirib çıxarır.
Torpaqda üzvi və mineral maddələrin ehtiyatının səviyyəsi, torpağın biotası, torpaq məhlulunun reaksiyası, tərkibindəki su və fiziki xassəsi onun münbitliyinin əsas göstəricisi sayılır. Həmin göstəricilər optimal səviyyədə olanda torpaq münbit hesab edilir. Belə torpaqlarda bitkilər lazımi qida maddələri ilə yaxşı təmin olunduğuna görə onlar normal inkişaf edir və yüksək məhsul verir. Ona görə əkinçilikdə əsas vəzifə bitkilərin torpaq şəraitini yaxşılaşdırmaqla, onların lazımi həyat amilləri, yəni su, qida maddələri, istilik və hava ilə təmin olunmasından ibarətdir. Bu göstəricilərin hər birinin ayrı-ayrılıqda yaxşılaşdırılması üçün müxtəlif tədbirlər mövcuddur. Düzgün və vaxtında aparılan becərmə torpaqdakı mikroorqanizmlərin həyat fəaliyyəti üçün ən yaxşı şərait yaradır. Bununla əlaqədar olaraq torpaqdakı bitki qalıqlarının və çürüntünün parçalanması nəticəsində onların tərkibindəki qida maddələri tədricən mineral birləşmələrə çevrilir və bitkilər tərəfindən asanlıqla mənimsənilir. Bir-biri ilə əlaqədar olan ayrı-ayrı becərmə üsullarının kompleksi elmi əsaslar üzərində müəyyən olunmuş vaxtda ardıcıl surətdə həyata keçirildikdə torpağın münbitliyi xeyli artır.
Torpaqda üzvi maddələrin ehtiyatını artırmaq üçün daha çox “siderat” adı ilə tanınan yaşıl gübrələr verilir. Bitki mənşəli gübrələrə paxlalı bitkilər aiddir. Paxlalı bitkilərin yaşıl kütləsini torpağa çevrilməklə onu üzvi maddələr, azot və digər qida elementləri ilə zənginləşdirmək mümkündür. Muxtar respublikada əkin sahələrinin genişləndirilməsi və bol məhsul istehsalının təmin edilməsi məqsədilə müasir meliorasiya və irriqasiya sistemlərinin qurulması davamlı xarakter alıb. Əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına göstərilən dövlət qayğısı, eləcə də torpaqların münbitliyinin qorunması və yüksəldilməsi tədbirləri sayəsində az məhsuldar və istifadəsiz torpaqlar da əkin dövriyyəsinə cəlb edilib.
Son illərdə muxtar respublikada xeyli mütərəqqi suvarma şəbəkələri və nasos stansiyaları istifadəyə verilib. Kənd təsərrüfatı məhsullarının becərilməsində suvarma üsullarının düzgün seçilməsi, su mənbələrindən səmərəli istifadə edilməsi, məhsuldarlığın artmasına, eyni zamanda suvarma sularına qənaət edilməsinə səbəb olur. Suvarma torpağın əkin qatının fiziki xassələrini yaxşılaşdırır, kimyəvi və mikrobioloji proseslərin istiqamətini artırır, habelə üzvi maddələrin parçalanma və toplanmasını sürətləndirir. Müəyyən torpaq, iqlim, aqrotexniki şəraitdə suyun artıq verilməsi nəinki məhsuldarlığı artırar, əksinə, ziyan verə bilər. Belə ki, normadan artıq verilən su torpaqların şoranlaşmasına, şorakətləşməsinə, bataqlaşmasına, qrunt suyunun səviyyəsinin artmasına səbəb olur. Buna görə də kənd təsərrüfatı bitkilərindən yüksək məhsul əldə edilməsi, torpağın münbitliyinin qorunması məqsədilə əkinçilikdə suvarma suyunun bitkinin ehtiyacı qədər, lazımi miqdarda və vaxtlı-vaxtında verilməsi vacib şərtlərdəndir.
Müxtəlif təbii və antropogen təsirlər nəticəsində torpaqlarda baş verən deqradasiya prosesləri, son nəticədə, münbitliyin azalmasına, məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Muxtar respublikada torpağın münbitliyinin pozulmasına təsir göstərən amillər kimi eroziya, şoranlaşma, şorakətləşməni, bataqlıqlaşmanı, daşlıq və kol-kos basmış sahələri və digərlərini göstərmək olar. Əkinəyararlı torpaq sahələrinin üst münbit qatının yuyulmasında əsas rol oynayan amillərdən biri də külək və eroziyasıdır. Eroziya prosesləri içərisində su eroziyası muxtar respublika ərazisində başqa təbii amillərə nisbətən daha çox nəzərə çarpır. Deqradasiyanı yaradan səbəblər arasında təbii amillərlə yanaşı, antropogen təsirlər də əsas diqqətçəkən məsələlərdən biridir. Belə amillər ətraf mühitə, o cümlədən torpağa təsir göstərən insan fəaliyyətinin müxtəlif formalarını birləşdirir.
Ərazidə torpaq münbitliyinin azalmasına təsir göstərən, qış və yay otlaqlarında heyvanların sistemsiz otarılması hallarını da qeyd etmək olar. Otlaq sahələrində mal-qaranın otarma qaydalarına düzgün əməl edilməməsi və bitki örtüyünün məhv edilməsi səhralaşmanın əmələ gəlməsinin əsas səbəblərindən biridir. Mənfi antropogen amillərə misal kimi, nəzarətsiz suvarma nəticəsində torpaqlarda baş verən irriqasiya eroziyasıdır. Bu proseslər nəticəsində torpaqların üst münbit hissəsi yuyulur, dərin şırım və yarğanlar yaranır, beləliklə də torpaqlar yararsız hala düşür.
Əkin sahələrindən səmərəli istifadə etməklə, torpağın münbitliyinin artırılması və becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi istiqamətində aparılan aqrotexniki tədbirlər içərisində növbəli əkin sistemi xüsusi əhəmiyyət kəsb edir. Əkinlərin növbələşməsinin zəruri səbəbləri vardır. Çünki növbəli əkin zamanı bitkilərin bioloji xüsusiyyətlərindən asılı olaraq aparılan aqrotexniki tədbirlərin, hər bitkinin özündən sonra torpaqda müəyyən miqdar üzvi maddə (bitki qalıqları) saxlaması bu bitkidən sonra əkilmiş başqa bitkinin boy və inkişafına xeyli dərəcədə təsir göstərmiş olur. Elmin və qabaqcıl təcrübələrin nəticələri göstərir ki, iki il dalbadal yonca becərilən sahədə növbəti il əkilən taxıldan daha yüksək və keyfiyyətli məhsul götürmək olar. Yonca iki il ərzində torpağın hər hektarında 300 kiloqramadək, bəzən isə daha çox azot toplayır. Onun kök sistemi torpağın aqrofiziki xüsusiyyətlərini yaxşılaşdırır. Şorlaşmaya meyil göstərən torpaqlarda yoncanın kökləri biodrenaj rolunu oynayır. Ona görə də taxılın ən yaxşı sələfi yoncadır. Yonca, eyni zamanda digər dənli və dənli-sünbüllü bitkilər üçün yaxşı sələfdir.
Torpaqların yaxşılaşdırılması ilə bu gün məşğul olmalıyıq, onu sabaha və ya o biri günə saxlamaq vəziyyəti daha da gərginləşdirər və kapital qoyuluşunu qat-qat artırar. Bu gün hər bir torpaq istifadəçisi torpağın və bitkinin “dilində” danışmağı öyrənməli və onlarla necə davranmağı bacarmalıdır. “Pis torpaq yoxdur, pis təsərrüfatçı var” deyimini həmişə yadda saxlamaq və torpaqların becərilməsinə bu prinsiplərə ciddi əməl edilməsi baxımından yanaşılmalıdır.
Kənd təsərrüfatında əsas istehsal vasitəsi olan torpaq əvəzedilməzdir; torpaq məhduddur, yəni onu böyütmək, çoxaltmaq, artırmaq olmaz; torpağın yerini dəyişmək olmaz; torpağa məxsus xüsusiyyət yalnız onun münbitliyidir. Torpaqlarımızın sağlamlaşdırılması, mühafizəsi, ondan səmərəli istifadə olunması məqsədilə münbitliyinin bərpası və artırılması, habelə ekoloji cəhətdən təmiz və keyfiyyətli, bol məhsul istehsal edilməsi hamımızın müqəddəs və təxirəsalınmaz işidir.
Əli HÜSEYNOV
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı