22 Dekabr 2024, Bazar

Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra dövlət idarəçiliyi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilmiş, dövlət strukturları dünya təcrübəsinə uyğunlaşdırılmış, ümumi inkişafa xidmət edən qurumlar yaradılmışdır. İqtisadiyyat Nazirliyinin yaradılması ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının, o cümlədən struktur islahatlarının mühüm mərhələlərindən biridir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 1 may tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Əmlakı və Ticarət nazirlikləri, Dövlət Anti­inhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi ləğv edilərək onların bazasında İqtisadi İnkişaf Nazirliyi yaradılmış, 2014-cü il 10 aprel tarixli Sərəncama əsasən həmin nazirliyin əsasında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi yaradılmışdır. Ali Məclis Sədrinin 2016-cı il 19 yanvar tarixli Sərəncamına əsasən İqtisadiyyat və Sənaye Nazirliyinin adı dəyişdirilərək İqtisadiyyat Nazirliyi adlandırılmış, 2016-cı il 19 yanvar tarixli Fərmana əsasən Naxçıvan Muxtar Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi ləğv edilərək vəzifə və funksiyaları Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazir­liyinə verilmişdir.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi muxtar respublikada iqtisadi siyasətin həyata keçirilməsində, iqtisadiyyatın ayrı-ayrı sahələrinin, o cümlədən sənayenin inkişafı, iqtisadiyyatın struktur və innovasiya, investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi, sahibkarlığın inkişafı, sahibkarlığa dövlət dəstəyi, istehlak bazarında qiymətlərə nəzarət, dövlət satınalmaları, xarici ticarət əlaqələri, sosial-iqtisadi inkişaf və mənzil-kommunal təsərrüfatı sahələrində dövlət siyasətinin həyata keçirilməsində başlıca rol oynayan mərkəzi icra hakimiyyəti orqanıdır. Bu qurum da hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş, nazirliyin inzibati binası yenidən qurularaq maddi-texniki bazası gücləndirilmişdir. Eyni zamanda nazir­liyin tabeliyindəki qurumlar üçün müasir standartlara uyğun yeni binalar tikilmiş, maddi-texniki bazaları möhkəmləndirilmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün 2008-ci ildə yeni bina tikilərək istifadəyə verilmiş, ən müasir avadanlıqlarla təchiz edilmişdir.

Muxtar respublikada ilk beynəlxalq akkreditasiyalı laboratoriya olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin Mərkəzi Qida Sınaq Laboratoriyası idxal olunan qida məhsullarının beynəlxalq tələblərə uyğun yoxlanılmasını mütəmadi olaraq davam etdirir. Keyfiyyətə nəzarət sisteminin təkmilləşdirilməsi məqsədilə laboratoriyanın beynəlxalq akkreditasiyadan keçirilməsi istiqamətində bütün zəruri tədbirlər görülmüş, beynəlxalq akkreditasiya qurumu tərəfindən cəmiyyətdə monitorinqlər aparılmaqla, akkreditasiyanın müddəti 2023-cü ilədək uzadılmışdır.
Ölkəmizdə, eləcə də muxtar respublikamızda həyata keçirilən iqtisadi inkişaf modelinin strateji istiqamətlərindən biri mövcud təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunmasıdır. Bu da, öz növbəsində, regionların sosial-iqtisadi inkişafı, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı və bir sıra konkret sahələr üzrə mühüm Dövlət proqramlarının qəbul edilməsinə şərait yaratmışdır. Bu mühüm sənədlərin bir çoxu indi də uğurla icra olunur. Buna misal olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı”nı “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nı və “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nı göstərmək olar. Bu proqramların fərqləndirici xüsusiyyətləri onların iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə almaqla və gələcəyə hesablanmaqla hazırlanmışdır.
Ölkədə aparılan ardıcıl və sistemli iqtisadi islahatların ən mühüm istiqamətlərindən birini dövlət əmlakının qorunması və dövlət mülkiyyətinin özəlləşdirilməsi təşkil edir. Dövlətin iqtisadi siyasətinin əsas məqsədlərinə uyğun olaraq muxtar respublikada da özəlləşdirmə prosesi uğurla həyata keçirilməkdədir. Bu istiqamətdə dövlət müəssisələrinin səhmdar cəmiyyətlərə çevrilməsi və özəlləşdirilməsi, cəmiyyətlərin fəaliyyətinin bərpası və ya yeni istehsal və xidmət sahələrinin qurulması, müəssisə, təşkilat və obyektlərin, nəqliyyat vasitələrinin, torpaq sahələrinin özəlləşdirilməsi, dövlət mülkiyyətində olan obyektlərin icarəyə verilməsi, dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadəsinə nəzarət olunması təmin edilmişdir. Dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesi başlandığı dövrdən indiyədək 48 səhmdar cəmiyyət, 4 minə yaxın kiçik müəssisə və obyekt özəlləşdirilmiş, nəticədə, 20 milyon manatdan artıq vəsait qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinə, müəssisə və təşkilatların hesabına köçürülmüşdür.
İqtisadiyyat Nazirliyinin yaradılması sahibkarlığın inkişafına dövlət dəstəyi və onun dövlət tənzimlənməsi tədbirlərinin vahid qurumda birləşdirilməsinin və idarə edilməsinin əsasını qoymuş və sahibkarlığın inkişafını ümumi iqtisadi inkişafın tərkib hissəsinə çevirmişdir. Bu illər ərzində sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikasında sahibkarlığın hüquqi bazası dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirilmişdir. Zəruri hüquqi mühitin formalaşdırılması istiqamətində qəbul edilmiş qanunlar və digər qanunvericilik aktları sahibkarlığın bir sistem halında hüquqi bazasını təşkil etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 7 avqust tarixli Fərmanına əsasən muxtar respublikada sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına köməklik etmək, onlara maliyyə dəstəyi göstərmək və əhalinin məşğulluğunun təmin edilməsinə şərait yaratmaq məqsədilə Sahibkarlığın İnkişafı Fondu yaradılmışdır. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən fondun vəsaitləri sosial-iqtisadi inkişafın prioritet istiqamətləri üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir. 2000-ci ildən ötən dövr ərzində fond tərəfindən 1536 layihənin maliyyələşdirilməsinə 169 milyon 388 min 854 manat güzəştli kreditlər ayrılmışdır. Həmin vəsait sənaye, xidmət, kənd təsərrüfatı təyinatlı sahələrin maliyyələşdirilməsinə yönəldilmişdir.
Sahibkarların fəaliyyətlərinə kənar müdaxilələrin qarşısının alınması, hüquqlarının müdafiəsi məqsədilə Ali Məclis Sədrinin “Sa­hibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” 2002-ci il 30 sentyabr tarixli Fərmanına müvafiq olaraq son illər ərzində sahibkarlar 4313 nəzarət kitabçası ilə təmin edilmiş, nazirlikdə yaradılmış “Qaynar xətt” vasitəsilə sahibkarlıq subyektləri ilə maarifləndirmə istiqamətində işlər aparılmış, onların problemləri öyrənilmiş və nazirliyin səlahiyyətləri daxilində həllinə köməklik göstərilmişdir.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə reklam və kommersiya fəaliyyətləri ilə əlaqədar köməklik göstərilməsi məqsədilə 2004-cü ildə nazirliyin nəzdində “Əl işlərinin, sənət əsərlərinin Sərgi-Satışı və Sahibkarların İnformasiya Mərkəzi” yaradılmışdır. 2011-ci ildən Naxçıvan Biznes Mərkəzi kimi fəaliyyətini davam etdirən müəssisədə sahibkarlıq subyektləri, habelə sənətkarlar tərəfindən istehsal olunan məhsulların nümayişi, satışı, sahibkarlıq subyektlərinin əlaqələrinin və onların məhsullarının satış bazasının genişləndirilməsi, müxtəlif tədbirlərin, beynəlxalq konfransların, forum və seminarların, tədris kurslarının təşkili, sahibkarların maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir.
Kompleks islahatlar birbaşa muxtar respublikada sahibkarlığın inkişafına güclü təkan verən amillərdir. Məhz buna görədir ki, muxtar respublikada kiçik və orta sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətinə çevrilmişdir. Bu gün muxtar respublikada geniş profilə malik sahibkarlıq subyektlərinin fəaliyyət göstərməsi, iş yerlərinin açılması, ümumi daxili məhsul istehsalında özəl bölmənin payının artaraq 88 faizi ötməsi bu siyasətin real bəhrələridir. Belə ki, müstəqillik illərində muxtar respublikada yüksək texnologiyalar əsasında maşınqayırma, metallurgiya, kimya, mədənçıxarma, mebel, yüngül, yeyinti və kənd təsərrüfatı təyinatlı 1051 istehsal və xidmət sahəsinin yaradılmasına nail olunmuşdur. Muxtar respublika rəhbəri hər il ənənəvi olaraq sahibkarlarla görüşür, onların fəaliyyəti ilə maraqlanır, qarşılarına mühüm vəzifə və tapşırıqlar qoyur, bir sıra tövsiyələr verir. Cari il fevralın 27-də Naxçıvan Biznes Mərkəzində sahibkarlarla ­keçirilən görüşdə Ali Məclisin Sədri cənab Vasif Talıbov demişdir: “Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, həqiqi sahibkar olmaq üçün birinci növbədə gərək yaxşı iş qurasan, ikinci növbədə gərək sahibkar kimi ölkənin iqtisadi tərəqqisi üçün səylər göstərəsən, öz nüfuzunu, hörmətini və imicini daim qoruyasan. Dahi şəxsiyyətin tövsiyələri hər bir sahibkar üçün əsas fəaliyyət istiqamətidir. Dövlətimiz üzərinə düşən vəzifələri yerinə yetirir. Sahibkarlar da dövlət qarşısında öhdəliklərinə əməl etməli, istehsal və xidmət müəssisələrində təhlükəsiz və sağlam əmək şəraiti yaradılmalı, mövcud imkanlar düzgün qiymətləndirilməli və ümumi inkişafa töhfə verilməlidir”.
Artıq muxtar respublikada fəaliyyəti bərpa edilmiş və ya yenidən qurulmuş istehsal müəssisələrində 127 növdə, 608 çeşiddə ərzaq, 257 növdə, 925 çeşiddə qeyri-ərzaq olmaqla, cəmi 384 növdə, 1533 çeşiddə məhsul istehsal olunur. İstehsal edilən 108 növdə ərzaq, 242 növdə qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi idxaldan asılılığın ciddi şəkildə azaldılmasına, əhalinin tələbatının keyfiyyətli məhsullarla ödənilməsinə şərait yaratmışdır.
Muxtar respublikamızda sahibkar­lığın inkişafına yaradılmış şərait məhsul ixracını da stimullaşdırıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 6 fevral tarixli Sərəncamı ilə muxtar respublikanın ixrac potensialının artırılması və ixraca dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə 2020-ci ilin Naxçıvan Muxtar Respublikasında “İxrac ili” elan edilməsi, 2021-ci ilində “İxrac ili” kimi saxlanılması, 2020-ci il 6 mart tarixli Sərəncamla təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması ilə bağlı Tədbirlər Planı” muxtar respublikada iqtisadi strategiyanın sahibkarlıq subyektlərinin əlaqələrinin inkişaf etdirilməsinə, istehsal olunan məhsulların ixrac imkanlarının artırılmasına yönəl­dildiyini bir daha təsdiq edir.
2004-2010-cu illərdə təşkil edilən Azərbaycan-Türkiyə biznes-forumları, 2014-cü ildə 75 xarici şirkətin və 120-dən çox yerli sahibkarın iştirakı ilə Naxçıvan şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü biznes forumu və Türkdilli Dövlətlərin Biznes Şurasının 3-cü toplantısı muxtar respublikanın iqtisadi həyatında əlamətdar hadisələrdəndir. Ümumilikdə, 2020-2021-ci ilin ötən dövrü ərzində 50-dən çox ölkədə keçirilmiş 378 tədbirdə 1887 halda sahibkarlıq subyektlərinin 1987 nümayəndəsinin iştirakı təmin edilmişdir.
Ümumi iqtisadi inkişafa təsir göstərən amillərdən biri də yüksək­keyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsidir. Bu gün muxtar respublikada fəaliyyət göstərən 40-a yaxın ixrac potensiallı müəssisədə ixracyönümlü məhsullar istehsal edilir. ABŞ, Çin, BƏƏ, Rusiya, Türkiyə, İran, Ukrayna, Qazaxıstan, Türkmənistan kimi ölkələrə elektrik enerjisi, mineral sular, daş məhsulları, tikinti materialları, tütün məmulatları, mebel məhsulları ixrac olunur. Muxtar respublikada sahibkarlıq fəaliyyəti və ticarət üçün yaradılmış münbit şəraitin nəticəsi olaraq xarici ticarət əlaqələrinin coğrafiyası daha da genişlənmiş və 2009-cu ildən başlayaraq xarici ticarətdə müsbət saldo yaranmışdır.
Daha bir islahat tədbiri isə 2016-cı ildən etibarən investisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi, sərmayə qoyuluşunun stimullaşdırılması məqsədilə sahibkarlara investisiya təşviqi sənədlərinin verilməsidir. Ümumilikdə, 2016-cı ildən etibarən 16 layihə üzrə 72 milyon 773 min 113 manat məbləğində investisiya təşviqi sənədi, 56 ixrac əməliyyatı üzrə isə 119 min 366 manat ixrac təşviqinin ödənilməsi həyata keçirilmişdir.
Dünya təcrübəsinin mənimsənilməsi, peşə və bilik səviyyəsinin artırılması məqsədilə Türkiyə, Almaniya, Sinqapur, Misir, Koreya, Hindistan, Belarus, Latviya, Bolqarıstan, Estoniya, İspaniya, İtaliya kimi ölkələrdə keçirilən ixtisas­artırma kurslarında nazirliyin əməkdaşları və sahibkarlar iştirak etmişlər.
İqtisadiyyatın bütün sahələrində aparılan islahatların qısa zaman kəsiyi ərzində verdiyi çoxsaylı müsbət nəticələr bir daha muxtar respublikada əzmlə həyata keçirilən iqtisadi siyasətin düzgünlüyünü sübut edir.

Yaradılmasının 20 ili tamam olan Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin kollektivi də məhz muxtar respublikamızın inkişaf və tərəqqisi naminə Ali Məclis Sədrinin həyata keçirdiyi irimiqyaslı tədbirlərə öz töhfəsini vermək üçün qarşıya qoyulan vəzifələri uğurla icra edir. Kollektiv bundan sonra da verilən tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün bütün səy və bacarığını əsirgəməyəcəkdir.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR