Dünən Gənclər Fondunun dəstəyi, Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatının təşkilatçılığı ilə ölkənin digər regionlarından və xarici ölkələrdən universitetdə təhsil alan tələbələrin Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinə ekskursiyası təşkil olunub.
Gənclər Fondunun əməkdaşı Çingiz Ağayev və Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatının sədri Əziz Qasımov çıxış edərək dövlət qayğısı nəticəsində gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların inkişafı və öyrənməsi üçün görülən işlərin önəmindən danışıblar. Ekskursiyanın gənclərin Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi ilə tanış olmaları və gənclərin asudə vaxtının mənalı təşkili məqsədilə keçirildiyi qeyd edilib.
Sonra gənclər Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində yaradılmış istirahət və xizək mərkəzi ilə yaxından tanış olublar. Məlumat verilib ki, Ağbulaq kəndinin təbiəti, havası və müasir infrastrukturu kənddə ilin bütün fəsillərində turizmin inkişafı üçün geniş imkanlar açır. Buna görə kənddə Ağbulaq İstirahət Mərkəzi yaradılmış, qış turizminin inkişafı sahəsindəki imkanları nəzərə alınaraq dağ-xizək mərkəzi qurulmuşdur. Vurğulanmışdır ki, bu gün həyata keçirilən tədbirlər Ağbulaq kəndini təkcə muxtar respublikada deyil, ölkəmizdə və dünyada tanıtmaqdadır.
Gənclər istirahət mərkəzində əyləncəli oyunlar oynayıb, kanat yolu vasitəsilə Ağbulaq kəndinin əsrarəngiz gözəlliyini səmadan izləmək şansı əldə ediblər.
Qeyd edək ki, ekskursiyada 50 fəal gənc iştirak edib, onlar üçün çay süfrəsi də təşkil olunub.
Xəbərlər şöbəsi