Dünən Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrı Rayon Mədəniyyət Sarayında İftixar Piriyevin “Qanlı qızıl toy” əsəri əsasında hazırladığı tamaşanı rayon ictimaiyyətinə təqdim edib.
1964-cü ildən fəaliyyət göstərən Ordubad Rayon Xalq Teatrı muxtar respublikanın ilk xalq teatrı kimi zəngin repertuarı ilə hər zaman teatrsevərlərin rəğbətini qazanmış, teatr sənətinin inkişafına dəyərli töhfələr vermişdir. Özünəməxsus yaradıcılıq ənənələri olan teatr muxtar respublikada keçirilən mədəni tədbirlərdə uğurlu çıxışları ilə yadda qalmış, xalq teatrları muxtar respublika festivallarında iştirak edərək diplomlarla mükafatlandırılmışdır. 1989-cu ildə yaradılmasının 25 illiyi ilə əlaqədar “Naxçıvan Muxtar Respublikasının Əməkdar kollektivi” fəxri adına layiq görülmüşdür.
Təqdim olunan yeni səhnə əsəri ötən əsrin 90-cı illərində baş vermiş hadisələrdən və Şuşanın işğalından bəhs edir. Əsərdə II Dünya müharibəsində Berlinə qədər döyüş yolu keçərək qəhrəmanlıq göstərən Şuşa sakini Osman kişinin timsalında humanist duyğular aşılayan ilahi eşq əsas motivi təşkil edir.
Tamaşanın quruluşçu rejissoru Nadir Məhərrəmov, rejissoru Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Günəş Ağayeva, rəssamı Hikmət Əliyev, musiqi tərtibatçısı Qasım Rəsulovdur. Rolları Davud Məmmədov, Süqarə Mirzəli, Rəcəb Quliyev, Nağı Əlisoy və digərləri canlandırıblar. Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrı əsərin ideyasına əsaslanaraq vətənpərvərlik və humanizm hissləri aşılayan psixoloji dram janrında tamaşa yaratmağa nail olub.
Yeni səhnə əsəri rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət
Nazirliyinin mətbuat xidməti