Ali təhsil ocağının “Xalq Çalğı Alətləri” kafedrasında hesabat konserti keçirilib. Konsertdə xalq və bəstəkar mahnıları ifa edilib. Müəllim və tələbələrin ifasında səsləndirilən konsertin bədii rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aynurə Quliyeva olub. Konsertdə Şəfiqə Axundovanın “Həsrətindən”, Süleyman Əsgərovun “Şalaxo”, Səid Rüstəmovun “Qaytağı”, Vasif Adıgözəlovun “Xoşum gəlir”, Tofiq Bakıxanovun “Görüş yeri”, Cahangir Cahangirovun bəstəkarı olduqları “Lirik mahnı” musiqiləri tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib. Fakültənin müəllim və tələbələrindən ibarət “Misri saz çalanlar” ansamblının ifasında “Koroğlu Dubeytisi,Cəngi Koroğlu” mahnısı səsləndirilib.
“Xalq Çalğı Alətləri” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aynurə Quliyeva kafedranın fəaliyyəti haqda danışıb. Qeyd edilib ki, Xalq çalğı alətləri kafedrası 2008-ci ildə “İfaçılıq” kafedrasının bazası əsasında yaradılıb.
Hesabat konserti ilə bağlı öz fikirlərini, təkliflərini səsləndirən müəllimlər tələbələrə uğurlar arzulayıblar.
Sonda universitetin rektoru Elbrus İsayev konsertlə bağlı xoş təəssüratlarını bölüşüb. Tələbələrin öz müəllimləriylə birgə çıxışı yüksək qiymətləndirilib. Konservatoriyanın bütün tədbirlərdə yüksək fəaliyyətini qiymətləndirən rektor müəllim və tələbələri təbrik edib, konsertdə fəal iştirak edən hər kəsə öz təşəkkürünü bildirib.
Etibar Dərbəndəliyev “Jurnalistika” ixtisası üzrə III kurs tələbəsi