“Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2015-ci il 14 mart tarixli Sərəncamına əsasən təşkil olunan nümunəvi dərslər ölkəmizin intellektual gələcəyi naminə atılan məqsədyönlü addımdır. Qeyd edək ki, ali təhsil müəssisələri, elm ocaqları tərəfindən bu cür dərslərin keçirilməsi artıq ənənə halını alıb.
Növbəti belə dərs universitetin rektoru, dosent Nurlana Əliyeva tərəfindən keçirilib. Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə “Aşıq Ələsgər - 200” mövzusunda keçirilən dərs şagirdlər tərəfindən maraqla qarşılanıb.
Dərsdə qeyd olunub ki, Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə diqqətlə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilib. 2021-ci ildə isə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 18 fevral 2021-ci ildə “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalanmışdır. Rektor deyib ki, adıçəkilən sərəncam ədəbiyyatımıza göstərilən diqqət və qayğının bariz ifadəsidir.
Aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin həyat yolu, zəngin irsi haqqında geniş məlumatın verildiyi dərsin sonunda şagirdləri maraqlandıran suallara da aydınlıq gətirilib.