30 Aprel 2024, Çərşənbə axşamı

Dünən “Məktəblilərin dram müsabiqəsi”nin yekununa həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək təhsilə göstərilən dövlət qayğısından danışıb. Vurğulanıb ki, 2021-ci il yanvarın 11-dən başlayaraq 3 mərhələdə keçirilən “Məktəblilərin dram müsabiqəsi”ndə 170 məktəb üzrə 1400-ə yaxın şagird iştirak etmişdir. Əsərlərdən səhnələşdirilən parçalar münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir. Şagirdlərin hazırladıqları səhnələrin tərtibatı, əsərdəki dövrlə səsləşən geyim və aksesuarlardan istifadə etmələri, əsərlərin mahiyyəti və ideyasını tamaşaçıya çatdıra bilmələri, dialoq və kompozisiyaları canlı ifa etmələri onu deməyə əsas verir ki, müsabiqə böyük marağa səbəb olmuş və müsabiqəyə hazırlıq yüksək səviyyədə təşkil edilmişdir.

Təhsil naziri ümumtəhsil məktəblərində və məktəbdənkənar təhsil müəssisələrində şagirdlərin istedad və bacarıqlarının üzə çıxarılması üçün yaratdığı əlverişli şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Mədəniyyət naziri Natəvan Qədimova qeyd edib ki, bu gün muxtar respublikada teatrların fəaliyyətinə hərtərəfli dövlət qayğısı göstərilir. Son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Hazırda muxtar respublikada fəaliyyət göstərən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, bölgələrdə fəaliyyət göstərən 5 xalq teatrı tamaşaçıların asudə vaxtlarının mənalı təşkilində əhəmiyyətli rol oynayır.
Mədəniyyət naziri bildirib ki, “Məktəblilərin dram müsabiqəsi” bundan sonra da şagirdlərin kitab mütaliəsinə marağının artmasına, onların bədii-estetik zövqünün və bədii qiraət bacarığının formalaşmasına, nəhayət, muxtar diyarımızda teatr sənətinə olan marağın güclənməsinə dəyərli töhfə olacaqdır.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev çıxışında diqqətə çatdırıb ki, şagirdlər arasında keçirilən “Məktəblilərin dram müsabiqəsi”, “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan əsərlərin məktəblilər tərəfindən mütaliə olunması, eləcə də həmin əsərlərdən parçaların səhnələşdirilməsi şagirdlərin bacarıq və istedadını üzə çıxarır.
“Məktəblilərin dram müsabiqəsi”ndə Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzinin dərnək üzvlərinin hazırladığı Milli Qəhrəman Polad Həşimovun əziz xatirəsinə həsr olunmuş səhnəcik III yerin, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının hazırladığı Mirvari Dilbazinin “Xocalı fəryadı” əsəri II yerin, Culfa rayon Qızılca kənd tam orta məktəbin şagirdlərinin hazırladığı Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” əsəri isə I yerin qalibi olub. Qaliblər təşkilatçılar tərəfindən plaket və oxunması zəruri olan kitablarla mükafatlandırılıblar. Həmçinin müsabiqə müddətində aktyorluq bacarığı ilə fərqlənən 14 şagird də mükafatlandırılıb.
Sonra “Məktəblilərin dram müsabiqəsi”nin seçim mərhələləri ilə bağlı hazırlanan videoçarx təqdim edilib. Tədbirin sonunda müsabiqədə yer tutan səhnəciklərə baxılıb.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR